Erməni diversantlarının yenidən peyda olması İrəvanın məkrli planlarından xəbər verir

post-img

Ermənistan yenidən ölkəmiz əleyhinə təxribat-diversiya qrupu vasitəsilə hücumlar həyata keçirib. Rəsmi İrəvan şərti sərhədlərdə və cəbhə bölgəsində vəziyyəti gərginləşdirməyə çalışır. Bəs məqsəd nədir? 

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Moskva görüşündən sonra Kişinyovda iki ölkə arasında yekun sülhün imzalanması ilə bağlı razılığın əldə olunacağı məqamda Ermənistanın Zəngilana diversantlar göndərməsi bir daha bunu söyləməyə əsas verir ki, düşmən yenidən Qarabağda vəziyyəti gərginləşdirməyə çalışır.

Ermənistan diversantlarının ərazilərimizə göndərilməsi Zəngilana qayıdacaq soydaşlarımıza qarşı müxtəlif məkrli planların olduğunu göstərir. Artıq bilirik ki, Zəngilanın Ağalı kəndinə Azərbaycan vətəndaşları geri qayıdıblar. Yaxın zamanda Zəngilanın digər bölgələrinə də vətəndaşlarımızın qayıdışı planlaşdırılır. Ona görə də bu gün Ermənistan qəsdən Zəngilana diversant göndərib orada mina basdıraraq soydaşlarımıza qarşı hansısa terror aktları həyata keçirə bilərdi.

Hər halda sərhədçilərimizin ayıq-sayıqlığı nəticəsində növbəti dəfə Ermənistanın məkrli planları ifşa edildi",- deyə politoloq vurğulayıb.

O bildirib ki, Kişinyov görüşü öncəsi Zəngilanda həyata keçirilən diversiya hücumu mütləq şəkildə daha aydın dəyərləndirilməlidir. Həm Qərb, həm də Rusiya Ermənistanı bu hərəkətlərinə görə ciddi şəkildə təzyiqlərə məruz qoymalıdır. Əks təqdirdə, Azərbaycan sülhdən danışdığı halda, Ermənistan yenə də təxribatlara davam edəcək.

“Xalq qəzeti”

Siyasət