Müharibə Tədqiqat İnstitutunun (ISW) gündəlik hesabatına əsasən, Ukrayna qoşunları Baxmut bölgəsində taktiki cəhətdən əhəmiyyətli uğurlar əldə edib və iyulun 7-də cəbhənin ən azı üç digər sektorunda əks-hücum əməliyyatlarını davam etdiriblər.
İnstitut bildirib ki, iyulun 6-da açıqlanan geolokasiya məlumatları Ukrayna qüvvələrinin Yaqodne yaxınlığında (Baxmutdan 2 km şimalda) əhəmiyyətli taktiki nailiyyətlər əldə etdiyini göstərir.
ISW analitikləri, həmçinin xatırladıblar ki, Ukrayna ordusunun baş qərargahı Ukrayna qüvvələrinin Baxmutun şimalında və cənubunda hücum əməliyyatları keçirməsi barədə məlumat yayıb. Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski isə bildirib ki, Ukrayna qoşunları Baxmut ərazisində əvvəllər itirilmiş mövqelərə nəzarəti bərpa edib.
Bundan əlavə, institutun hesabatına görə, Ukrayna ordusunun nümayəndəsi Andrey Kovalev Ukrayna qüvvələrinin Kleşeyevka ərazisində (Baxmutdan 7 km cənub-qərbdə) qismən uğur qazandığını, həmçinin əks-hücumun davam etdirdiyini bildirib. Zaporojye vilayətinin qərbində və Zaporojye və Donetsk vilayətləri arasındakı inzibati sərhəddə hücum əməliyyatları aparılır.
Qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyi və Rusiyanın digər mənbələri Ukrayna qüvvələrinin Xarkov və Luqansk vilayətlərinin sərhədində hücum əməliyyatları keçirdiyini iddia ediblər.
S.ELAY,
"Xalq qəzeti"