Misir köçkün fələstinlilərin öz ərazisində yerləşməsinin əleyhinədir

post-img

Misir İsrail-HƏMAS müharibəsi nəticəsində köçkün düşmüş fələstinlilərin öz ərazisində yerləşməsinin əleyhinədir. “Əl Əhram” nəşri xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Baydenlə telefon danışığı əsnasında Misir Prezidenti Əbdülfəttah əs-Sisi söyləyib.

Qəzza zolağından qaçan insanların Misir ərazisində məskunlaşmasına heç vaxt icazə verilməyəcəyini qeyd edən Əbdülfəttah əs-Sisi ABŞ Prezidenti ilə fələstinlilərə humanitar yardımın çatdırılması məsələlərini də müzakirə edib.

Misirin sözügedən münaqişənin həlli istiqamətində fəal rolunu vurğulayan Co Bayden bildirib ki, Vaşinqton da fələstinlilərin öz yurdlarını tərk etməsinin əleyhinədir. O, eyni zamanda, ABŞ-ın mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə Misirlə əməkdaşlığı davam etdirəcəyini bildirib.

Tərəflər “iki dövlət” prinsipi əsasında nizamlanmanı münaqişənin həllində yeganə yol adlandırıblar.

Dünya