Lənkərandan Moldova, İsrail və Ərəb ölkələrinə də şokolad göndəriləcək

post-img

Əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, idxaldan asılılığın azaldılması dövlətimizin əsas prioritet məsələlərindən biridir. Ölkəmizdə uzun illərdir ki, ərzaq təhlükəsizliyinin təmin olunması və yerli istehsalın dəstəklənməsi üçün müxtəlif tədbirlər həyata keçirilir, müəyyən güzəştlər tətbiq edilir. Sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi ilə qida məhsullarının istehsalı, emalı sektorunun inkişaf etdirilməsi uğurla davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi nəticəsində 2021-ci illə müqayisədə ötən il Azərbaycanda qida məhsullarının istehsalında 7,7 faiz artım qeydə alınıb.

Ölkədə yaradılan əlverişli biznes mühiti qida sektorunda çalışan sahibkarların sayının da ildən-ilə artmasına şərait yaradır.

Lənkəranda qənnadı məhsullarının istehsalı ilə məşğul olan, “Made in Azerbaijan” brendi altında istehsal etdiyi məhsullarını xarici bazara çıxarmağa nail olan Nurlan Nurəliyev belə sahibkarlardan biridir. Onun yaratdığı müəssisə 2020-ci ildən “La RAN” MMC adı ilə fəaliyyət göstərir. Hazırda burada 120 nəfərə yaxın işçi çalışır.

Şirkət məhsul istehsalı üçün lazım olan xammalın böyük bir qismini Azərbaycanın yerli tədarükçülərindən əldə edir. Amma bəzi xammallar – xüsusi yağlar, bir sıra qatqılar xaricdən, xüsusən də Rusiya və Türkiyədən idxal edilir.

Sahibkarın sözlərinə görə, şirkət dörd kateqoriya üzrə məhsul istehsal edir. Bunlar lokum, marmelad, orta sinif konfetlər və premium sinfə aid brend şokoladlardır. İl ərzində 2500 ton yaxın məhsul istehsal edən şirkət bunun 300 tonunu xaricə göndərir, qalanı isə daxili bazarın tələbatının ödənilməsi üçün yerli bazara çıxarılır.

Şirkət rəhbəri bildirib ki, ölkə əhalisinin yerli məhsullara daha çox üstünlük verməsi yeni avadanlıqların alınmasını zəruri edir: “Bu yaxınlarda dövlət dəstəyi ilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən bizə 300 min manat kredit ayrıldı. Bu məbləği yeni avdanlıqların alınmasına sərf etmişik. Hazırda istehsal həcmini artıra bilmək üçün Sahibkarlığın İnkişafı Fonduna böyük məbləğdə əlavə kreditin ayrılması üçün müraciət etmişik. Bu kreditlə istehsal çeşidini genişləndirmək üçün yeni avadanlıqlar almağı nəzərdə tuturuq”.

İş adamının sözlərinə görə, şirkətin məhsulları Rusiya, Özbəkistan, Qırğızıstan və Türkmənistana ixrac olunur. Yaxın aylarda isə “La RAN” məhsullarını Moldovaya ixrac etməyə başlayacaq. Bu ölkəyə orta seqmentə aid olan şokolad və konfetlərin ixracı nəzərdə tutulur. Gələcəkdə İsrailə və Ərəb ölkərinə də məhsul ixracı planlaşdırılır. Artıq bununla bağlı təkliflər alınıb və yoxlanış üçün məhsul nümunələri göndərilib.

 

Sosial həyat