Laçın doğma sakinlərini qəbul etməyə hazırlaşır

post-img

Ölkə Prezidenti İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən işğal dövründə ermənilər tərəfindən Laçında qanunsuz məskunlaşma siyasəti aparıldığını, xaricdə yaşamış ermənilərin həm Laçın şəhərinə, həm də bir neçə kəndə gətirilərək yerləşdirildiklərini və bunun bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayıldığını vurğuladı. Dövlətimizin başçısı Ermənistanın bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməməsini təəssüflə bildirdi. 

Yeri gəlmişkən, Vətən müharibəsi erməni vəhşiliyini bütün dünyaya nüma­yiş etdirdi. Belə ki, Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı Qarabağın dağlıq böl­gəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən yağılar­dan qarış-qarış təmizləndikcə xalqımıza məxsus tarixi və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi aşkar­landı. Düşmənin ən çox dağıtdığı mədəni irs nümunələri sırasında isə İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri daha çox diqqət çəkdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçın rayonu bu gün yenidən bərpa edilir. Yaşayış sahəsinin həm təhlükəsizliyinin qorunması, həm də ora keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması qarşıda duran əsas vəzifələrdən biridir. 

Laçında tikinti-quruculuq, yeni­dənqurma prosesi uğurla həyata keçiri­lir. Ölkə rəhbəri hər bir layihənin icrasını xüsusi diqqətində saxlayır. Dövlətimizin başçısı tərəfindən imzalanan “Laçın şəhəri, 2 nömrəli tam orta məktəb bina­sının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında”, “La­çın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında”, “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin la­yihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında” sərəncamlar da bu­nun bariz ifadəsidir. 

Prezident İlham Əliyev daha sonra deyib: “Müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı iş­lərə start verilmişdir. Amma Laçın şəhəri­nin yenidən qurulması keçən ilin avqus­tun 26-dan bu yana icra edilir. Sizə və Azərbaycan ictimaiyyətinə bildirmək istə­yirəm ki, birinci mərhələdə Laçın şəhərin­də 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər ye­nidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstə­rişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin so­nuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qa­yıdacaqlar.

Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Məscidin təməlini də mən Laçında olarkən özüm şəxsən qoydum və çox gözəl yerdə bizim dini məbədimiz yaxın gələcəkdə inşa ediləcəkdir”. 

Laçında indiyədək çoxsayda mədəni irs nümunələri ilə yanaşı, infrastruktur obyekti də bərpa edilib. Rayonda gene­rasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansi­ya təxminən 7 min nəfər əhalinin elektrik enerjisi ilə təminatı üçün nəzərdə tutulub. Burada istehsal olunan elektrik enerjisi­nin Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və əra­zidə yerləşən digər infrastruktur layihələ­rini təmin etməsi planlaşdırılıb. 

Onu da xatırladaq ki, 2021 və 2022-ci illərdə təxirəsalınmaz tədbirlər çərçi­vəsində “Azərsu” ASC tərəfindən Laçın rayonu ərazisində müxtəlif diametrli bo­rularla ümumilikdə 13 kilometr uzunlu­ğunda su xətləri çəkilib, ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub. Eyni zamanda, zərurət ya­randıqda maşınlarla suyun daşınmasını təmin etmək üçün üç nöqtədə sudoldu­rucu qüllələr quraşdırılıb. Ötən müddətdə Kəlbəcər Sukanal Sahəsi tərəfindən La­çın rayonuna da xidmət göstərilib.

Hazırda rayonun Ermənistanla sər­həd istiqamətləri üzrə bütün mühən­dis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir. Laçın və Kəlbəcər ra­yonlarında 100 kilometrlərlə kəndlərara­sı, eyni zamanda, hərbi mövqelərə ge­dən yollar salınıb. Dövlətimizin başçısı bu məqamla bağlı deyib: “Beləliklə, bu gün biz Azərbaycan–Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sa­hib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq. Əlbəttə ki, Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbir­lər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar”.

Prezident İlham Əliyevin sərəncamı­na əsasən tikilən Kəlbəcər-Laçın avto­mobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun ti­kiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. Yol üzərində 3 tunelin tikinti­si aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr təşkil edəcək.

Laçının Qorçu kəndində inşası hə­yata keçirilən beynəlxalq hava limanı la­yihəsi isə əsl memarlıq möcüzəsidir. Yeri gəlmişkən, həmin aeroportun 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. 

İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Rayonun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi, ümumilikdə, bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılması­nı şərtləndirəcək və logistik mərkəzlərin yaradılmasına töhfə verəcək. 

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Sosial həyat