“Böyük Ermənistan” xülyasının tarixi üzqaralığı

post-img

“Böyük Ermənistan” xülyası ilə yaşayan, uydurduqları bu mifə inanaraq, onun gerçəkləşməsi naminə hər cür vasitəyə əl atmaqdan çəkinməyən erməni şovinistləri öz havadarlarının da böyük qayğı və dəstəyi ilə xalqımıza qarşı daim terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi çirkin siyasət həyata keçirmişlər.

31 Mart Soyqırımı məhz bu çirkin si­yasətin davamı, xalqımıza qarşı törədilən növbəti qəddarlığın göstəricisidir. Bəşər tarixinin ən qanlı səhifələrindən biri olan mart soyqırımı təkcə Bakıda deyil, Şa­maxıda, Qubada, Xaçmazda, Lənkəran­da, Qarabağda, Naxçıvanda və digər bölgələrimizdə də amansızlıqla törədil­mişdir. Qoca, qadın, uşaq demədən on minlərlə günahsız soydaşımızın kütləvi qətli xalqımızın qan yaddaşında silinməz izlər buraxmışdır. Bu qırğınlar tarixə “Bö­yük Ermənistan” xülyasının üzqaralığı kimi yazılmışdır.

Tarixi faktlara əsasən, 1918-ci ilin mart–aprel aylarında Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən erməni daş­nak-rus bolşevik silahlı dəstələri tərəfin­dən Azərbaycan xalqını xüsusi qəddar­lığı ilə seçilən kütləvi qırğınlara məruz qoymuşdur.

Silahlı quldur dəstələri öncədən planlaşdırılmış şəkildə ilk addım olaraq azərbaycanlılara məxsus mülklərə, ma­ğazalara hücumlar təşkil edir, soyğunçu­luqla məşğul olur, əhalinin heysiyyatına toxunacaq, onlarda haqlı narazılıq və qəzəb doğuracaq bir sıra çirkin əməllər törədirdilər. Əsas məqsəd isə talançılıq və soyğunçuluq edən quldur dəstələrinin cəzasızlığını görən yerli əhalini etirazla­ra, özünümüdafiəyə məcbur etmək və beləliklə, yaxın gələcəkdə baş verəcək qətliamlara “Vətəndaş müharibəsi” siyasi donu geyindirmək idi. 

Martın 31-də səhərə yaxın bütün er­məni hərbi dəstələrinin başçıları qətliam­dan öncə yaratdıqları daşnak-bolşevik hərbi-siyasi orqanı olan İnqilabi Müda­fiə Komitəsinin qərargahına yığılaraq, təlimatlandırıldıqdan sonra müsəlman məhəllələrinə göndərilirdilər. Beləliklə, plana uyğun olaraq, yüksək hazırlıqlı si­lahlı erməni yaraqlıları məhəllələrə qə­fil basqınlar etməklə insanların evlərinə soxulur, sakinləri xəncər və süngü ilə doğ­rayır, evləri talan edərək yandırır, uşaqları yandırdıqları evlərin içinə atır, südəmər çağaları isə süngülərə keçirirdilər. 

Rəsmi mənbələrə əsasən, 1918-ci ilin 30 mart – 3 aprel tarixləri ərzində davam edən qırğınlar zamanı on minlərlə soydaşımız məhz etnik və dini mənsubiy­yətinə görə qətlə yetirilmişdi. Dənizdən və qurudan atılan top atəşləri nəticəsində xalqımızın milli-mədəni irsinə məxsus ta­rixi abidələr, dini inanc yerləri dağıdılmış və ya ciddi ziyan görmüşdü. İctimai və şəxsi binalar talan edilmiş, od vurularaq yandırılmışdı.

O zaman yaradılan Fövqəladə İstin­taq Komissiyasının sənədlərinə əsasən, hadisə şahidlərinin ifadələrinə görə, üç gün davam edən kütləvi qırğın nəticəsin­də təkcə Bakı şəhərində erməni silahlı­ları tərəfindən, təxmini hesablamalara görə, 15 min dinc sakin vəhşicəsinə qətlə yetirilmişdi. Tarixi statistik göstəricilərə əsasən, Birinci Dünya müharibəsindən əvvəl Bakı əhalisinin ümumi sayının 200 min nəfər olduğunu nəzərə alsaq, Mart soyqırımı zamanı yerli sakinlərin onda birinin qətlə yetirildiyi aydın olir. 

