Qazaxıstanın Almatı şəhərində yataqxanada baş verən yanğında 13 nəfər həlak olub. Almatı şəhərinin Fövqəladə Hallar Departamentinin məlumatına görə, yanğın barədə yerli vaxtla saat 05:33-də məlumat verilib. Xəbəri “Anadolu” yayıb.
Yanğınsöndürənlər gələn zaman yanğın 3 mərtəbəli yaşayış binasının birinci mərtəbəsi və yataqxanaya çevrilmiş zirzəmisi yanırmış. Yanğın söndürülüb. Yataqxanada əvvəllər 72 nəfər olub, 59 nəfər zirzəmidən çıxa bilib, onlardan 3 nəfəri xəstəxanaya aparılıb.
Almatı akimi (yerli icra hakimiyyəti orqanının rəhbəri) Erbolat Dosayev Qazaxıstan, Özbəkistan və Rusiya vətəndaşlarının öldüyü barədə məlumat verib. Yataqxanada əsasən tələbələr və fəhlələr yaşayıb.
Almatı polis idarəsinin məlumatına görə, “ölən 13 nəfərdən 4-ü əcnəbidir (2-si Rusiya Federasiyası və 2-si Özbəkistan vətəndaşı), 9-u Qazaxıstan vətəndaşıdır. Məhkəmə-tibbi ekspertizası təyin edilib”.
Qazaxıstanın baş naziri Əlixan Smailovun sərəncamı ilə Almatıdakı yataqxanada baş vermiş yanğının səbəblərini və nəticələrinin aradan qaldırılmasını araşdırmaq üçün hökumət komissiyası yaradılıb.
Baş verən yanğınla bağlı cinayət işi açılıb.
P.ƏMİRCANOV
XQ