WP: Qərb tanklarının və F-16 qırıcılarının Ukraynaya təhvil verilməsində Blinken israr edib

post-img

“The Washington Post” (WP) mənbələrə istinadən yazır ki, dövlət katibi Entoni Blinken ABŞ Prezident administrasiyasında Ukraynanı Amerika F-16 qırıcıları ilə təmin etmək istəyən “əsas qüvvə” olub. Mənbələrin fikrincə, NATO Kiyevi müasir tanklarla təchiz edib-etməmək məsələsində “ilişib qalanda” cənab Blinken “oxşar rol oynayıb”. 

Söhbət bu qış, Pentaqonun müqavimətinə baxmayaraq, Entoni Blinkenin Ağ Evi Amerika "M1 Abrams" tanklarını Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyə razı sala bildiyi vəziyyətdən gedir. Bu, Avropa müttəfiqlərinə və ilk növbədə Almaniyaya "Leopard" tanklarının çatdırılmasına başlamağa imkan verib.

WP məlumat verir ki, Vaşinqtonun F-16-nın Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi ilə bağlı razılığı həm də müttəfiqlər, ABŞ Konqresinin və Ukrayna Prezidenti Vladimir Zelenskinin “daimi təzyiqinin nəticəsidir”.

Bir gün əvvəl ABŞ administrasiyası bildirmişdi ki, Prezident Co Bayden digər ölkələrin ukraynalı pilotlara F-16-nı idarə etmək üçün təlim keçmək səylərini dəstəkləyir. Vaşinqton yaxın aylarda müttəfiqləri ilə Ukraynaya hansı ölkənin təyyarə verəcəyi ilə bağlı danışıqlar aparacaq. ABŞ administrasiyasının fikrincə, “hal-hazırda döyüş meydanında F-16-nın vaxtı hələ gəlməyib”, lakin gələcəkdə onlara tələb olacaq. Hələ fevral ayında cənab Bayden F-16-ların ABŞ-da qalmalı olduğunu deyərək tədarükdən imtina etmişdi.

Xatırladaq ki, may ayında Böyük Britaniya və Hollandiya Ukraynaya F-16-ların tədarükü üçün koalisiya yaratmaq barədə razılığa gəliblər.

S.ELAY,

"Xalq qəzeti"

Dünya