Ərdoğan: Terroru qəbul edən ölkələri dəstəkləmirik

post-img

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Milli Müdafiə Universitetinin məzun mərasimində çıxış edib.

“Xalq qəzeti” Türkiyə rəsmi KİV-nə istinadən xəbər verir ki, Türkiyə dövlətinin başçısı son 71 ildə NATO müttəfiqliyinə çox az sayda ölkənin Türkiyə qədər töhfə verdiyini bildirib: “Biz alyansın açıq qapı siyasətini dəstəklədik və dəstəkləyirik. Xususilə alyansın terrorla qətiyyətli şəkildə mübarizə kimi əsas dəyərlərinə sadiqlik nümayiş etdirəcək hər kəsi qucaqlamağa hazırıq".

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməklə Türkiyənin prinsipial mövqeyini ortaya qoyduğunu ifadə edib: “Ancaq biz terrorçuları qoruyanlara (İsveç kimi) və terrorla mübarizədə lazımi tədbirləri görməyənlərə münasibətimizi göstərməkdən çəkinmədik. NATO çətiri altında həmrəylik nümayiş etdirək, deyənlərin 15 iyul 2016-cı ildə Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdində iştirak edən və 40 ildə minlərlə insanımızı qətlə yetirən (terror təşkilatı PKK mənsubu) qatillərə qucaq açmağa heç bir məntiqli səbəbi ola bilməz”. 

Dövlət başçısı İsveçin NATO-ya üzvlük prosesi haqqında isə, "Madriddə (İspaniyanın paytaxtı) ölkəmizə verilən vədlərə əməl olunmasını gözləyirik. Terroru qəbul edən ölkələri dəstəkləmirik", - deyib.

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya