Ukraynada strateji obyekt partladılıb

post-img

İyunun 6-da Xerson vilayətində Kaxovka Su Elektrik Stansiyasının (SES) bəndi partladılıb. Ukrayna tərəfi partlayışın Rusiya hərbçilə­ri tərəfindən törədildiyini bildirir. Bu iddiaların isə əsası var. Çünki Rusiya Federasiyası dəfələrlə uk­raynalıları Kaxovka Su Anbarının partladılması, Zaporojye Atom Elektrik Stansiyasının suya basıl­ması, nüvə təhlükəsinin yaradıl­ması və s. ilə qorxudub. 

Xerson vilayəti hərbi administrasi­yasının rəhbəri Aleksandr Prokudin bu barədə deyib: “Rusiya ordusu daha bir terror aktı törədib - Kaxovka SES-i partla­dıb. Hazırda dağıntıların miqyası, suyun sürəti və həcmi, daşqınların ehtimal olu­nan əraziləri dəqiqləşdirilir. Bəzi yerlərdə su kritik həddə çatdığından təhlükəli əra­zilərdən sakinlərin təxliyəsinə başlanılıb”.

Prokudin sakinlərdən sənədləri, zə­ruri əşyaları toplamağı və evakuasiya avtobuslarını gözləməyi xahiş edib. İşğal altında olan Novaya Kaxovkanın Rusiya tərəfindən təyin edilmiş meri Vladimir Le­ontiev isə baş verən hadisədə Ukraynanı günahlandırıb. O, gecə zərbələri nəticə­sində Kaxovka Su Elektrik Stansiyasının bəndindəki dağıntını təsdiqləyərək bunu “ciddi terror aktı” adlandırıb.

"Gecə saat 2 radələrində Kaxovka Su Elektrik Stansiyasına çoxsaylı zərbələr endirildi. Strateji əhəmiyyətli obyekt –Kaxovka su elektrik stansiyası qismən dağılıb. Stansiyanın bir hissəsinin uç­ması mərmi atəşi nəticəsində baş verib. Onun tamamilə dağıdılması ilə bağlı ya­yılan məlumatlar isə reallıqdan uzaqdır”, - deyə o bildirib.

Bu arada Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də hadisəyə münasibət bildirib: “Kaxovka Su Elektrik Stansiya­sında baş verən partlayışın məsuliyyətini Rusiya daşıyır”. O, bu hadisəni “hərbi ci­nayət” adlandırıb.

Xatırladaq ki, Kaxovka su anbarı ha­zırda işğal altında olan Xerson vilayətinin Novaya Kaxovka şəhərindən 5 kilometr aralıda yerləşir və Dnepr Su Elektrik Stansiyaları kaskadının son pilləsidir. Obyekt Ukraynanın cənubunun müəy­yən hissəsini elektrik və su ilə təmin et­mək üçün Dnepr çayında suyun axınını tənzimləyir. 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə işğal olunub. Ru­siya üçün bu ərazinin strateji əhəmiyyəti var və SES-də partlayış törətməklə ilk növbədə Ukrayna ordusunun Xerson və Zaporojye istiqamətində geniş miqyaslı əks-hücumunun qarşısını almağa, cə­bhəni daraltmaqla müdafiəni gücləndir­mək istəyir.

Rusiya tərəfi Ukrayna Ordusunun əks-hücumuna isə mane ola bilməyəcək. ABŞ peyk görüntüləri vasitəsilə döyüş mövqelərində Ukrayna hərbçilərinin ak­tivliyini qeydə alıb. Amerikalı hərbçilərin sözlərinə görə, Kiyev düşmən mövqeləri­ni müəyyən etmək və Rusiya qüvvələrinin sayını öyrənmək üçün “kəşfiyyat döyüşü” aparır. Əsas məqsəd uğurlu əks-hücum üçün Rusiyanın müdafiəsində zəif nöqtə tapmaqdır. Bu barədə Pentaqonun rəh­bəri Lloyd Ostin videobrifinqdə deyib :“Rusiyanın işğal etdiyi ərazilər boyun­ca müdafiə və bir çox hallarda dərindən müdafiə qurduğu hamıya məlumdur. Biz bir neçə sıra istehkam xəttini, xəndəkləri, “əjdaha dişlərini”, hazırlanmış mövqeləri və s. görürük”.

O deyib ki, Rusiya qüvvələri yetərincə uzun ərazidə hücumların qarşısını alma­ğa məcbur qalırlar. “Deməli, ruslar təbii ki, hər yerdə güclü ola bilməzlər. Ona görə də Ukrayna Silahlı Qüvvələrinin əs­gərləri istifadə edə biləcəkləri üstünlük nöqtələrini tapmalıdırlar”, – Pentaqonun rəhbəri vurğulayıb.

Hazırda əsas döyüşlər Baxmut is­tiqamətində gedir. Qərb ölkələri əks-hü­cum üçün Ukrayna Silahlı Qüvvələrinin 12 briqadasını döyüşə hazır vəziyyətə gətirib və müasir silahlarla təchiz edib. Əks-hücumda da əsas ağırlıq onların üzərinə düşür.

Hadisələrin bu fonunda Kiyev şəhəri iyunun 6-na keçən gecə qanadlı raketlə­rin növbəti hücumuna məruz qalıb. Hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib. Kiyev Regional Hərbi Administrasiyasının yay­dığı məlumata görə, Rusiya ordusunun gecə hücumu zamanı Kiyev səmasında 20-dən çox raket vurulub. 

 

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya