“Ruhumuz qədim yurd yerlərimizdə cövlan edir”

post-img

Sentyabrın 3-də Heydər Əliyev Mərkəzinin qarşısındakı açıq məkanda “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil edilib. 

Tədbir Mədəniyyət Nazirliyi ilə Heydər Əliyev Mərkəzinin birgə təşki­latçılığı ilə keçirilib. Milli Məclisin depu­tatları, media nümayəndələri, paytaxt sakinləri və xarici qonaqlar tədbirdə iştirak ediblər. Başlıca məqsəd Qərbi Azərbaycanın etnomədəni mühitinin, habelə qeyri-maddi mədəni irs nü­munələrinin nümayişi idi. 

Qədim Azərbaycan yurduna məx­sus milli geyim və mətbəx stendi, gün­dəlik həyatda istifadə olunmuş məişət əşyaları, seçilmiş tarixi abidələrin 3D maketləri ilə tanışlıq seyrçilərdə zəngin təəssürat yaradıb. “XQ” üçün aldığımız müsahibələrdən də bu aydın hiss olu­nur. 

Səadət YUSİFOVA, Mədəniyyət nazirinin müavini: 

– Tədbirdə Qərbi Azərbaycandan gələn tarixi eksponatları sərgiləməkdə məram vaxtilə həmin torpaqlarda, ma­hallarda, yaylaqlarda xalqın keçirdiyi bayram şənliklərinin əhval-ruhiyyəsini canlandırmaqdır. Bu tədbirin Ulu öndərHeydər Əliyevin 100 illik yubileyi çər­çivəsində onun adını daşıyan möh­təşəm Mərkəzin qarşısında keçirilməsi də rəmzi xarakter daşıyır. Ümummilli lider inanırdı ki, nə vaxtsa ədalət bərpa olunacaq və Qərbi azərbaycanlılar öz yurdlarına qayıda biləcəklər. 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra bütün mümkünsüz olan şeylər artıq gerçəkləşir. Yeni siya­si reallıq yaranıb. Artıq keçmiş məcburi köçkünlər Qarabağa, Şərqi Zəngəzura qayıdırlar. Dövlətimizin başçısı çıxış­larında öz yurdlarına qayıdacağını bil­dirib. Biz buna qəlbən inanırıq. Həmin torpaqlarda Azərbaycan mədəniyyətini yenidən çiçəkləndirəcəyik.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz ƏLƏKBƏRLİ: 

“Qərbi Azərbaycan icması olaraq əsas məqsədimiz tarixi torpaqları­mızdakı Azərbaycan mədəni irs nü­munələrinə sahib çıxmaq, bunu dünya ictimaiyyətinə çatdırmaqdır. Bu tədbir də həmin silsilədən atılan addımlardan biridir. Şübhəsiz ki, biz bu cür sərgilə­rin davamlı olmasını nəzərdə tuturuq. Sentyabrın sonuna qədər ölkədə bir neçə belə sərgi keçiriləcək. Qərbi Azər­baycan icması olaraq belə sərgiləri xa­rici ölkələrdə də təşkil etməyi nəzərdə tutmuşuq. Qarşımızda Ermənistan kimi hər cür yalana, üsula əl atan düşmən dayanır. Biz onların qarşısına ancaq faktlarla, sənədlərlə, sübutlarla, mən­bələrlə çıxmalıyıq ki, ermənilərin yüz illər ərzində dünya ictimaiyyətinin bey­ninə yeritdiyi yalanları, saxtakarlıqları qazıb çıxaraq və Qərbi Azərbaycan həqiqətlərini qəbul etdirə bilək. 

Elman ORUCOV, hərbi ekspert:

– Özünüz də şahidi oldunuz ki, bu­rada Azərbaycan ictimaiyyəti ilə yana­şı, digər ölklərin vətəndaşları – əcnəbi qonaqlar da iştirak edirlər. Tədbirdə tarixi abidələrin maketlərinin nümayi­şi adamı duyğulandırır. Bütövlükdə, İrəvan mətbəxi, milli geyim növləri – qadın, kişi və uşaq geyimləri və di­gər atributlar insanın xəyalını haralara qanadlandırır! Yəni, sözün əsl məna­sında, bizim Qərbi Azərbaycana qa­yıdış konsepsiyamız mövcuddur. Vaxt gələcək, biz öz əzəli torpaqlarımıza qayıdacağıq. Amma indidən dünyaya çatdırmalıyıq ki, Qərbi Azərbaycanda, İrəvanda hansı mədəni irsimiz olub. Biz bunların hamısını təqdim və təbliğ etməliyik ki, insanlar maariflənsinlər, dünya ictimaiyyəti məlumatlı olsun. Bu baxımdan tədbiri ürəkdən alqışlayıram.

Hikmət BABAOĞLU, Qərbi Azər­baycan İcmasının sədr müavini, Milli Məclisin deputatı: 

– Tədbirin təşkilinə bizim Qərbi Azərbaycan İcması yaxından kömək­lik göstərib. Bu, əslində, milli yaddaşa xitab edən mühüm bir tədbirdir. Eyni zamanda, biz bu yolla beynəlxalq ic­timaiyyətə mesaj veririk ki, Azərbay­can xalqının tarixi mədəniyyətinin çox böyük bir hissəsi bu gün qondarma Ermənistan Respublikası tərəfindən məqsədyönlü şəkildə dağıdılıb məhv edilir. Qoy, dünya bir daha görsün ki, bizim etno-mədəni arealımız necə bö­yükdür və bu coğrafiyanın bir tərəfi də Qərbi Azərbaycan, İrəvan, Göyçə ma­halı olub. 

Zaman-zaman Qərbi azərbaycan­lılar Ermənistanın etnik təmizləmə si­yasətinin qurbanına çevriliblər. İşğal dövründə nə bəlalar çəkmədik? Hə­mişə Qərbi Azərbaycanın bizim ha­lal-hümmət torpaqlarımız olması fikri milli yaddaşımızda olub. Nəhayət, tarixi zəfərimizdən sonra, 2022-ci ildə Azər­baycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan ziyalıları ilə görüşündə tarixi torpaqlarımıza qayıdışın strateji əsaslarını, konseptual əsaslarını dilə gətirdi. Artıq Qərbi azərbaycanlılar öz tarixi torpaqlarında yaşamaq hüquq­larnını gur səslə hayqırırlar, bu yöndə aktiv mübarizə aparırlar. Artıq nəticə də var. Çünki Azərbaycan–Ermənistan sülh danışıqlarının 6-cı raundunda Av­ropa İttifaqı Şurasının prezidenti Şarl Mişel dedi ki, Qərbi azərbaycanlıların Ermənistana qayıtması sülh danışıqla­rının bir parçasıdır. Yəni bu, artıq yeni bir çağırışdır. Bu, yeni bir milli vəzifə­dir. Düşünürəm ki, Qərbi Azərbaycana qayıdış həm də bu cür təbliğ və özü­nütəqdim yollarından keçir. 

Belə tədbirlərin digər bir əhəmiyyəti ondan ibarətdir ki, Qərbi azərbaycan­lılar qayıdışla bağlı Ermənistan dövlə­tinə rəsmi müraciət etsələr də, heç bir reaksiya verilməyib. Ancaq biz əminik ki, bir gün cavab vermək məcburiyyə­tində qalacaqlar. Ona görə ki, bu, bizim hüququmuzdur, beynəlxalq hüquqla tanınan təməl haqlarımızdır. 

Tədbirə qala konsertlə, Qərbi Azər­baycan motivli musiqilərin ifası ilə ye­kun vuruldu. 

XQ





Mədəniyyət