“Böyük iyirmiliy”in (G20) 9-10 sentyabrda Yeni Dehlidə keçirilən sammiti çərçivəsində Hindistan da daxil olmaqla Cənubi Asiyanı Yaxın Şərq üzərindən Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizi ilə bağlı memorandum imzalanıb. Dərhal qeyd edək ki, bu, miqyasına görə olduqca möhtəşəm bir layihədir.
Analitiklər vurğulayırlar ki, layihənin əsas məqsədi Yaxın Şərq ölkələrini dəmir yolu və limanlar vasitəsilə birləşdirərək, onlarla Hindistan arasında əlaqə yaratmaq, bununla da xərcləri və yanacaqdan istifadəni azaltmaqla İran körfəzindən Avropaya enerji və ticarət axınına yardım etməkdir.
ABŞ Prezidenti Co Bayden memorandumunun imzalanması zamanı böyük bir coğrafi ərazidə bir çox dövlətləri və xalqları bir-birilə birləşdirən bu layihənin tarixi əhəmiyyət kəsb etdiyini bildirib. Onun fikrincə, bu razılaşma regionda aşağı və orta gəlirli ölkələr üçün çox faydalı olacaq, həmçinin Yaxın Şərqin qlobal ticarətdə əhəmiyyətli rol oynamasına imkan yaradacaq.
Beləliklə, layihə Hindistandan Avropaya BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail üzərindən dəmiryol xətləri və liman infrastrukturunun inteqrasiyasını nəzərdə tutur. Onun icrası nəticəsində malların Hindistandan Avropaya indikindən 40 faiz daha tez ucuz çatdırılması mümkün olacaq.
Bundan başqa, dəhliz boyunca enerji infrastrukturunun inkişaf etdirilməsi, yaşıl hidrogen istehsalının və bütün tərəfdaşlara nəqlinin təmin edilməsi, regionu birləşdirəcək yeni sualtı kabellə telekommunikasiyanı möhkəmləndirmək nəzərdə tutulur.
Layihənin icrası region dövlətlərinin təkcə iqtisadi deyil, ictimai-siyasi həyatına da böyük təsiri olacaq. Qeyd edək ki, ABŞ Yaxın Şərq ölkələri, xüsusilə, Səudiyyə Ərəbistanı ilə İsrailin münasibətlərini hər vəchlə yaxşılaşdırmağa çalışır. Hesab olnur ki, regionda iqtisadi əlaqələrin genişlənməsi diplomatik əməkdaşlıq üçün də imkanları artıracaq.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə bildirib ki, Yaxın Şərq ölkələri arasında geniş dəmir yolu şəbəkəsinin tikintisini və liman infrastrukturunun inkişafını nəzərdə tutan layihənin icrası regiona sülh, sabitlik və tərəqqi gətirəcək. Onun sözlərinə görə, layihənin həyata keçirilməsi üçün, azı, 20 milyard dollar vəsait tələb olunacaq. Əslində, bu ilkin hesablamadır. Layihəyə daha böyük sərmayələrin cəlb olunacağı gözlənilir.
Mütəxəssislər onu da qeyd edirlər ki, layihə regionda dəmir yolları və dəniz limanlarını əhatə edən nəqliyyat infrastrukturunun inkişafına, həqiqətən, böyük töhfə verəcək və bu, yükdaşıma marşrutlarının imkanlarını artırmaqla tərəflər arasında ticarət dövriyyəsini artıracaq.
Bundan əlavə, layihə iştirakçıları hidrogenin nəqli üçün boru kəmərləri şəbəkəsinin qurulmasını, həmçinin məlumatların və elektrik enerjisinin ötürülməsi üçün kabel sisteminin yaradılmasını da planlaşdırır. Bir sözlə, layihə modern texnologiyaların tətbiqi üçün geniş bir platformaya çevriləcək.
Siyasi təhlilçilər hesab edirlər ki, saziş Çinin məşhur “Bir kəmər, bir yol” layihəsinin aktuallığına kölgə sala bilər. Məlumdur ki, son illər rəsmi Pekin Qədim İpək Yolunun bərpasını nəzərdə tutan “Bir kəmər, bir yol” layihəsinin icrası üçün davamlı işlər görməkdədir. Hindistandan Avropaya qapı açan yeni layihə Çinin qlobal səylərinə ciddi rəqib kimi görünür.
Çin hökuməti bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Bu ölkənin lideri Ci Sinpin isə Dehlidə keçirilən sammitdə iştirak etməyib. Onu tədbirdə hökumətin rəhbəri əvəz edib. Jurnalsitlər yazırlar ki, Ci Sinpinin Dehlidə yoxluğu Co Baydenin əl-qolunu tamam açıb.
Xatırladaq ki, Çinlə Hindistan arasında çoxdandır mübahisəli ərazilər problemi mövcuddur və iki ölkə arasında münasibətlər bu səbəbdən kifayət qədər soyuqdur.
