Kılıç: Türkiyə İsveçin NATO-ya üzvlüyü ilə bağlı irəliləyişə ümid edir

post-img

İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyə ilə alyans arasında yaranan problem yaxın həftələr ərzində öz müsbət həllini tapa bilər. Görünən budur ki, bu istıqamətdə həm Ankara, həm də Stokholm müvafiq addımlar atır. 

İsveç hökuməti bir müddət əvvəl Türkiyəyə hərbi silahların verilməsi ilə bağlı qadağanı aradan götürüb. Bundan başqa, Stokholm Qurani-Kərimə qarşı ictimai yerlərdə hörmətsizlik nümayiş etdirənləri cəzalandırmaq niyyətindədir. Bütün bunlar Türkiyədə məmnunluq do­ğurub.

Təsadüfi deyil ki, Türkiyə Prezi­dentinin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Cağa­tay Kılıç “TRT Xəbər”ə bildirib ki, ölkəsi İsveçin NATO-ya üzvlüyü ilə bağlı irə­liləyişə ümid edir. Müşavir deyib: “İsveç Madrid protokolu üzrə öhdəliklərini yerinə yetirmək üçün ciddi addımlar atıb. Xüsu­silə, bu, hərbi məhsulların tədarükünə aiddir. Ümid edirəm ki, İsveçin yaxın gələcəkdə NATO-ya üzvlüyü ilə bağlı əhəmiyyətli irəliləyişlər olacaq”. 

Qeyd edək ki, dekabrın 26-da Tür­kiyə parlamentinin Beynəlxalq əlaqələr komissiyası səsçoxluğu ilə İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya pro­tokolunu təsdiqləyib. Sənəd alyansın Baş Assambleyasının səsverməsinə çıxarılıb. 

Lakin Prezident R.T.Ərdoğanın mü­şavirinin sözlərinə görə, İsveçin NATO-ya müraciətinin təsdiqlənməsi məsələsində son sözü, bütövlükdə, Türkiyə parlamenti deyəcək. Yeri gəlmişkən, dünən Türkiyə Böyük Millət Məclisi (TBMM) 2024-cü il büdcəsinin və bir sıra mühüm qanunları qəbul etdikdən sonra qış tətilinə çıxıb. TBMM İsveçin NATO-ya müraciəti ilə bağlı səsvermə proseduruna yanvarın 16-dan sonra başlayacaq. 

Beləliklə, İsveçlə bağlı qərarla əlaqə­dar Türkiyə parlamentində səsvermə ke­çirilməlidir. Qərarın təsdiqi üçün deputat­ların səs çoxluğu tələb olunur. Xatırladaq ki, 600 yerlik TBMM-də Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları çoxluq təşkil etdiyi üçün hakim partiyanın istəyi yekun qərara təsir edəcək.

Türkiyə Prezidentinin müşaviri Akif Cağatay Kılıç dünən jurnalsitlərə müsa­hibəsində Qəzza probleminə də toxunub. Deyib ki,Türkiyə Qəzzadakı böhranın ni­zamlanması üçün Fars körfəzi də daxil olmaqla, region ölkələri ilə sıx əlaqə sax­layır. 

Müşavir bildirib ki, region ölkələri İs­railin hərəkətlərinin regional miqyasda mənfi nəticələrə gətirib çıxarmaması üçün səylər göstərir. Yaxın Şərq regionu Türkiyəni tarixən qonşuları ilə birləşdirir. Bu amil, təbii ki, birgə əməkdaşlığa ehti­yacı diktə edir. 

M.HACIXANLI
XQ

Dünya