Xinhua agentliyinin verdiyi xəbərə görə, Monqolustanın Xenti və Suxe-Bator əyalətlərində vəba şübhəsi ilə bağlı 3 hadisə aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri bildiriblər ki, Monqolustanın 21 əyalətinin 17-si vəba təhlükəsi altındadır. Avqustun 8-də ölkə əhalisinin yarısının yaşadığı Ulan-Batorda 1 nəfərdə vəba təsdiqlənib.
Vəba, ilk növbədə, vəhşi gəmiricilərə təsir edən bakterial xəstəlik kimi bir heyvandan digərinə birə dişləməsi yolu ilə yayılır. Yoluxmuş birənin sancdığı insanlar da vəbaya yoluxurlar. Nazik bağırsağın yoluxucu xəstəliyi olan vəba sərt və şiddətli ishal ilə özünü göstərir. Müalicəyə erkən başlamayanda xəstəlik 24 saat ərzində ölümlə nəticələnir.
Xəstəliyin yaranmasına səbəb monqolların ənənəvi tarbaqan yeməsi göstərilir. Tarbaqan– marmot və ya monqol marmotu gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növüdür. Uzunluğu 60 santimetrə çatan heyvanlar vəba daşıyıcıları hesab edilirlər.
Ölkədə gəmiricilərin, o cümlədən marmotun ovu qanunla qadağan edilsə də, monqollar onu delikates hesab edirlər. Marmotun ətini yeməyib, sadəcə, onu kəsməklə də xəstəliyə yoluxmaq mümkündür.
Hazırda özlərində narahatlıq hiss edənlərdə diaqnozun müəyyənləşdirilməsi üçün testlər aparılır.
Z.HÜSEYNOVA, “Xalq qəzeti”

