Ümumi orta təhsil bazasında kolleclərə sənəd qəbulu bu gün başa çatır

post-img

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu bu gün saat 17:00-dək aparılacaq.

Bu barədə "Xalq qəzeti"nə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilir ki, abituriyentlər DİM-in ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra Mərkəzin müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği “Şəxsi kabinet”dəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların müvafiq hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən abituriyentə təqdim olunur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamının 1.1-ci bəndinə əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Həmin Sərəncamın 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

-Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

-şəhid ailəsinin üzvləri;

-valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

-məcburi köçkün statusu olan şəxslər;

-I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Sənəd qəbulu komissiyalarının ünvanları və tələb olunan sənədlərlə DİM-in saytında tanış olmaq mümkündür.

Təhsil