Milli Qəhrəman Naiq Nəsir oğlu Yusifovun qısa və əbədiyyət ünvanlı ömür yolundan söz açmaq istəyirəm. O ömür yolundan ki, qəhrəmanı 22 illik həyatın şirinliyini doyunca dadmayıb, acısını isə şərbət kimi başına çəkib.
...1970-ci ilin qışı yaşlı nəslin yadında olar. Həftələr idi aravermədən, səpələyən qar həyət-bacanı, yolu- rizi, yeri- göyü başına almışdı. Hər tərəfi ağ örpəyə elə bürümüşdü ki, beş addımlıqdan gələni də seçmək olmurdu. Tovuzun Ağdam kəndinin belə sazaqlı-şaxtalı günlərindən biri – yanvarın 5-də Seyid Nəsirin oğul övladının dünyaya gəlişi böyük şadyanalıqla qarşılanmışdı. İstər qonum-qonşu, istərsə də qohum-əqraba onların evinə, gözaydınlığına tələsmişdilər. Ailənin dördüncü oğluna Naiq adı verilmişdi.
...1988-ci ildə orta məktəbi bitirən Naiqə poçtalyon “kişilik məktəbinə” çağırış vərəqəsi gətirdi. O vaxt evdən əsgərliyə yola salınan uşaqların sədası, məktubu Uzaq Şərqdən, Sibirdən, Kamçatkadan, Vladivostokdan gəlirdi. Naiqin isə bəxti gətirdi. Yaxın yerə düşdü. İkillik həqiqi hərbi xidmətini o vaxtkı Sovet Ordusunun Gürcüstanda yerləşən hərbi hissələrindən birində yerinə yetirdi və geri döndü.
Kənddə bineyi-qədimdən qonum-qonşu əsgərlikdən gələnin valideynlərinə gözaydınlığına gəlirlər. Bütün kənd camaatı elliklə gün təyin edir, yığılıb bir yerdə şadyanalıq edirlər. Naiqgilin həyətində də şadlıq çadırı qurulur, bəzənir. Süfrələrə neçə növ yeməklər düzülür. Musiqiçilər dəstəsi gəlir. Yeyib-içmək bolabol, çalan, oynayan, oxuyan... “Cəngi”, “Heyvagülü”, “Qoçəli” bir-birini əvəz edir, “Tovuzum” mahnısına qalxan cavanlar əl-ələ tutub sonrakı sifarişə –“Yallı” sədalarına şövqlə süzürlər. Naiqin sifarişi – “Can, Azərbaycan”ın sədaları kəndi başına götürür. Əsgər paltarında elə ürəklə oynayır ki... Yaxınları onu ortaya salırlar, anasını, atasını da yanına çəkib, ətraflarında halə qururlar. Naiq geri çevrilib müğənniyə sarı dönür, mikrofona yaxınlaşıb özü də ona qoşulur:
Canımı sənə qurban demişəm,
Ay gözüm, canım, Azərbaycanım!
Oxuya-oxuya əllərini cavanlara uzadıb “dirijorluq” edir. Dostları onu bir baxışdan anlayır və hamısı Naiqin başına toplaşır. Mahnının sonunu xorla bitirirlər...
Can, can, can Azərbaycan!!!
Həmin dövrdə Tovuzda müxtəlif özünümüdafiə dəstələri yaranmışdı. Hərə başına bir dəstə toplayıb erməniyə qarşı döyüşə qoşulmuşdu. “Çənlibel” Etibar, “Boz qurd” Zöhrab, Qovlarlı Alik və digər adlarla dəstələr yığılmışdı. Zöhrab karateçi olduğundan onun başına toplaşanların hamısı idmançı idi. Etibarın ətrafındakılar isə həmkəndliləri – Əlibəyli kəndinin təcrübəli, yetkin insanları idi. Onların hər biri, torpaq uğrunda anındaca candan keçməyə hazır döyüşçülər idi.
