Minatəmizləmə təcrübəmiz digər ölkələr üçün nümunədir

post-img

Ağdamda mayın 25-də başlanan “Mina təhlükəsi ilə mübarizə–dayanıqlı inkişafa gedən yol” mövzusunda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı Bakıda başa çatıb. 


Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ümummilli lider ­Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Azərbaycana həsr edilmiş bir ömür” adlı film nümayiş etdirilib.    

Konfrans mina partlayışı nəticəsində zərərçəkmiş şəxsin və minaaxtaranın müraciəti ilə başlayıb. Daha sonra açılış nitqi ilə çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı məskunlaşmanın təmin edilməsi istiqamətində aparılan işlər barədə məlumat verib. E.Hüseynov işğalçıdan təmizlənən ərazilərin bərpasında Azərbaycanın üzləşdiyi ən mühüm problemlərdən birinin mina və digər partlayıcı maddələr olduğunu qeyd edib.
Konfransda çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov keçirilən konfransın mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirərək yeni tərəfdaşlıqlar qurmaq və minasız dünyaya yol açacaq konkret fəaliyyət planları hazırlamaq üçün yeni bir imkan yaratdığını diqqətə çatdırıb. V.Süleymanov, eyni zamanda, humanitar minatəmizləmənin Davamlı İnkişaf Məqsədləri üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə çıxış edənlər tərəfindən Azərbaycanın, eləcə də minadan əziyyət çəkən digər ölkələrin ərazilərin minalardan təmizlənməsinin dayanıqlı inkişaf və sülhə nail olmaqda ilkin şərt olduğu bildirilib. Həmçinin 2020-ci ildə başlanan Vətən müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə yardım məqsədilə 11 milyon dollar ayırdığı qeyd edilib.
Yeri gəlmişkən, Ağdamda keçirilən konfransın ilk sessiyasında münaqişədən zərər çəkən bölgələrdə infrastrukturun təhlükəsiz bərpası, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıtması, regionda davamlı sülhün bərqərar olması, habelə investisiya proqramlarının həyata keçirilməsi üçün humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyəti və Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa bağlılığı ətrafında müzakirələr aparılıb. Tədbir çərçivəsində, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığını, xidməti fəaliyyətini əks etdirən sərgi təşkil olunub. Bundan başqa, cari il aprelin 28-də Tərtərin Tapqaraqoyunlu istiqamətində ərazilərin dronlar vasitəsilə tədqiqatını həyata keçirən subpodratçı təşkilatın əməkdaşlarının minaya düşərək həyatlarını itirdikləri nəqliyyat vasitəsi də nümayiş etdirilib.   
Səfər çərçivəsində konfrans iştirakçıları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahında bərpa-quruculuq planları ilə tanış olub, eləcə də mina partlayışları nəticəsində zərərçəkmiş amputant futbolçuların oyununu izləyiblər. Qonaqlar, həmçinin ANAMA-nın fəaliyyət göstərdiyi minatəmizləmə sahəsinə səfər ediblər. Burada onlara icra olunan humanitar minatəmizləmə əməliyyatları haqda məlumat verilib, minaların partlayış yolu ilə zərərsizləşdirilməsi nümayiş edilib.    
Konfransda 2020-ci ilin noyabr ayından etibarən Azərbaycan tərəfindən aparılan geniş minatəmizləmə əməliyyatları nəticəsində 81 min 386 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib.
Ümumilikdə 88 min 260 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 28 min 259 piyada əleyhinə mina, 15 min 303 tank əleyhinə mina və 44 min 698 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. 