Bakı qırğınından sonra erməni qul­durları bu çirkin əməllərini bölgələrdə də həyata keçirməyə başladılar. 2 min nəfərdən ibarət yaхşı silahlandırılmış erməni quldur ordusu Şamaхıda sovet hakimiyyəti qurmaq adı altında, 58 kənd­də 1653-ü qadın və 965-i uşaq olmaqla, ümumilikdə 7 mindən çox dinc sakini qət­lə yetirmiş, Şamaxı şəhərini isə yandıra­raq yerlə-yeksan etmişdi.

1918-ci il may ayının 1-də isə Qubada sovet hakimiyyətinin qurulması adı al-tın­da daşnak Hamazaspın komandanlığı ilə 3 min nəfərlik erməni quldur ordusu 3 istiqamətdən şəhərə hücuma keçmişdi. Toplardan, pulemyotlardan və tüfənglər­dən atəş açaraq Quba əhalisini, o cüm­lədən, burada əsrlərdir yanaşı, mehriban yaşayan etnik qrupların nümayəndələrini də vəhşicəsinə qətlə yetirmişdilər. Ermə­ni-daşnak, rus-bolşevik quldurları tərə­findən Quba qəzasında 167 kənd talan edilərək yandırılmış, 16 min nəfərə yaxın sakin isə xüsusi qəddarlıqla, kütləvi şəkil­də qətlə yetirilmişdir.

Həmçinin erməni daşnak-rus bolşe­vik silahlı dəstələri tərəfindən Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi əhalisi ilə birgə tamamilə məhv edilərək, yer üzündən silinmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaq­lardan və qocalardan ibarət 3 min nəfər­lik azərbaycanlı köçü pusquya salınaraq son nəfərədək qətlə yetirilmişdi. Erməni silahlı dəstələri Naxçıvan qəzasında bir neçə kəndi, Zəngəzur qəzasında isə 115 kəndi yandıraraq, 3 min 257 kişi, 2 min 276 qadın və 2 min 196 uşaq olmaqla əliyalın, günahsız dinc əhalini qətlə ye­tirmişdi-lər. Ümumilikdə isə Zəngəzur qə­zası üzrə 10 min 68 azərbaycanlı öldü­rülmüş və ya ömürlük şikəst edilmiş, 50 mindən çox azərbaycanlı isə öz ata-baba yurd-yuvalarından didərgin salınmışdı.

Erməni daşnak-rus və bolşevik silah­lı dəstələri daha sonra Qarabağa yürüş etmiş, Qarabağın dağlıq hissəsində yer­ləşən 150 kəndi yağmalayaraq dağıtmış, əliyalın, dinc sakinlərini qətlə yetirmiş­dilər.

Təəssüflər olsun ki, sovet haki­miyyəti dövründə də xalqımıza qarşı etnik təmizləmə siyasəti davam etdiril­mişdir. Belə ki, 1947–1953-cü illərdə yüz minlərlə soyadışımız öz tarixi yurd-yuva­larından – Qərbi Azərbaycandan zorla didərgin salınmışlar. Tarixi torparlarımız­dan olan Zəngəzur mahalı isə 1923-cü ildə Azərbaycandan qopardılaraq, Ermə­nistana birləşdirilmişdir.

Beynəlxalq hüquqa görə, soyqırım sülh və insanlıq əleyhinə yönələn əməl­dir və ən ağır cinayət hesab olunur. Bu barədə Birləşmiş Millətər Təşkilatının Baş Məclisinin 1948-ci il dekabrın 9-da 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensi­yasında soyqırım cinayətinin hüquqi əsa­sı təsbit olunmuşdur. Bu mənada, məlum Konvensiyada təsbit edilmiş soyqırım ci-nayətini əks etdirən bütün əməllər istər 31 mart 1918-ci il tarixdə törədilmiş mart soyqırımı, istərsə də 1992-ci il 26 fevral­da törədilmiş Xocalı soyqırımı zamanı er­mənilər tərəfindən azərbaycanlılara qarşı tətbiq olunmuşdur.

Mart soyqırımına ən layiqli qiyməti isə xalqımızın ümummilli lideri Heydər Əliyev vermişdir. Ulu öndərin imzaladığı 26 mart 1998-ci il tarixli fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlanmışdır. Beləliklə, o gündən başlayaraq xalqımızın ermə­ni cəlladları tərəfindən soyqırıma məruz qalması təkzibolunmaz faktlarla bütün dünyaya bəyan edilməyə başlanıldı. Bu gün biz azərbaycanlılar öz haqlı mövqe­yini qoruyan, tarixi həqiqətləri dünyaya bəyan edən, düşmən üzərində siyasi, iqtisadi və hərbi cəhətdən üstünlük qa­zanan, müstəqil və azad ölkənin vətən­daşlarıyıq.

 

Coşqun MƏMMƏDOV,
AMEA Rəyasət Heyətinin elmi katibi

Siyasət