İki yüz milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən Türk ailəsinin üzləri bir-birinə qarşılıqlı dəstək və həmrəylik göstərməklə dünyaya dostluq nümunəsi nümayiş etdirirlər. Türk dövlətləri arasında siyasi, iqtisadi, ticari, mədəni əlaqələr, o cümlədən təhlükəsizlik, müdafiə kimi sahələrdə də əməkdaşlıq getdikcə möhkəmlənir. İstər ulu öndər Heydər Əliyevin siyasi kursu, istərsə də Prezident İlham Əliyevin 20 il ərzində ölkəyə rəhbərliyi dövründə Azərbaycan həmişə Türk dünyasının sıx birliyinə, dostluq və qardaşlığının daha da möhkəmləndirilməsinə öz töhfəsini verib.
Prezident İlham Əliyevin türk dövlətlərinin əməkdaşlığının daha da sıx olmasına, əlaqələrin genişləndirilməsinə verdiyi töhfələrdən biri də “Türk İnvestisiya Fondunun yaradılması” təşəbbüsüdür. Məhz cənab Prezident 2014-cü ilin iyununda Bodrumda keçirilən türk Dövlətləri Təşkilatının IV Zirvə görüşündə Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Bu fondun yaradılması TDT-yə üzv dövlətlərin iqtisadi baxımdan yaxınlaşmasına əlverişli imkan yaradacaq. Ekspertlər də bildirirlər ki, Türk İnvestisiya Fondu Türk dövlətlərinin iqtisadi inkişafına, həmçinin sərmayə qoyuluşunun artmasına təkan verəcək.
Dövlət başçımızın təçəbbüsü ilə atılan konkret addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlara uğurlu əməkdaşlığının və həmin qurumların bəzilərinə sədrliyi sayəsində əldə etdiyi zəngin təcrübənin göstəricisidir. Xatırladaq ki, Azərbaycan bu vaxta qədər AŞPA-nın Nazirlər Komitəsinə, BMT Təhlükəsizlik Şurasının qeyri- daimi üzvü olarkən iki dəfə bu quruma sədrlik etmiş və dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Bütün bunlar Azərbaycana dünya miqyasında göstərilən inam və etimadın təsdiqidir. Bu, eyni zamanda, ölkəmizin beynəlxalq səviyyədə milli maraqlarının davamlı şəkildə müdafiə olunmasında və nüfuzunun daha da yüksəlməsinə xidmət edir.
“Türk İnvestisiya Fondu”nun yaradılması həm Azərbaycan, həm də Türk dövlətləri üçün yeni investisiya imkanları yaradacaq. Fond, birmənalı şəkildə, daha çox investisiyanın Türk dövlətlərinə yönəldilməsinə imkan verəcək. Ekspertlərin fikrincə, Azərbaycanda da qeyri-neft sektorunda sərmayələrə ehtiyac olduğunu nəzərə alsaq, bu fond ölkəmiz üçün investisiyanın şaxələndirilməsi aspektindən çox zəruridir.
Bir neçə gün əvvəl Milli Məclisin plenar iclasında “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarıldı.
Tahir MİRKİŞİLİ,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
– “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş bu il martın 16-da Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü zamanı imzalanıb. Fondun məqsədi regionda daxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyəti dəstəkləmək vasitəsilə Türk Dövlətləri Təşkilatına üzv iştirakçı dövlətlərinin iqtisadi inkişafına, birgə layihələrin həyata keçirilməsinə töhfə verməkdir. Fondun nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Onun 350 milyon dolları ödənilmiş, 150 milyon dolları isə çağrıla bilən paylara aiddir. Nimaznamə kapitalı 5 üzv arasında bərabər bölünüb və hər bir üzv 75 milyon dollar ödənilmiş, 25 milyon dollar isə çağırıla bilən payın sahibi olacaqdır. Fond və onun hər hansı ödəniş üçün nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min paya bölünüb. Hər bir üzv dövlət üçün ödəniş kimi 5 milyon dollar 90 gün ərzində, qalan 70 milyon dolları isə 3 il ərzində ödəməlidirlər.
Fondun təşkilatı və idarəetmə strukturu sazişdə aydın əks olunub. Fondun prezidenti qurumun Rəhbərlər Şurası tərəfindən dördillik müddətə uzatma və yenidən təyinetmə olmadan rotasiya əsasında təyin edilir. Hər bir üzv ölkə fondun Rəhbərlər Şurasında nazir müavinləri səviyyəsində təmsil olunacaq. Fond və onun aktivləri bütün müsadirə tədbirlərindən, həbs qoyulamqdan immunitetə malikdir. Fondun aktivləri, gəlirləri bütün birbaşa və dolayı vergilərdən, o cümlədən kömrük rüsumlarından tam azaddırlar. Bu azadolmalar fond tərəfindən investisiya qoyulmuş məsələyə aid edilmir.
Yeri gəlmişkən, 2022- ci illə müqayisədə Azərbaycanla Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə 70 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollara qədər yüksəlmişdir. Son illər ərzində tərəflər arasında ticarət və iqtisadi əlaqələrdə ciddi inkişaf müşahidə olunur. 1,2 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ümumdaxili məhsula malik olan Türk dünyası birləşib və daha da güclənib. Belə bir fondun yaradılması Türk dünyasının daha da güclənməsində tarixi səhifə açacaq.
Bəs TİF hansı səlahiyyətlərə malikdir?
Bu məsələ müzakirəyə təqdim edilən sazişdə öz əksini tapıb. Sənəddə bildirilir ki, fond öz məqsədini həyata keçirmək üçün regiondaxili ticarətin təşviqində yardım etmək, kiçik və orta müəssisələrə aid olan layihələri maliyyələşdirmək, beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlıq etmək və birgə maliyyələşdirmək, sənaye istehsalı, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizm daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrini dəstəkləmək, enerji səmərəliliyi, bərpa olunan enerji və ətraf mühitin mühafizəsinə investisiya yatırmaqla yaşıl iqtisadiyyata töhfə verən layihələri maliyyələşdirmək və digər zəruri sahələri maliyyə dəstəyi ilə təmin etmək funksiya və səlahiyyətlərə malikdir.
TİF Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistanın iştirakı ilə formalaşacaq.
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”