Görüş qlobal medianın diqqət mərkəzindədir
Dünən Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında işgüzar görüş keçirilib. Bu, bütün dünyanın böyük maraqla gözlədiyi sammit idi. Şəhərin “Rusiya” sanatoriyasında aparılan müzakirələr bir saat yarım davam edib.
Görüşdən əvvəl “ev sahibi” – Rusiya Prezidenti tədbirin jurnalistlər üçün açıq hissəsində media mənsublarına deyib ki, iki ölkə arasında əlaqələr heç kimin gözləmədiyi şəkildə inkişaf edir və bu, təqdirəlayiq haldır.
Rusiya lideri həmçinin söyləyib ki, R.T.Ərdoğanla təhlükəsizlik kimi çox əhəmiyyətli məsələləri müzakirə edəcəklər: “Ukraynadakı vəziyyəti, “Taxıl sazişi”, Suriya məsələsindən danışacağıq. Bir çox başqa istiqamətlərdə də məsələlər var ki, onları da müzakirə edəcəyik”.
Prezident V.Putin Türkiyə ilə Rusiya arasında mövcud layihələrin icrasından da bəhs edib. O, Türkiyənin tezliklə “qaz xab”ına çevrilməsi ilə bağlı müzakirələrin uğurla başa çatacağına əminliyini bildirib.
Türkiyə Prezidenti R.T.Ərdoğan əvvəlcə Rusiyanın Türkiyədə meşə yanğınları ilə mübarizə sahəsində ölkəsinə göstərdiyi yardıma görə V.Putinə təşəkkür edib.
R.T.Ərdoğan sonra deyib ki, dünya, xüsusilə Afrikanın az inkişaf etmiş ölkələri bu görüşdən “Taxıl sazişi” ilə bağlı müzakirənin nəticələrini gözləyir. Qeyd edək ki, 2022-ci il iyul ayında Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə “Taxıl sazişi” imzalanıb. Sənədin müddəti bu il iyulun 17-də başa çatıb və Moskva sazişdə iştirakını dayandırıb.
Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasının bu il iyulun 21-də keçirilən iclasında çox sayda ölkələr Rusiyanı “Taxıl sazişi”nin müddətini uzatmağa çağırıb. Avqustun 31-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə türkiyəli həmkarı Hakan Fidan arasında “Taxıl sazişi” ilə bağlı fikir mübadiləsi aparılıb.
H.Fidan həmin görüşdən sonra BMT-nin “Taxıl saizişi” ilə bağlı yeni təkliflər hazırladığını bildirmişdi. Analitiklərin fikrincə, məhz “Taxıl sazişi” sammitin gündəliyinin əsas məsələsi olub.
Rusiya-Türkiyə iqtisadi əlaqələri davamlı olaraq inkişaf edir. Qeyd edək ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 62 milyard dollar təşkil edir. Türkiyə lideri qeyd edib ki, tərəflər bu göstəricini 100 milyard dollara çatdırmaq əzmindədirlər. R.T.Ərdoğan həmçinin bildirib ki, ölkələr ticarət üzrə qarşılıqlı hesablaşmaları özlərinin milli valyutaları ilə həyata keçirməyi planlaşdırırlar.
R.T.Ərdoğan Rusiya şirkətləri tərəfindən inşa edilən “Akkuyu” atom elektrik stansiyasının tikintisinin uğurla davam etdirildiyini və mühüm obyektin təhvil verilməsindən sonra burada 25 min insanın çalışacağını vurğulayıb. Məlumat üçün bildirək ki, son illər iki ölkə arsında müdafiə sənayesi, eləcə də turizm sahəsində sıx əməkdaşlıq yaranıb.
Sonra danışıqlar qapalı rejimdə davam edib. Rusiya və Türkiyə liderləri bir çox aktual ikitərəfli əlaqələri, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.
Türkiyə Prezidentini səfərdə bu ölkənin xarici işlər naziri Hakan Fidan, texnologiya naziri Mehmet Fatih Kaçır və başqa rəsmilər müşayiət ediblər.
Soçidə Rusiya və Türkiyə liderlərinin iştirakı ilə keçirilən sammit qlobal medianın gündəmində olub. Siyasi təhlilçilər Soçidə görüşün pozitiv ruhda keçdiyini, dünya üçün mühüm mesajlar verildiyini vurğulayırlar.
M.HACIXANLI, XQ