Türkiyə BMT-nin təsirsiz olduğu yerlərdə həll yolları təklif edir

post-img

Beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası qlobal problemləri həll etməkdə aciz olduqlarını nümayiş etdirir, hətta onları daha da gərginləşdirir. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altunun İspaniya nəşrində dərc olunan məqaləsində deyilir. Məlumatı “Anadolu” verib. 

Məqalədə qeyd edilir ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında BMT-nin uğursuz olduğu yerlərdə həll yolları təklif edir: “Beynəlxalq təşkilatlar yeni əsrin və yeni dövrün işığında, yeni balanslar nəzərə alınmaqla yaradılmalıdır”.

Şöbə müdiri vurğulayıb ki, Ankara Prezident Ərdoğanın səsləndirdiyi “Dünya beşdən çoxdur” tezisinə uyğun olaraq yeni “çoxölçülü” və “çoxaktorlu” beynəlxalq mühitə hazırlaşır.

Onun sözlərinə görə, Türkiyə qlobal və regional problemlərin həlli üçün humanitar və diplomatik kanallardan, eləcə də dövlətlərarası qarşılıqlı fəaliyyətin müasir vasitələrindən, o cümlədən “xalq diplomatiyası”ndan səmərəli istifadə edib: “Son illərdə əldə olunan nailiyyətlər sayəsində Türkiyə beynəlxalq aləmdə nüfuz qazanır və regional məsələlərdə, ilk növbədə, Yaxın Şərq və Qafqazda uğurla oyunçu rolunu oynayır”, - deyə o vurğulayıb.

İsrail-Fələstin münaqişəsi ilə bağlı müəllif qeyd edib ki, Prezident Ərdoğanın rəhbərliyi ilə irəli sürülən “həll yönümlü siyasi mövqe” və problemin humanitar aspektinin vurğulanması bunun əyani sübutudur: “Ukrayna, Qarabağ və digər regional problemlər özünün ikinci əsrinə qədəm qoyan Türkiyə Cümhuriyyətinin öz regionunda əsas oyunçu və lider ölkəyə çevrildiyini açıq şəkildə nümayiş etdirdi”.

P.ƏMİRCANOV

XQ

Dünya