Evə dönüşündən heç bir gün keçməmiş Naiqə bu dəstələrdən söz açdılar. Harada toplandıqları haqqında məlumat öyrənəndən sonra, qəti addım atmağı düşündü. O günlərdə dərin dərələrdə, yarğanlarda əks-səda verən güllələrin heybətli vıyıltısı vahimə, çaşqınlıq yaradırdı. Tovuzun füsunkar təbiətinin bakirəliyini yağı düşmən pozmuşdu. Naiq hər gün atəş səslərindən sonra bir xəbər eşidirdi: kiminsə həyətində mal- qara güllədən tələf oldu, kiminsə evinin şiferi parçalandı, kiminsə aynabəndinin şüşələri çilikləndi, güllə kiminsə qolunu yaraladı, kiminsə ayağını yaladı, keçdi... Naiq kəndin özünümüdafiə batalyonunun komandiri Məmmədalı Tağıyevin yanına gedir ermənini söyə-söyə döyüşlərə qatılmaq istəyini deyir...
...Həmin vaxt havadarlarının hesabına silahlanmış erməni yaraqlıları Ağdam kəndi istiqamətində irəliləyirdi. “Tovuzdan çıxın”, “Tovuz satılıb”, “Evləriniz yandırılacaq” kimi şüarlar yazılmış vərəqlər rayonun mərkəzi küçəsindəki keçidin yan-yörəsini “bəzəyirdi”. Camaat isə “ölərik, amma torpağı qoyub çıxmarıq,”– deyə dirəniş göstərirdi. Rayon mərkəzində, “dağ pavorotu” deyilən avtobus dayanacağının yaxınlığında Tovuz Rayon Meşə Təsərrüfatı İdarəsi yerləşirdi. Döyüşə aid silah-sursat, hətta tank belə o idarənin həyətinə yığılmışdı.
Bütün respublikaya səs salan, Tovuzda həyata keçirilən “Çənlibel əməliyyatı” Naiqin iştirak etdiyi ən uğurlu və ağır döyüşlərdən sayılır. Əməliyyatda özünü təsdiq edən Naiq sonrakı bütün döyüşlərin hamısında iştirak etməyə “icazə” alır.
1992-ci il martın 24-də səhər tezdən döyüş əmri verilir. Tovuzun Koxa Nəbi kəndində gedən əməliyyatda Naiqin də olduğu dəstə ermənilərlə ölüm-dirim döyüşünə çıxır. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində yanırdı. O, cəld qumbaraatanı düşmənin PDM-na tuşlayır. Bir an içində maşını alov bürüyür. Naiq mühasirəyə düşən döyüş yoldaşlarını xilas etmək üçün irəliyə atılır. Lakin qumbara qəlpəsi onu yerə yıxır. Ayağa qalxmağa cəhd göstərir, bacarmır. Ona yaxınlaşan silahlıları avtomat atəşi ilə yerə sərir. Son gülləsi bitdikdən sonra əsir düşməmək üçün əlindəki qumbaranı sinəsinə sıxır. Özü ilə bərabər 10-dan çox erməni quldurunu da belə məhv edir...
Yusifovların məhləsində qurulmasına bir ay qalmış al qırmızı lentli, bər-bəzəkli toy mağarının yerində yas çadırı qurulur... Naiqin toy gününə tədarük edilən ərzaq, nə qədər ağır da olsa, ehsanına qismət olur.
Anası Xədicə xanımdan Naiqin Bakıda – Şəhidlər xiyabanında dəfn olunması üçün icazə istəyirlər. Lakin ana oğlunun məzarının ona yaxın olmasını arzulayır, uzağa aparılmasına razı olmur. Nişanlısı Naiqdən sonra başqasıyla ailə qurmaqdan imtina etsə də, Naiqin ata-anası ağbirçəklik, ağsaqqallıq edərək, ona kəndlərindən başqa bir oğlan üçün elçilik edir, qızı özləri yenidən nişanlayır, toy-büsat qururlar...
Azərbaycan Resbublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Naiq Nəsir oğlu Yusifova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Vaxtilə təhsil aldığı orta məktəb indi Naiqin adını daşıyır. Milli qəhrəmanımızın atası kənd camaatı üçün Ağdam kəndindən olan 12 şəhidin və oğlunun adına dağlardan ehsan bulağı çəkdirib.
Naiq az yaşasa da təkcə kənd camaatının, bir bölgənin yaddaşında yox, xalqının qəlbində yaşayır. Bu dövlətin, torpağın bütövlüyü naminə son damla qanını qurban verən Naiq kimi oğulları qədirbilən xalqımız daim yad edəcək və anacaq. Bu Vətən hələ daha çox Naiqlər yetirəcək. Bu gün onların ruhu şaddır. Çünki itirilən torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib.
Zərifə BƏŞİRQIZI
XQ

