Vaxt daralır, Paşinyan!

post-img

Hayastan bu il aprelin 1-dək Qarabağla Ermənistanı birləşdirən yolu inşa etməli, əvvəlki yol tamamilə Azərbaycanın nəzarətinə keçməli, Rusiya sülhməramlı kontingenti isə oradan çıxmalı idi. İndi İrəvanın və sülhməramlıların boynuna götürdükləri öhdəliyi yerinə yetirmələrinin məqamıdır. 

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bə­yanatın 6-cı maddəsində göstərilir: “Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxun­mayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növ­bəti üç il ərzində Dağlıq Qarabağla Ermənis­tan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin mar­şrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur”.

Dövlətimizin başçısının tapşırığı ilə Qa­rabağ və Şərqi Zəngəzur iqtisadi rayonları­nın ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun çəkilişi idi. 2021-ci ilin iyulunda tikintisinə start verilən, Laçın rayonunun 6 kəndindən keçən, uzunlu­ğu 28 kilometr olan yeni yolun inşası bir ilə tamamlandı və 2022-cü il avqustun əvvəlin­də təhvil verildi. Həmin vaxt Bakı və İrəvan arasında əldə olunmuş razılaşmaya əsasən, Ermənistan səkkiz ay ərzində öz ərazisindən keçəcək 11 kilometrlik yeni yolun çəkilişini başa çatdırmalı idi. Bunun ardınca əvvəl­ki yol tamamilə Azərbaycanın nəzarətinə keçməli və Rusiya sülhməramlı kontingenti isə oradan çıxmalı idi. Ermənistan müdafiə nazirliyi bu öhdəliyin yerinə yetirildiyini, göstərilən yolu inşa etdiyini açıqlayıb. Amma Rusiya sülhməramlı kontingenti nədənsə, üç­tərəfli Bəyanatın şərtinə əməl etməyə, köhnə yoldakı nəzarət postlarını götürməyə tələs­mir. 

* * * 

Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar rayonun Cağazur və Zabux kənd­ləri arasında yerləşən bir neçə yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu bir sıra əraziləri Azərbaycan Ordusu özünün nəzarətinə götürüb. 

Həllini gözləyən ikinci vacib məsələ Er­mənistan ordusunun tör-töküntüsünün Qara­bağdan hələ də çıxarılmamasıdır. 10 noyabr üçtərəfli Bəyanatın 4-cü maddəsini İrəvanın yadına salaq: “Rusiya Federasiyasının sülh­məramlı kontingenti erməni silahlı qüvvələ­rinin çıxarılması ilə paralel şəkildə yerləşdi­rilir”. 

Hayların baş naziri isə üç gün bundan öncə kabinetin iclasında Qarabağda Ermə­nistan ordusunun olmadığını, bölgəyə silah daşınmadığını həyasızcasına bəyan etdi və hətta beynəlxalq təşkilatların, Aİ mülki mis­siyasının bu faktı yoxlaya biləcəyini irəli sür­dü. Qarabağ iqtisadi rayonunda Ermənistan ordusunun marıqda dayandığını bizim kimi, burada sülhməramlılarını müvəqqəti yerləş­dirmiş Kreml də yaxşı bilir. “Hayastan or­dusunun” Azərbaycan ərazindəki “legion”u­nun sayı da məlumdur: 10 min hərbçi. Bu faktı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə telefon danışığında rəsmən bildirib. Yəni, gizlədilməsi mümkün olmayan bu reallıqdan beynəlxalq ictimaiy­yətin də xəbəri var. 

* * * 

Yalanın hər rəngindən, çalarından fay­dalanan Paşinyanı indi, hətta, yaxın müttə­fiqləri belə sülhə aparan yola dəvət edir. O isə vaxtın getdikcə daraldığını, sonda ilgəyə dönüb onun boğazına keçəcəyini sanki gör­mək və qəbul etmək istəmir. Axı, Qərbin və Şərqin arasında dəstəksiz qalmış baş nazirin son vaxtlar daxili problemləri də boğazına dirənib. Onun özünün və iqtidar partiyasının erməni ictimaiyyəti arasında reytinqi kəskin şəkildə aşağı düşməkdədir. Bəli, özü-özünü dalana dirəyənin vəziyyəti heç də qibtə edilə­si deyil. 

Fərhad MƏMMƏDOV,
politoloq: 

– Yeni yolla bağlı öhdəliyi Azərbay­can il yarım ərzində tam həcmdə yerinə yetirdi. Ermənistan tərəfi isə öhdəsinə düşən və öz ərazisindən keçən 11 kilo­metrlik yolu səkkiz ay ərzində tikib, ap­relin 1-dək təhvil verməli idi. İndi onlar yeni Laçın yolundan istifadə etməlidir­lər. Burada əsas məqam odur ki, həmin yolun bir neçə yerində bu və ya digər formada artıq Azərbaycanın nəzarət mexanizmi formalaşıb. Yəni, bu nəzarət Şuşa yaxınlığında ekoaksiya, eləcə də 20/54 yüksəkliyi vasitəsi ilə həyata ke­çirilir. O ki qaldı Ermənistanla şərti sər­hədimizə, düşünürəm ki, bu proses də tezliklə öz həllini tapacaq. 

Bakının əsas məqsədi odur ki, Laçın yolu 2025-ci ilə qədər Rusiya sülhmə­ramlılarının nəzarətində qalmaq şərtilə ancaq humanitar xarakterli daşımalar üçün istifadə edilsin. Bunun müddəti, iş rejimi məlumdur və Azərbaycan bu yoldan keçəcək yüklərin və insanların təhlükəsizliyinə zəmanət vermək öhdə­liyini yerinə yetirəcək. Bunun üçün isə Azərbaycan sərhəddən ərazimizə bü­tün giriş-çıxışlara nəzarət funksiyasına malik olmalıdır. Çünki 10 noyabrdan sonrakı iki il dörd ayda bu yoldan Qa­rabağa silah-sürsatın, təbii ehtiyatları­mızın kənara daşınması, eləcə də İran terrorçularının, Qərbin ermənipərəst, üzdəniraq siyasətçilərinin ərazimizə daxil olması üçün istifadə olunub. Belə faktlar kifayər qədərdir. Ona görə bütün bu problemləri kökündən həll etməkdən ötrü beynəlxalq hüquqa uyğun rəsmi qaydada nəzarət forması yaradılmalıdır. Azərbaycan isə öz üzərinə düşən öhdə­likləri lazımi səviyyədə yerinə yetirəcək.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

FERHAD.jpg

Siyasət