Niger prezidenti Mohamed Bazum öz iqamətgahında saxlanılır və vəziyyəti yaxşıdır.
“Xalq qəzeti” xəbər verir ki, bu barədə Nigerin xarici işlər naziri Asumi Masudu “France 24” telekanalına müsahibəsində bildirib. O, prezidenti ilkin şərt olmadan azad etməyə çağırıb.
Nazir ölkəsində baş verənləri dövlət çevrilişi deyil, dövlət çevrilişinə cəhd adlandırıb. Onun sözlərinə görə, qiyamda bütün ordu iştirak etmir, silahlı qüvvələrin rəhbərliyi hələ danışmayıb. “Niger xalqı bununla razılaşmır”, - deyən XİN rəhbəri ölkədə hakimiyyətin zorla ələ keçirildiyi dövrün artıq keçmişdə qaldığını vurğulayıb.
Keçmiş Fransa müstəmləkəsi olan Niger müstəqillik əldə etdikdən sonra ölkədə hakimiyyət çevriliş yolu ilə dörd dəfə dəyişib. Prezident Mohamed Bazum qərbyönlü siyasətçi və Parisin yaxın müttəfiqi kimi tanınır. Niger Fransanın EDF enerji şirkətini uranla təmin edir.
Xatırladaq ki, hərbçilər prezident Mohamed Bazumu vəzifədən kənarlaşdırıb, ölkənin sərhədlərini bağlayıb və komendant saatı elan ediblər. Ölkədə bütün qurumların fəaliyyəti dayandırılıb, hökumət nümayəndələrinin fiziki toxunulmazlığına zəmanət verildiyi barədə bəyanat yayılıb.
“Xalq qəzeti”