“Milli birliyi canlandıran Xoy dərdi”

post-img

Güneyli soydaşımız, Araz Əhmədoğlu bu yaxınlarda Xoyda baş vermiş zəlzələ barədə sosial şəbəkədə yayılmış “Milli birliyi canlandıran Xoy dərdi” yazısında bildirir: 

“Xoy əhlini Türkiyədə və Avropada təhsil alan 5 azərbaycanlı tələbənin uşaqlara göndərdiyi 5 milyon tümənlik hədiyyə çox təsirləndirdi. Bu igidlər Borçalı və Naxçıvan bölgələrindən olan gənclərdir. O əzizlərdən hədiyyə alan məsum uşaqların salam və xeyir dualarını çatdırmaq borcumuzdur”.

Soydaşımız özü haqqında belə bilgi verir: “Məktəbə getməzdən öncə atamdan yazıb-oxumağı öyrənmişdim və sinfimizdə birinci idim. 1986-cı ildə orta məktəbi bitirdim və Şiraz Universitetininin radiotexnika bölümünə daxil oldum. Tələbəlik illərində qürbətin, qəribliyin acısını, dərdini dərindən duydum. Mənim türk ləhcəsi ilə fars dilində danışmağımı lağa qoyub gülməsinlər deyə, gecə-gündüz farsca danışmağa çalışdım. Türk ləhcəmi az-çox itirsəm də, adımı və soyadımı saxlaya bildim. 

Elə məqam oldu ki, adımı dəyişməyə qərar verdim. Elə bu arada bir erməni tələbə Rəşid Behbudovu mənə tanıtdı və kasetini verdi. Bütün mahnıları öyrənib yaddaşıma həkk elədim. 1990-cı il mənim ömrümdə dönüş nöqtəsi oldu. Çünki həmin ildə mən “Varlıq” jurnalı, Hacıbaba Hüseynov, Bakı radiosu və Azərbaycanın muğam musiqisi ilə tanış oldum. 1996-cı ildə Təbriz Universitetinin ingilis dili və ədəbiyyatı bölümünə daxil oldum. Bu hadisə dünyagörüşümdə böyük bir dəyişikliyə səbəb oldu”.

Araz Əhmədoğlu Facebook paylaşımının davamında yazır:

1. Qışın 10 dərəcə şaxtasında çadırda sən özün yaşaya bilərsənmi?

2. O çadırlarda qalmağın sonu budır: Xoyun güneyindəki Vəliəsr rayonunda çadır alovlanıb yanıb.

3. İnsanlar çadırda dəm qazdan zəhərnlənirlər. 80 yaşlı anayla 55 yaşlı oğlu da çadırda zəhərlənib Allahın rəhmətinə qovuşdu. 

4. İnsanlar çadırlarda qalmaqdansa çöldə tonqal başına toplaşırlar. Farslar da lağa qoyub deyirlər: “Türklər bayram edirlər”.

5. 3 mindən artıq ev, 14 məktəb yararsız duruma düşüb. Sentyabrın 20-dən bəri saysız-hesabsız zəlzələ olub. Zəlzələlər çoxaldıqca dağılan evlərin sayı da çoxalır.

6. Evlərini itirmiş uşaqlar çəkdikləri rəsmdə ev həsrətini sərgiləyirlər. Onlara bu havada ən çox lazım olan evdir.

7. Xoy zələləsində millətin dadına çatan yenə də Türk ulusu oldu. Azərbaycanın şəhərlərindən, Qaşqaylardan, Türkmənlərdən və bəzi başqa şəhərlərdən dəstək gəlir. Yardım göndərən əziz millətimizə dərin təşəkkürlərimizi, məmnun olduğumuzu bildiririk. 

8. Yardımları gərçək ehtiyacı olanlara çatdıran vətənsevər igidlər, Mühəndis Paşazadəyə, rəssam Murad Əmmarıya, xətt ustadı Abbas Köçərliyə, Sədra Ağasıya və adlarını bilmədiyim başqa dostlara Xoy əhalisi adından təşəkkür edirik.

9. Bu mətni hazırlayarkən 3 zəlzələ titrəyişi oldu.

Araz Əhmədoğunun bu məktubunda Güneydə mövqe və imkan sahibi olan zümrənin təmsilçilərinin – məmurların, mal-mülk sahiblərinin, dükan-bazar əhlinin adına rast gəlmədik. 5 tələbənin göndərdiyi 5 millyon tümənlik yardımı isə pay-bölüş edənlər rəssam, xəttat və digər ziyalılardır. 

Mirzə Cəlil, Mirzə Ələkbər Sabir demiş, bəs hara baxır Güneyin “millət dərdi çəkməkdən əriyib çöpə dönən” şişman tacirləri, karxana sahibləri? Sabir belələrinə haqlı olaraq demişdi: 

                    Hər nə çəksən, cək, bəradər, çəkmə düz mizanını,

                    Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını.

                                                  

Allah sənə rəhmət eləsin, çiynində dərd dağları daşımış Mirzə Cəlil. O zaman necə demişdin? : “Bu gün Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır! Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa – gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur”.

 

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

 







Dünya