İki ərəb ölkəsi altı ildən sonra diplomatik əlaqələri bərpa edir

post-img

Bir neçə il idi ki, diplomatik əlaqələri dondurulmuş iki ərəb ölkəsi arasında münasibətlər yenidən bərpa edilir. Belə ki, Qətərin xarici siyasət idarəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik əlaqələrin bərpa olunduğunu bəyan edib. İki ölkənin səfirlik və konsulluqları bazar ertəsi, yəni 19 iyunda öz fəaliyyətlərinə başlayacaq. 

Bu barədə Qətər xarici işlər nazirliyinin rəsmi “Tvitter” səhifəsində məlumat dərc olunub. Məlumatda deyilir:

"İki ölkənin ikitərəfli əlaqələrin möhkəmləndirilməsi barədə razılaşma və çalışmalarına əsasən, Qətər və BƏƏ diplomatik əlaqələrin bərpa olunduğunu, həmçinin Qətərin Əbu-Dabidə səfirliyinin, Dubayda konsulluğunun və BƏƏ-nin Dohada səfirliyinin bazar ertəsi, 19 iyun 2023-cü ildə fəaliyyətini bərpa edəcəyini bəyan edirlər".

Qeyd edək ki, 2017-ci ildə Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən və Liviya Qətəri regionda qeyri-sabitlik yaratmaqda ittiham edərək bu ölkəylə diplomatik əlaqələri dayandırmışdı.

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya