Britaniyada 2011-ci ildən bəri ən miqyaslı tətil gözlənilir

post-img

Fevralın 1-də Böyük Britaniyada əməkhaqqlarının artırılmasını tələb edən yarım milyon insan son 12 ilin ən miqyaslı tətilinə qoşulacaq.

AZƏRTAC Qərb mediasına istinadla xəbər verir ki, İngiltərə, Uels və Şotlandiyada minlərlə məktəb qismən və ya tamamilə bağlanacaq. Proqnozlara görə, aksiya təhsil müəssisələrinin 85 faizinə təsir edəcək. Belə ki, 200 min müəllimin işə çıxmayacağı gözlənilir.

İngiltərədə qatarların əksəriyyətinin hərəkəti dayanacaq – tətillər ölkənin ən iri 14 operatoruna təsir edəcək. Sərhəd xidməti əməkdaşlarının tətilə qoşulması isə aeroportların işində problemlər yaradacaq. Həmçinin 100-dən çox departament və dövlət orqanında, o cümlədən Nazirlər Kabinetinin Ofisində, səhiyyə, nəqliyyat, təhsil və biznes departamentlərində, Britaniya muzeyində, Seçki Komissiyasında və ölkənin Kosmik Agentliyində çalışan 100 minə yaxın dövlət qulluqçusu tətillərə qoşulacaq.

Tətili təşkil edən həmkarlar ittifaqları hökumətlə danışıqların dalana dirəndiyini, hökumət nümayəndələri isə yalnız tətillərin dayandırılacağı halda etirazçıların tələblərinin ciddi müzakirə olunacağını deyirlər.

Dünya