Bakıda Gürcüstanın Müstəqillik Günü

post-img

Mayın 26-da Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub. 
Gürcüstanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, icra və qanunvericilik orqanlarının rəhbərləri, Gürcüstandan dəvət olunmuş yüksəkvəzifəli qonaqlar, ölkədə akkreditə olunmuş diplomatik heyətin nümayəndələri və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib ki, Gürcüstan və Azərbaycan rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətləri daha da inkişaf edir, ikitərəfli strateji tərəfdaşlığımız daha da dərinləşir. 
Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran diplomat ölkələrimiz arasında münasibətlərin dərinləşməsində, birgə layihələrin həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rolunu xüsusi qeyd edib. Beynəlxalq sahədə də ölkələrimizin bir-birini dəstəklədiklərini bildirən Zurab Pataradze Gürcüstan və Azərbaycanın bir çox sahələrdə sıx əməkdaşlıq etdiklərini deyib. O, enerji sektorunu ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirib. Vurğulayıb ki, birgə layihələr həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafına böyük töhfə verir.
Azərbaycan xalqını və dövlətini 28 May - Müstəqillik Günü münasibətilə təbrik edən diplomat ölkələrimizin regionda sülh və sabitlik tərəfdarı olduğunu da vurğulayıb. 
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bildirib ki, Azərbaycan və Gürcüstan hər zaman dostluq və qardaşlıq şəraitində yaşayıblar. Bunu hər iki ölkənin 105 il bundan əvvəl müstəqillik qazanması da sübut edir.
Gürcüstan xalqını və dövlətini müstəqillik bayramı münasibətilə təbrik edən Baş nazir bildirib ki, ölkələrimiz arasında mehriban dostluq münasibətlərinin əsası ulu öndər Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulub. Vurğulayıb ki, ümummilli lider hər zaman ­Gürcüstanla münasibətlərə böyük önəm verirdi. Bu münasibətlər hazırda Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin xidmətləri sayəsində daha da inkişaf edərək dərinləşir.
“Ölkələrimiz arasında strateji tərəfdaşlıq və siyasi dialoq yüksək səviyyədədir. Biz bir-birimizi beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyirik. Birgə həyata keçirilən layihələrimiz regionun inkişafına töhfə verir. Yaşıl enerji ilə bağlı yeni layihələr reallaşdırılır. Bütün sahələrdə əməkdaşlığımız inkişaf edir. İnanırıq ki, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri daha da dərinləşəcək”, - deyə Ə.Əsədov əlavə edib. 
Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam edib.
Tədbir iştirakçıları Abxaziya Dövlət Akademik Mahnı və Rəqs Ansamblı “Abxazeti"nin və Azərbaycanın Əməkdar artisti, gürcü müğənnisi Manana ­Caparidzenin ifasını dinləyiblər. 
Həmçinin gürcü adət-ənənələrinin çoxəsrlik tarixini özündə əks etdirən gürcü milli geyimlərinin sərgisi keçirilib. 


AZƏRTAC

Sosial həyat