Əldə edilən irəliləyişlərə baxmayaraq, mina təhlükəsi hələ də davam edir. Son 32 ayda 302 Azərbaycan vətəndaşı mina və müharibənin partlayıcı qalıqlarının qurbanı olub. Onlardan 57-si dünyasını dəyişib, 245 nəfəri isə yaralanıb.
Tədbirdə, eyni zamanda, minalarla çirklənmə ilə bağlı mübarizə məsələsinin respublikamızın milli prioritetləri sırasına daxil edilməsinin önəmi vurğulanıb. Ona görə də Azərbaycan hökuməti tərəfindən diqqət işğaldan azad olunan ərazilərin bərpasına yönəldilib, insanların bu ərazilərə qaytarılması üçün torpaqların minalardan təmizlənməsinə xüsusi əhəmiyyət verilib. 
Bakıda keçirilən “Minalarla mübarizə – dayanıqlı inkişaf məqsədlərinə gedən yol” mövzusunda beynəlxalq konfransın ikinci günündə çıxış edən ANAMA İdarə Heyətinin sədrinin müavini Samir Poladovun sözlərinə görə, tikinti-quruculuq işləri üçün ilk növbədə bu ərazilər minalardan təmizlənməlidir: “Bu torpaqlarda kasetli sursatlar, piyada və tank əleyhinə minalar, partlamamış sursatlar aşkar olunur. Ən çox rast gəlinən minalar plastik minalardır. Bu, Ermənistanda istehsal olunan minalardır”.
O bildirib ki, Azərbaycana verilən xəritələrin yalnız 25 faizinə inanmaq olar: “Statistika göstərir ki, indiyə qədər mina partlayışlarının 70 faizi əvvəlki təmas xəttində arxada baş verib. ANAMA-nın hədəfi təmizlənən ərazilərin sahəsini illik 50 min hektara çatdırmaqdır”.
Böyük Britaniya Parlamentində İcmalar Palatasının üzvü, Partlayış Təhlükələri üzrə Parlament Qrupunun sədri Metyu Offord isə Vyetnamda, Kambocada olan mina təhlükəsini nümunə gətirərək bildirib ki, bu problem illər ərzində həmin ölkələrin inkişafına ciddi mane olub: “Ona görə də, haqlı olaraq minaların təmizlənməsi dayanıqlı inkişaf məqsədlərindən biridir. Eyni zamanda, bu proses böyük maliyyə vəsaiti tələb edir. Mən təqdir edirəm ki, Azərbaycan hökuməti bu məsələni milli prioritetə çevirib. Ölkənin tərəqqisi üçün minaların təmizlənməsi vacibdir. Azərbaycanın təcrübəsi digər ölkələr üçün nümunə ola bilər. Mən inanıram ki, Ukrayna minaların təmizlənməsi ilə bağlı Azərbaycanın yol xəritəsindən nümunə götürəcək”.
Konfransda  “Links Europe” şirkətinin direktoru Dennis Sammutun sözlərinə görə, Cənubi Qafqazda mina təmizlənməsi məsələsinə insani perspektivdən yanaşılmalıdır. Bu gün minalar insanların evlərinə qayıtmasına mane olur. Beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycana yardım etməlidir, problemin ölçüsünü nəzərə alsaq deyə bilərik ki, bu gün verilən yardım okeanda bir damcı kimidir: “Biz birgə işləməliyik, minatəmizləmənin humanitar sferasına fokuslanmalıyıq. Texniki dəstək verməliyik. Bu, insan hüquqları ilə bağlı məsələdir, bu ərazilərin sakinlərinin öz evlərinə qayıtmaq hüququ var. Biz dünyanı – beynəlxalq ictimaiyyəti Ağdama gətirməklə yanaşı, bu şəhərdə törədilənləri dünyaya çatdırmalıyıq”.
Beləliklə, 51 ölkədən gələn 160-a yaxın rəsmi şəxsin–sabiq dövlət və hökumət başçılarının, bir sıra ölkələrin parlament üzvlərinin, BMT baş ofisinin rəhbər heyətinin, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iştirak etdikləri  konfrans ANAMA və BMT-nin birgə təşkilatçılığı ilə reallaşıb. Belə bir nüfuzlu tədbirin keçirilməsində əsas məqsəd ölkəmizin üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı tərəflərin diqqətinə çatdırmaq olub.  
Xatırladaq ki, konfrans ötən ilin 30 mart - 1 aprel tarixlərində “Humanitar Minatəmizləmə və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda keçirilmiş beynəlxalq konfransın davamıdır.


V.BİNYATOĞLU, 
“Xalq qəzeti”             

Sosial həyat