Paşinyan: Qarabağ sakinlərinin Ermənistana evakuasiyası mümkündür

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ sakinlərinin Ermənistana köçürülməsinin mümkünlüyündən danışıb. O, bəyan edib ki, Qarabağdakı vəziyyətdə müsbət irəliləyiş və yerli sakinlərin öz evlərinə qayıtması üçün imkan var, ancaq hələ vəziyyət həddən artıq gərgin olaraq qalır. Məlumatı “İnterfaks.ru” verib. 

“Qarabağda vəziyyət gərgindir. Humanitar böhran davam edir. Biz Qarabağdakı həmkarlarla daimi əlaqədəyik”, - Paşinyan deyib. 

Onun sözlərinə görə, bu gün Qarabağla əlaqə saxlayaraq öyrənib ki, vəziyyətdə müəyyən müsbət irəliləyiş müşahidə olunur: “Bu, Qarabağdakı həmkarların qiymətləndirməsidir. Bu qiymətləndirməyə əsasən, Qarabağ sakinləri evlərinə qayıtmaq üçün real imkanlara malik ola bilər”.

Bununla yanaşı, Paşinyan əlavə edib ki, əgər Qarabağ sakinlərinin öz evlərinə qayıtması mümkün olmasa, onlar Ermənistana evakuasiya oluna bilər: “Bəli, biz hesab edirik ki, vəziyyət yaxşılaşmasa, bu vəzifə (evakuasiya) gündəliyimizdə olacaq”. 

Baş nazir deyib ki, Ermənistan artıq 40 mindən artıq yaşayış yeri hazırlayıb: “Biz hazırıq və hazırlaşmaqda davam edirik. Bu, bizim A planımızdır və Qarabağdakı həmkarlarla razılaşdırılıb. Biz elə etməliyik ki, soydaşlarımız öz evlərində qorxusuz və ləyaqətlə yaşasınlar”. 

Paşinyan bəyan edib ki, hazırda Qarabağda mülki əhali üçün heç bir birbaşa təhlükə yoxdur: “Ancaq vəziyyət dinamikdir və hər dəqiqə dəyişə bilər. Bəli, vəziyyət sabit deyil, hardasa nəsə baş verə bilər, ancaq hazırkı məqamda əhali üçün birbaşa təhlükə yoxdur”.

Paşa ƏMİRCANOV
XQ

Dünya