Tayvan adaya yaxınlaşan 45 təyyarə və 9 Çin gəmisini qeydə alıb

post-img

Tayvan Müdafiə Nazirliyi gündəlik hesabatında bildirib ki, son 24 saat ərzində Tayvan Boğazı zonasında Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) 45 təyyarəsi və 9 gəmisi qeydə alınıb. Müdafiə Nazirliyinin məlumatına görə, bu təyyarələrdən 27-si Tayvan boğazını “median xətt”lə keçərək Tayvanın hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.

“Bu gün səhər saat 6-da Tayvan ətrafında ÇXAO-nun 45 təyyarəsi və 9 gəmisi aşkar edilib. Aşkar edilmiş təyyarələrdən 27-si Tayvan boğazının orta xəttini keçərək Tayvanın cənub-qərb hava hücumundan müdafiə sisteminə daxil olub. Tayvan vəziyyəti izləyir və orduya təyyarələri, dəniz gəmiləri və quruda yerləşən raket sistemlərinə bu hərəkətlərə cavab vermək tapşırılıb”, - Müdafiə Nazirliyinin X (əvvəlki Twitter) bəyanatında deyilir. Agentliyin məlumatına görə, bunlar SU-30 qırıcıları, Y-9 nəqliyyat təyyarəsi, Z-9 çoxməqsədli helikopter, J-10 və J-11 qırıcıları olub.

Avqustun 19-da ÇXAO-nun Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri Tayvan yaxınlığında təlimlər və patrul xidməti həyata keçirib. Çin ordusu bildirir ki, manevrlər Tayvanın müstəqilliyini dəstəkləyən və “təxribat törətmək üçün kənar qüvvələrlə əlbir olan separatçı qüvvələrə güclü xəbərdarlıq” məqsədi daşıyır.

Təlimlərin keçirilməsinə səbəb Tayvanın vitse-prezidenti və yanvar seçkilərində prezidentliyə əsas namizəd Lai Qingdenin Paraqvaya səfəri zamanı verdiyi açıqlama, daha sonra ABŞ-a tranzit keçməsi olub. O, Tayvanın suveren, müstəqil ölkə olduğunu bəyan edib. Çin “Tayvan separatçısının” ABŞ-a səfərinə “qətiyyətli etirazını” bildirib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya