Çin Yaxın Şərqdə: aşkar və gizli məqamlar

post-img

Planetimizdə yeni dünya düzəni uğrunda mücadilə həlledici mərhələyə daxil olub. Onu hərə bir cür təsəvvür edir. Təhlilçilər ən yaxın illər ərzində dövlətlər arasında siyasi, iqtisadi, hərbi münasibətlərin birqütblü, ikiqüqütblü, yaxud çoxqütblü güc mərkəzləri tərəfindən idarə olunacağı barədə çox sayda ehtimal və fərziyyələr irəli sürürlər. 

Dünyada yeni güc və təsir konfiqu­rasiyaları yaranır. Bizim üçün hansı variant daha əlverişlidir? Yeni dünya düzəni Cənubi Qafqaza nələr vəd edir? Bu taleyüklü suallara dəqiq, aydın ca­vablar tapılmalıdır. Zaman isə gözləmir. Təbii ki, hamı kimi biz də öz evimizin qibləsini yaxşı bilirik və öz maraqları­mıza uyğun seçim etməli olacağıq. 

Görünən budur ki, dünyanın super gücləri arasında artıq “püşk atılıb” və gözlənildiyi kimi, “ağır çəkili” oyunçular hazırda meydandadır. Birləşmiş Ştatlar hələ də fövqəlgüc olduğunu iddia edir. Rəsmi Vaşinqtonun mövqeyi və niy­yəti bəllidir: Ağ ev birqütblü dünyanın qorunub saxlanmasını istəyir və özünə rəqib görmək və tanımaq barədə dü­şünmür. 

Amma, necə deyərlər, sən saydığı­nı say, gör fələk nə sayır. ABŞ dünya liderliyi uğrunda sərt marafonda ona çatmağa və hətta ötüb keçməyə çalı­şan Çinin nəfəsini öz kürəyində hiss etməyə və bundan ciddi narahat olma­ğa başlayıb. Buna görə də rəsmi Va­şinqton son ilyarımda artıq ikinci dəfə demokratiya sammiti təşkil etməklə, öz dost və tərəfdaşlarını ətrafına yığmağa cəhd edir. 

Sirr deyil ki, bu gün planetimizin çox yerində hibrid müharibələr gedir. Həlledici an, sınma nöqtəsi, ilk növbədə, Rusiya–Ukrayna müharibəsinin nəticə­sindən asılıdır. Ağır zorakılıqlarla mü­şayiət olunan bu amansız silahlı qar­şıdurmada kim üstün olacaq: kollektiv Qərb, yoxsa Rusiya? Dəqiq cavab ver­mək çətindir. Rusiya müharibəni udsa belə, bu, sadəcə Pirr qələbəsi olacaq! 

Pekinə gücdən, taqətdən düşmüş, lakin hələ də öz ayaqları üzərində du­ran Rusiya sərf eləyir. Çin hazırda və­ziyyətin kritik nöqtəyə çatdığını hiss edir və Rusiyaya “ikinci nəfəs” ver­məyə cəhd edir. Eyni zamanda Pekin Moskva ilə müqayisədə özünün domi­nant mövqedə olduğunu aşkar büruzə verməkdən çəkinmir.

Maraqlıdır ki, rəsmi Pekin bu vaxta qədər dünya liderliyi uğrunda müba­rizədə iddialarını müəyyən qədər giz­lətməyə, pərdələməyə çalışırdı. “Sarı əjdaha” vaxt itirmədən güc toplayırdı. İndi vəziyyət dəyişib və reallığa uyğun adekvat qərarlar qəbul etmək məqamı­dır. 

Pekin bu illər ərzində bir an belə yaddan çıxarmayıb ki, ABŞ başda olmaqla, Qərb bütün qüvvələrini səfərbər edib onun üzərinə yeriyəcək. Sadəcə, Rusiya Ukraynaya gözlənil­mədən hücum etməklə əsas zərbə qü­vvəsini öz üzərinə götürdü. Bu, Pekin üçün göydəndüşmə bir şans idi və für­səti əldən vermədi. Ən azı, diplomatik sahədə Çin irəli çıxmağa başlayıb. 

Bəli, rəsmi Pekin Rusiyanın regi­onda nüfuzunun kəskin azaldığının fərqindədir və yaranmış siyasi vaku­umdan maksimum bəhrələnməyə çalı­şır. Çinin bu günlərdə əldə etdiyi böyük diplomatik uğur da məhz bundan qay­naqlanır. 

