Dövlət qulluğu üzrə test imtahanı vermək üçün qeydiyyat elan edilib

post-img

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 30-da dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan üçün qeydiyyat aprelin 20-dək (saat 10:00-a qədər) aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb.

İmtahan yeri (binası) barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq. İmtahan vermək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytında tanış olmaq mümkündür. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahan vermək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə öyrənə bilərlər.

Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün müvafiq mənbələr DİM-in saytında yerləşdirilib.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə test imtahanında iştirak edir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikat 5 il qüvvədə olur. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda o, müsahibədə iştirak edə bilməz.

Təhsil