Heydər Əliyev və Novruz bayramı

post-img

Dahi siyasətçi Heydər Əliyev bütün varlığı, qəlbi, ruhu ilə doğma xalqına, onun milli adət-ənənələrinə, əxlaqi dəyərlərinə bağlı olan böyük tarixi şəxsiyyət idi. Ulu öndərin qəlbində ana təbiətin oyanışının, həyatın yenilənməsinin, ümidlərin, arzuların çiçəklənməsinin, insanlar arasında bərabərliyin, həmrəyliyin rəmzi sayılan Novruz bayramına xüsusilə dərin bir sevgi vardı. 

Hər birimizin yaxşı yadındadır ki, Heydər Əliyev sağlığında bu əziz bay­ramda xalqın arasında olmaqdan son­suz qürur hissi duyar, bayram münasi­bətilə təşkil olunan təntənəli tədbirlərdə iştirak edər, sadə insanlarlarla səmimi söhbətlər edərdi. Ulu öndər həmin sevincli anlarda qəlbindən dilinə axan ülvi arzu və diləklərini əhali ilə bölüş­məkdən xüsusi zövq alardı. 

Ümummilli lider 2000-ci il martın 21-də Novruz bayramında son dərəcə parlaq, unudulmaz çıxışında deyibdir: “Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramı­dır. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bay­ramlarıdır, bir qismi xalq, din bayram­larıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır”.

Heydər Əliyev qeyd edibdir ki, Nov­ruz bayramının dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu bayram təbiətlə, kainatla əlaqədar­dır. Özü də bunun elmi əsasları var. Bu bayram min illər boyu xalqımızın qəl­binə daxil olub və çox dərin köklər sa­lıbdır. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir.

Dahi siyasətçi həmin tarixi çıxışın­da Novruzun xalqımızın həyatında, məişət və mentalitetində dərin iz bu­raxdığını məxsusi qeyd edərək vur­ğulayıbdır: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayram­da siyasi baxışlarından, siyasi dün­yagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü gö­türsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevənlər də bayram edir, bir-birinə düşmən olan da. Amma bay­ramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlar­dan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür”. 

Heydər Əliyev doğma xalqını son­suz bir məhəbbətlə sevirdi. O, Vətə­ninin daha güclü və qüdrətli bir döv­lətə çevrilməsini, ölkə vətəndaşlarının xoşbəxt və rifah içində yaşamalarını arzulayırdı. Dahi siyasətçi memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövlətinin və xalqının parlaq gələcə­yinə inanırdı. 

Dahi siyasətçi əmin idi ki, xalqımı­zın həyatı gündən-günə yaxşılaşacaq, Azərbaycan yüksələcək və respublika­mızın hər bir sakini rahat və xoşbəxt yaşayacaqdır. 

Heydər Əliyevin xalqımızın tərəqqi­sinə xidmət edən ölməz ideyaları bu gün də bizimlədir, onlar bizi daha güclü və həmrəy olmağa səsləyir. 2020-ci ilin payızında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz əzəli və əbədi torpaqlarını düşməndən azad edən qalib Azərbaycan indi regionun ən qüdrətli dövlətidir. Xalqımız bu gün qədim tarixinin ən şərəfli dönəmini ya­şayır. 

İki gün əvvəl Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbay­can xalqına təbrik ünvanlayıb. Orada deyilir: “Ülvi bəşəri hisslərin daşıyıcı­sına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xe­yirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətra­fında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qorudu­ğumuz Novruz ənənələri mənəvi sər­vətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfə­mizdir”.

Dövlətimizin başçısının təbirikində xüsusi olaraq qeyd olunur ki, xatirəsini daim minnətdarlıqla andığımız şəhid­lərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqla­rımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qa­yıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır”.

Bəli, bu gün Azərbaycan dövləti güclü və yenilməzdir, ölkə vətəndaşları azad və xoşbəxtdirlər. Qoy, qəlbimiz­dən Vətən sevgisi və bahar sevinci heç vaxt əskik olmasın. 

Novruz bayramınız mübarək olsun! 

 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

he11.jpg

Sosial həyat