Bir məqamı da vurğulamaq lazımdır. Hindistandan başlayaraq, Yaxın Şərqdən keçməklə Avropa qitəsinə çıxış üçün nəzərdə tutulan sözügedən layihə faktiki olaraq qardaş Türkiyə, Orta Asiya və Cənubi Qafqaz dövlətlərini birləşdirəcək “Orta dəhliz” layihəsinin əhəmiyyətini azalda bilər.
Kollektiv Qərb, yəqin ki, bundan sonra səylərini birinci layihənin üzərində cəmləyəcək. Lakin bu, heç də o demək deyildir ki, “Orta dəhliz” layihəsi öz əhəmiyyətini tamamilə itirəcək. Əksinə, bu iki dəhliz arasında ciddi rəqabət mühiti yaradacaq.
Sonda bildirək ki, qədim dövrlərdə Hindistandan Avropaya, əsasən, ədviyyat daşınıb. Artıq vəziyyət tamam dəyişib. Bu dəfə ən çeşidli əmtəələr ilə bərabər, yeni texnologiyalar və ekoloji təmiz enerji daşınacaq. Zamanı saxlamaq olmur, onun nəbzini tutmaq isə çox vacibdir...
Mübariz MƏMMƏDLİ,
fəlsəfə doktoru, siyasi şərhçi
– G-20-lərin Hindistanda keçirilmiş görüşündə Hindistan–Yaxın Şərq və Avropanı birləşdirən layihə (İMEC), əslində, Çinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsinə qarşıdır.
Bir neçə ay bundan öncə alternativ iqtisadi koridorun yaranması ideyası ilə çıxış edən Hindistan, Səudiyyə Ərəbistanı və Amerika Birləşmiş Ştatları vahid nəqliyyat koridorunun əsas predmeti olan dəmiryolları və limanların yeni sistemini yaratmaq barədə razılığa gəlmişlər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman Hindistanı Yaxın Şərq və Avropa ölkələri ilə birləşdirəcək dəhliz barədə memorandumun imzalanacağı xəbərini bir müddət öncə anons etmişdi.
Çin layihəsinə alternativ olan bu təşəbbüsün kim tərəfindən irəli sürüldüyünü demək nə qədər çətin olsa da, hesab edirəm ki, ideya Səudiyyə Ərəbistanı ilə Amerika Birləşmiş Ştatlarının beyin mərkəzlərində meydana gələ bilərdi.
Əslində, bu iki ölkə arasında olan razılaşma G-20-nin Yeni Dehlidəki sammitinə qədər baş vermişdi. Təşəbbüsə qoşulanlar sırasında BƏƏ, Avropa İttifaqı, Fransa, İtaliya, Almaniyanın da adları çəkilir. Layihə iki nəqliyyat dəhlizini birləşdirir: Şərqi dəhliz Hindistanla Fars körfəzini, Şimali dəhliz isə Fars körfəzi ilə Avropanı.
Çox güman ki, bu layihənin Cənubi Qafqazdan yan keçməsi nəzərdə tutulmuşdur. Hindistanın son hadisələrdə Ermənistana siyasi və hərbi dəstəyini nəzərə alsaq, bunun Azərbaycan üçün o qədər də qəfil bir qərar olmadığını deyə bilərik.
Bütün bunlarla bərabər demək lazımdır ki, olduqca mürəkkəb və genişmiqyaslı layihənin həyata keçməsi üçün son dərəcə böyük maliyyə vəsaitləri tələb olunacaq. Bu zaman ərzində isə Azərbaycandan keçən Orta Dəhlizin böyük sürət yığaraq yarana biləcək bu marşruta qarşı (İMEC) güclü rəqib olacağını desək, səhv etmərik.
Orta Dəhliz əlverişli coğrafi mövqeyi baxımından bir tərəfdən Avropa və Asiyanı birləşdirir, digər tərəfdən Mərkəzi və Ön Asiyanın karbohidrogen ehtiyatları ilə zəngin regionlarını Avropaya yönəldir. Nəticə etibarilə, bu nəqliyyat platformasından regionun bütün dövlətləri faydalanır. Bu da, öz növbəsində, Azərbaycanın da iştirak etdiyi Orta Dəhlizin enerji tranziti, ticari və iqtisadi əməkdaşlığın əsas marşrutu olmasına dəlalət edir.
Orta Dəhliz layihəsinin reallaşmasına Azərbaycan xüsusi əhəmiyyət verir və bu kontekstdə Xəzər və Aralıq dənizi hövzələrini cənub-şərqi və Mərkəzi Asiya, o cümlədən Avropa ilə birləşdirən hərtərəfli əlaqələrin yaradılması üçün Zəngəzur dəhlizinin açılmasına da böyük ümid bəsləyir.
Ceyran CƏFƏRLİ,
Məsaim ABDULLAYEV
XQ