Dollar rubl bazarında ucuzlaşır

post-img

Dolların məzənnəsi 2,63 rubl və ya 2,77 faiz azalaraq 92,44 rubl olub. ABŞ valyutası sonuncu dəfə bu il avqustun 18-də 93 rubldan ucuz alınıb.

“BCS World of Investments”in eksperti Dmitri Babin qeyd edib ki, bu, bazara təklif olunan xarici valyutanın həcminin artması ilə bağlıdır: “Rublun məzənnəsinin sabitləş­dirilməsi istiqamətində bir sıra tədbirlər hə­yata keçirilir. Bu tədbirlərin biri də ixracat­çıların satdıqları xarici valyutanın həcminin artmasıdı. Buna son aylarda neftin qiymət artımı səbəb olub”.

Bundan əvvəl, bazar tənzimləyiciləri sentyabrın 14-dən 22-dək xarici valyuta sa­tışlarını artıracağını elan etmişdi. Mərkəzi Bank bildirmişdi ki, nəzərdə tutulan dövrdə 150 milyard rubla ekvivalent valyuta sata­caq. Bundan sonra gün ərzində xarici va­yuta satışı 2,3 milyard rubldan 21,1 milyard rubladək artıb. Mərkəzi Bankın növbəti icla­sında uçot dərəcəsini 100–150 baza bəndi artıracağı ehtimalı da var. Qiymət təzyiqinin artması, eləcə də əhalinin və biznesin inflyasiya gözləntilərinin artması səbəbindən belə bir qərar veriləcək.

Şifahi müdaxilələr də rublun məzənnə­sinə müsbət təsir göstərib. Belə ki, Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin Şərq İqtisadi Forumunun kuluarlarında bildirib ki, rublun zəifləməsinin pik həddi artıq keçib və yaxın aylarda ixrac malları­nın qiymətlərinin artması nəticəsində daha çox valyuta gəlirləri əldə olunacaq: “Yaxın gələcəkdə ixrac mallarının bahalaşması sayəsində bazara daha çox valyuta gəlirləri daxil olacaq. Əmtəə və xidmətlərin idxalı­nın azalması, həmçinin əsas məzənnənin artırılması və makroprudensial siyasətin gücləndirilməsinin nəticələrini nəzərə al­saq, bu, bazarda valyutanın artıqlığına gətirib çıxaracaq”. O, həmçinin bildirib ki, hökumət və Mərkəzi Bank kapitalın xaricə çıxışını məhdudlaşdırmaq üçün tədbirlər paketi üzərində işləyir və artıq müəyyən qərarlar qəbul edilib.

İndiki dövrdə Rusiya rubulunun məzən­nəsində baş verən hər hansı bir dəyişiklik isə dayanaqlı deyil: “Bu məzənnə dəyişik­liyi, ilk növbədə, dünya bazarlarında neftin qiymətlərində müşahidə olunan qiymət ar­tımları ilə bağlıdır”. 

Rusiya rublunun məzənnəsinin real və uzun müddətə möhkəmlənməsindən söh­bət o zaman gedə bilər ki, neftin qiymət­lərinin 100–110 dollara doğru artması baş versin.

P.ƏFƏNDİ
XQ

Dünya