“Politiko” Ərdoğanı “Avropanın ən nüfuzlu adamları” sırasına daxil edib

post-img

Amerikanın “Politico” nəşri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “2024-cü ildə Avropanın ən nüfuzlu adamları” sırasına daxil edib. Nəşr gələn il “Avropanın siyasi həyatını formalaşdıracaq” 28 nəfərin siyahısını dərc edib. Məlumatı “Anadolu” yayıb. 

Siyahıdakı bütün şəxslər üç kateqoriyaya bölünür. Türkiyə lideri “işləyənlər” kateqoriyasında beşinci yeri tutub. Nəşrin saytındakı profildə qeyd olunur ki, Ərdoğan uzun müddətdir, özünü “güclü geosiyasi lider” kimi göstərməyə çalışır. Nəşr siyasətçinin 2016-cı ildə uğursuz çevriliş cəhdindən sağ çıxdığını xatırladıb. Materiala görə, Ərdoğan “son vaxtlar iki böyük geosiyasi böhrandan ən çox faydalanıb: Rusiya-Ukrayna müharibəsi və İsraillə HƏMAS arasındakı münaqişə.

Nəşr göstərir ki, Ərdoğan həm Kremllə, həm də Ukrayna prezidentinin administrasiyası ilə əlaqə saxlayan azsaylı siyasətçilərdən biridir. Məqalədə qeyd olunur ki, Türkiyə Prezidenti Rusiya Federasiyası ilə Ukrayna arasında silahlı münaqişənin sülh yolu ilə həllində vasitəçilik rolunu öz üzərinə götürüb.

Türkiyə dövlət başçısının Qara Dəniz Taxıl Təşəbbüsünün müəllifi olduğu və taxıl sazişinin müddətinin uzadılması üçün mühüm səylər göstərdiyi də xüsusilə vurğulanıb.

Türkiyə Prezidentinin İsraillə HƏMAS arasındakı münaqişə fonunda vasitəçilik missiyasını üzərinə götürdüyü də qeyd edilir. Nəşr yazır ki, Ərdoğan İsrail Prezidenti İsaak Hersoq, Fələstin Prezidenti Mahmud Abbas, eləcə də Misir, Livan və Qətər liderləri ilə təmaslar yolu ilə vəziyyətin deeskalasiyasına nail olmaq istəyib.

“Politico” qeyd edir ki, vəziyyətə uyğun olaraq, Ərdoğan Fələstin tərəfdarı kimi mövqe nümayiş etdirib, İsraili “işğalçı” adlandırıb və “Qəzza qətliamının əsl günahkarı Qərbdir” deyib.

Nəşr, eyni zamanda, yazır ki, Ərdoğan “özünü Avropa İttifaqının orbitinə qaytarmağa çalışıb” və Türkiyənin Aİ-yə üzvlük prosesini “durğun vəziyyətdən” çıxarmaq üçün İsveçin NATO-ya daxil olması məsələsindən “istifadə edib”. Vurğulanır ki, Türkiyənin Aİ-yə üzvlük məsələsi hazırda masada olmasa da, “Aİ rəsmiləri Ərdoğanla əməkdaşlığı genişləndirmək yollarını axtarırlar”. Bu, “Türkiyə liderinin növbəti geosiyasi qələbəsi” kimi qiymətləndilir.

P.ƏMİRCANOV

XQ

Dünya