Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər bu il azı 1500 mənzil və ya fərdi evlə təmin olunacaq

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kollegiya iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramının bu il də uğurla davam etdirildiyi vurğulanıb. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı geniş miqyaslı sosial dəstək tədbirlərinin həyata keçirildiyini, bu tədbirlərin əhatə dairəsinin yeni layihələrlə getdikcə genişlənməkdə olduğunu bildirib.

Qeyd olunub ki, Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra həmin insanların mənzillə təminatı proqramı beş dəfə genişlənib. Onlara postmüharibə dövründə 4500, keçən il 1500, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev təqdim edilib. Cənab Prezidentin göstərişinə əsasən bu il də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə azı 1500 mənzil və fərdi evin verilməsi təmin olunacaq. Yaxın günlərdə həmin mənzil və fərdi evlərin verilməsinə başlanacaq.

Nazirlik tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən 1662 mənzildən artıq bir hissəsi onları ilk bron etmiş şəxslərə satılıb. Hazırda portal üzərindən mənzillərin bron edilməsi və bron etmiş şəxslərə mənzillərin satışı davam edir. Bu satışdan əldə olunan vəsait də bölgələrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına sərf olunacaq.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən son bir ildə 6,6 minədək şəxsin səyyar formada sosial-məişət, 400 şəxsin sosial-hüquqi xidmətlərlə təmin edildiyi diqqətə çatdırılıb. 

Sosial xidmət müəssisələrində ötən il 3 mindən, bu il 2300-dən çox şəxsə,  həmçinin qurumun layihələri üzrə 4 minə yaxın uşağa reabilitasiya yönümlü sosial xidmətlər, 120 ahıla günərzi xidmətlər göstərildiyi  qeyd olunub. Həssas qruplar üçün keçən il və bu il daha 3 günərzi qayğı mərkəzinin açıldığı, qarşıdakı dövrdə günərzi qayğı mərkəzləri şəbəkəsinin daha da genişləndiriləcəyi vurğulanıb. 

2022-ci ildə və bu ilin ötən dövründə 242 uşağın övladlığa verildiyi, cari ildə himayədar ailə modelinin tətbiqinə başlanmasının nəzərdə tutulduğu bildirilib.  

Sosial həyat