Qəzza zolağında ağır döyüşlərin heç olmasa qısa müddətə dayandırılması və getdikcə ağırlaşan humanitar böhranın qarşısının alınması üçün diplomatik səylər davam edir. Bu istiqamətdə ən çox ABŞ, Türkiyə, və Qətər rəsmiləri fəallıq nümayiş etdirirlər.
Bu gün dünyanın bir çox dövlətləri Yaxın Şərq düyününü açılması üçün mövqeyini ortaya qoyur. Bəzən bu təşəbbüslər sadəcə gözdən pərdə asmağa bənzəyir. Ona görə ki, sülh çağırışları çoxalsa da, ortada real nəticə yoxdur. Nə qədər ki, silahlar susmayıb, bölgədə ağır zorakılıqlar davam edir.
ABŞ prezidenti Co Bayden dünən bir daha İsrail və HƏMAS yaraqlıları arasındakı müharibəyə “humanitar fasilə” verməyə çağırıb. O, “fasilə məhbusları çıxarmaq üçün vaxt vermək deməkdir. Vaxt verin!” – deyib.
Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken dünən yenidən İsrailə səfər edib. Bu, onun oktyabrın 7-də Yaxın Şərqdə müharibə başlayandan sonra regiona ikinci səfəridir. O, oktyabrın 11-də İsraildə olub. Blinken İsrailin baş naziri Benyamin Netanyahu və digər rəsmi şəxslərlə görüşüb.
Qlobal mediada yayımlanan xəbər və şərhlərə görə, dövlət katibi ölkəsinin bir daha İsrailin HƏMAS-a qarşı sərt mücadiləsini birmənalı olaraq dəstəklədiyini bildirib, eyni zamanda Təl-Əvivdən mülki əhalinin müdafiəsi istiqamətində lazım olan addımları atmağa çağırıb.
Blinkenin Təl-Əvivdən Ankaraya gedəcəyi, burada türkiyəli həmkarı Fidan Hakan ilə regiondakı ağır durumdan çıxış yollarını müzakirə edəcəyi gözlənilir. ABŞ etiraf edir ki, Türkiyə regionun aparıcı dövlətlərindən biridir. Ağ ev Ankaranın tərəflər arasında sülh yaradılması məqsədilə vasitəçilik etməyə hazır olması ilə bağlı təşəbbüsünü müsbət qarşılayır. Hələlik Təl-Əviv buna razılıq vermir.
Qeyd edək ki, dünyanın aparıcı dövlətlərinin diplomatları milli maraqlarından çıxış edərək səmimi, qeyri-səmimi sülh çağırışlarında bulunduqları bir məqamda, 1967-ci ildən faktiki olaraq sudan, havadan və qurudan mühasirədə olan Qəzzada humanitar vəziyyət anbaan pisləşir. HƏMAS-la İsrail arasında müharibənin həlledici fazası başlayıb. İsrailin Müdafiə Qüvvələri yaraqlıları “yuvalarında taparaq” məhv etməyə çalışırlar.
Bəzən hər küçə və ev uğrunda amansız döyüşlər baş verir. Dünən İsrailin quru qoşunları cümə axşamı Qəzza şəhərinə doğru irəliləyib. HƏMAS-ın yeraltı sığınacaqlarında tez-tez amansız qarşıdurmalar baş verir. Hər iki tərəfdən itkilərin sayı artır.
Fələstinin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, cümə axşamı səhər saatlarında Qəzza şəhərindəki Əl-Qüds xəstəxanası ətrafında partlayış səsləri eşidilib. İsrail rəsmiləri bundan əvvəl xəstəxanaya təcili təxliyə barədə xəbərdarlıq etsə də, BMT rəsmiləri bunun təhlükəli olduğunu deyib.
İndi Qəzzada hərə öz hayındadır. Yaxın günlər ərzində atəşkəsin elan olunacağına, ardınca da sülh danışıqlarının baş tutacağına ümidlərini itirən xarici vətəndaşlar mümkün qədər tez anklavı tərk etməyə çalışırlar. Bu, o qədər də asan iş deyil. Dünən yayılan xəbərlərə görə, ilkin siyahıda olan 500 nəfər xarici vətəndaşdan azı 320-si, eləcə də onlarla ağır yaralı qəzzalı İsrail, Misir və HƏMAS arasında razılaşma əsasında Misirə keçib. Bu məsələdə Qətərin vasitəçiliyi rəğbətlə qarşılanıb. Təxliyə olunanlar, əsasən, Avstraliya, Avstriya, Bolqarıstan, Çexiya, Finlandiya, İndoneziya, İtaliya, Yaponiya, İordaniya, Britaniya və ABŞ vətəndaşlarıdır.
Bu arada UNICEF agentliyi Qəzzada atəşkəs çağırışlarına məhəl qoyulmadığı təqdirdə fəsadların artmaqda davam edəcəyi, xüsusilə mühasirədə olan uşaqların daha böyük risk altında qalacağı barədə xəbərdarlıq edib.
HƏMAS qruplaşması ilə İsrail arasında münaqişənin davam etdiyi çətin dönəmdə humanitar yardım daşıyan yük maşınları Qəzza zolağının cənubundakı “Rəfah” keçid məntəqəsində gözləyir. İsrail hökuməti yanacağın Qəzzaya daxil olmasına icazə vermir, belə ki, yanacağı “ikili istifadə” məhsulu kimi təsnif edir və HƏMAS-ın ondan hərbi məqsədlər üçün istifadə edə biləcəyini deyir. Təl-Əviv, həmçinin HƏMAS-ın döyüşlərdə istifadə üçün böyük miqdarda yanacaq ehtiyatı saxladığını iddia edir.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının İsrailin cənubuna hücumundan və təxminən 200-dən çox insanı girov götürməsindən sonra İsrail qrupu məhv etmək üçün Qəzzanı qurudan, dənizdən və havadan bombalayır və hərbi əməliyyatlarin miqyası genişlənir.
Qəzzanın Səhiyyə Nazirliyi oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində Aralıq dənizinin dar sahil boyu yerləşən anklavında 3648 uşaq olmaqla, azı 8796 fələstinlinin həlak olduğunu bildirib.
İsrail rəsmiləri HƏMAS-ın hücumu zamanı 1400 nəfərin öldüyünü qeyd edib. Hücumdan sonra İsrail HƏMAS-a müharibə elan edib və Qəzzaya qarşı davamlı bombardmanlar və yerüstü hərbi əməliyyatlar həyata keçirir.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Nura əl-Kaabi deyib ki, Yaxın Şərqdə daha geniş müharibə başlaya bilər. Həqiqtən, regionda əsəblər tarıma çəkilib və ehtiyatsız bir addım böyük müharibəyə səbəb ola bilər.
Bunun baş verməməsi üçün səbir, təmkin və sağlam düşüncəyə ehtiyac var. Ümid edək ki, dünya birliyi Yaxın Şərqdə ədalətli sülh naminə bu dəfə daha cəsarətli və qətiyyətli addımlar atacaq. Yetər ki, haqqın, ədalətin tərəfində durmağı bacarasan!
Məsaim ABDULLAYEV
XQ

