Nyu-York metropolitenini süni zəka izləyir

post-img

Nyu-York Nəqliyyat Departamentində (MTA) metropoliten stansiyalarının əksəriyyətində biletsiz istifadə hallarının qarşısını almaq üçün süni zəkadan istifadə olunur. Belə ki, statistikaya əsasən, Nyu-York metropolitenində biletsiz sərnişinlərin 50 faizi ehtiyat çıxışdan istifadə edir. Onlardan 20 faizi turniket üzərindən, 16 faizi stansiyalara giriş üçün olan maneənin arasından, 12 faizi isə turniketin altından keçir.

İzlənmə nəticəsində biletsiz istifadə halları daha çox axşam saatlarında, daha az isə səhərlər müşahidə edilib. Alınan məlumatlar süni zəka alqoritmi vasitəsilə işləyən kameralar vasitəsilə əldə olunub. MTA-nın hesablamasına əsasən,  2022-ci ildə ödənişsiz gediş nəticəsində, ümumilikdə, 690 milyon dollar vəsait itirilib.

MTA-nın əməkdaşı Coana Flores qanunu pozanlar haqqında hələ ki, polisə məlumatın ötürülmədiyini söyləyib. O, hazırda dələduzlar tərəfindən vurulan ziyanın qiymətləndirilməsi işinə baxıldığını və videogörüntülərin MTA-nın serverlərində “məhdud müddətə” saxlanıldığını açıqlayıb.

Səadət RZAYEVA, “Xalq qəzeti”

 

Dünya