Səudiyyə Ərəbistanı Hindistan və Avropa arasında nəqliyyat dəhlizinin yaradılmasını elan edib

post-img

TASS xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Hindistanı Yaxın Şərq və Avropa ölkələri ilə birləşdirən nəqliyyat və iqtisadi dəhlizin yaradılmasını nəzərdə tutan anlaşma memorandumunun imzalandığını bəyan edib.

"Mən şadam ki, bu gün Hindistan, Yaxın Şərq və Avropa arasında iqtisadi dəhliz layihəsinin həyata keçirilməsinə yönəlmiş anlaşma memorandumu imzalamaq imkanımız olacaq", - Bin Salman Yeni Dehlidə keçirilən G20 sammitinin növbəti sessiyasında deyib.

Vəliəhdin sözlərinə görə, layihə Yaxın Şərq ölkələri arasında geniş dəmir yolu şəbəkəsinin tikintisini və liman infrastrukturunun inkişafını nəzərdə tutur. Bununla əlaqədar olaraq, layihə iştirakçıları ixrac və tranzit yüklərin daşınması üçün marşrutların tutumunun artırılmasını gözləyirlər. "Layihə dəmir yolları və dəniz limanlarını əhatə edən nəqliyyat infrastrukturunun inkişafına töhfə verəcək və bu, yükdaşıma marşrutlarının imkanlarını artırmaqla maraqlı tərəflər arasında ticarət dövriyyəsini artıracaq", - o qeyd edib.

Bundan əlavə, layihə iştirakçıları hidrogenin nəqli üçün boru kəmərləri şəbəkəsinin qurulmasını, həmçinin məlumatların və elektrik enerjisinin ötürülməsi üçün kabel sisteminin yaradılmasını planlaşdırır. Bin Salmanın vurğuladığına görə, nəqliyyat dəhlizi qlobal enerji təchizatı zəncirlərinin davamlılığını təmin edəcək.

S.ELAY,

"Xalq qəzeti"

Dünya