Belə ki, Rusiyanın patronajlığını itirməkdə olan İran öz yeni himayədarı Pekinin ətəyindən bərk yapışmalı olub. Tehranın seçim imkanları çox tükənib. Başqa əlacı da yoxdur. Hələlik, dün­yadakı real güc mərkəzlərindən yalnız Pekinin onun dadına çatacağına ümid edir. 

O biri tərəfdən Səudiyyə Ərəbista­nının vəliəhdi Məhəmməd ibn Salman Qərbin “The Washington post” qəzeti­nin müxbiri Camal Qaşıqçının Türkiyə­də vəhşicəsinə qətlinin ona bağışlama­yacağını yaxşı dərk edir. Deyilənlərə görə, məhz bu amil vəliəhdin Çinin İranla barışmaq təklifini qəbul etmə­sinə səbəb olub. 

Lakin İranla Səudiyyənin ulduzları­nın tam barışacağını demək çətindir. ABŞ var gücü ilə bu süni izdivacın davam etməsinə mane olmağa çalışa­caq. Ağ ev Səudiyyə Ərəbistanını öz tərəfinə çəkməklə Çinin onun bostanı­na daş atdığını dərk edir və Ər-Riyadın bu dönüklüyünü cavabsız qoymamağa cəhd edir. 

Bu arada Pekinin daha bir böyük diplomatik təşəbbüsdə bulunduğu məlum olub. Belə ki, Çin indi iki qatı düşməni – İran və İsraili barışdırmaq fikrinə düşüb. Bu barədə rəsmi məlu­matlar, demək olar ki, yoxdur. Bunun­la bərabər, bugünlərdə Qərb mətbuatı İranla İsrail arasında məxfi danışıqların başlandığına dair sensasiya xarakterli məlumat yayıb. 

Bir çox mənbələrdə gizli danışıqla­rın Çinin vasitəçiliyi ilə Honkonq şəhə­rində keçirildiyi iddia olunur. Əksər po­litoloqlar Çinin vasitəçiliyilə başlanan İsrail–İran danışıqlarının uğurla başa çatacağına inanmır. Məsələ ondadır ki, İsrail ilə İran arasında gərginlik və düşmənçilik münasibətləri çox dərindir. Bunun üçün İranın uranın zənginləşdi­rilməsi və atom bombası əldə etmək iddialarından əl çəkməsi tələb olunur. Bu, ağlabatan görünmür. 

Bir daha qeyd etməyə dəyər ki, İs­rail–İran münasibətlərinin normallaş­ması Səudiyyə Ərəbistanı–İran müna­sibətlərinin nizamlanması qədər asan olmayacaq. Bu baxımdan prosesə dair nikbin fikir irəli sürənlərin sayı çox az­dır. Görüşün təşəbbüskarı kimi Pekin çıxış etsə də, bu işdə Rusiyanın da maraqları hiss olunur. Təbii ki, rəsmi Moskava da bu barədə susur. 

Oxucular haqlı olaraq soruşa bilər: Çinin Yaxın Şərqdə fəallaşması Cənu­bi Qafqazdakı proseslərə nə dərəcə­də təsir göstərə bilər? Daha konkret desək, rəsmi Pekin Qarabağ problemi­nin həllində kimin tərəfində duracaq? 

Çin “Bir kəmər, bir yol” layihəsinin mümkün qədər tez reallaşmasında maraqlıdır və “Zəngəzur dəhlizi”nin açılmasını arzulayır. Azərbaycandan fərqli olaraq Ermənistan bu dəhlizin açılmasına hər vasitə ilə maneə olma­ğa çalışır. Fikrimcə, bu, bir qədər əvvəl səsləndirdiyimiz suala cavab kimi də qiymətləndirilə bilər. 

Bununla bərabər, Azərbaycana Çi­nin can atdığı ikiqütblü dünya konfiqu­rasiyası sərf eləmir. Bakı üçün qardaş Türkiyənin güclü olduğu və müstəqil türk dövlətlərinin yer aldığı güc mərkə­zində olmaq əlverişlidir. Yalnız bu halda biz özümüzün və dostlarımızın həyati maraqlarını qoruya bilərik. Bir sözlə, “dünya beşdən böyükdür!” və real güc mərkəzlərindən biri məhz Tu­ran olmalıdır. 

Zaman hər şeyi sonda öz yerinə qoyacaq. Biz bütün hallarda haqq və ədalətinin dominant olduğu dünyada yaşamaq istəyirik. Ümid edirik ki, məhz belə də olacaq! 

 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

Siyasət