USAİD, bəlkə, getmək vaxtıdır?!

post-img

Hər bir dövlət beynəlxalq və milli hüquq çərçivəsində mövcud olan bütün vasitələrlə öz suverenliyini digər dövlətlərin mənfi təsirindən qorumağa çalışır. Çünki əks halda o, suveren hüquqlarının bu və ya digər hissəsini itirmək riski ilə üzləşir ki, bu hüquqi vəziyyət də dövlətin suveren hüquqlarının dəyişdirilməsinə gətirib çıxarır. Bunu gözəl bilən Qərb dövlətləri də qeyri-hökumət təşkilatları adı altında başqa dövlətlərə təsir göstərməyə, vətəndaş-dövlət münasibətlərini öz mənafelərinə uyğun formalaşdırmağa çalışırlar.

Son illərin təcrübəsi göstərdi ki, döv­lətlər birbaşa təsir tədbirləri (hərbi işğal, iqtisadi sanksiyalar və s.), habelə dolayı təsir tədbirləri ilə bir-birinin işlərinə mü­daxilə edə bilirlər. Müasir dövrümüzdə bu cür dolayı təsir tədbirlərinin məcmusu “yumşaq güc” adlanır. Əlbəttə, xarici si­yasət problemlərinin həlli üçün “yumşaq güc” alətlərindən, ilk növbədə, vətəndaş cəmiyyətinin imkanlarından, informasi­ya-kommunikasiya, humanitar və digər metod və texnologiyalardan istifadə edil­məsi, ənənəvi diplomatik metodlarla ya­naşı, müasir beynəlxalq siyasətin tərkib hissəsidir. “Yumşaq güc” alətləri nəzərə alınmaqla xarici siyasət prioritetləri for­malaşdırılır. Bunlar etimadın yaradılması, bütün dünya üçün ümumi olan təhdidlərlə mübarizə, iqtisadiyyat, ticarət, təhsil, mə­dəniyyət, elm və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi, iqtisadi inkişaf yolunda maneələrin aradan qaldı­rılmasıdır. 

Tədqiqatçıların fikrincə, praktikada müasir reallıqlarda “yumşaq güc” anlayı­şının mahiyyəti hədəf dövlətlərlə birbaşa hərbi toqquşmaların risklərini və maliyyə xərclərini minimuma endirmək məqsə­di ilə şərait və imkanların yaradılması üçün vasitələrdən istifadə etməkdir. Son zamanlar elmi ictimaiyyətdə belə bir fikir formalaşıb ki, qeyri-hökumət təşkilatları “yumşaq güc” alətlərindən biridir, sosial və humanitar kontekstin yayılması isə onların fəaliyyətinin ən populyar sahələ­rindən birini əhatə edir. Bir tərəfdən qey­ri-hökümət təşkilatları vətəndaş cəmiy­yətinin mühüm tərkib hissəsidir, digər tərəfdən onların fəaliyyəti “yumşaq təsir” yollarındandır. Əgər bir dövlətdə fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı xa­ricdən maliyyələşirsə, o zaman ondan bu dövlətə qarşı əlverişsiz qərarlar qəbul et­mək üçün istifadə oluna bilər. Postsovet ölkələrində də məhz bu tendensiya mü­şahidə edilir. Qərb dövlətləri öz maraqla­rını qəbul etdirmək üçün qeyri-hökumət təşkilatlarından yararlanmağa çalışırlar. Belə təşkilatlar vətəndaş cəmiyyətinin inkişafına töhfə verməkdən daha çox, ölkənin daxili siyasi həyatına müdaxilələr etməklə məşğul olurlar.

Ötən müddət ərzində Azərbaycanda da eyni tendensiya müşahidə olunurdu. Ölkəmizdə fəaliyyət göstərən ABŞ-ın və Avropanın bəzi beynəlxalq təşkilatları ic­timai-siyasi prosesləri manipulyasiya et­məyə çalışırdılar. Onlar Azərbaycan döv­ləti ilə müəyyən sahələrdə əməkdaşlıq etsələr də, əsas “missiyalarını” unutmur­dular. Belə ki, USAİD, NED, Fridrix Nau­man, Marşall, İREX və digər beynəlxalq təşkilatlar özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları yaratmaqla, radikal siyasi qüvvələrin dövlət əleyhinə fəaliyyətlərini dəstəkləyirdilər. Heç kimə sirr deyil ki, başda USAID olmaqla, ABŞ və Avropanın bir çox siyasi institutları cə­miyyəti yanlış tərəfə istiqamətləndirib ic­timai-siyasi proseslər üzərindən manipul­yativ mühit formalaşdırmağa can atırlar. Əsas hədəflərinin Azərbaycanda “beşinci kolon” formalaşdırmaqdan ibarət olduğu bu təşkilatların xüsusi xidmət orqanlarına bağlılığı da məlumdur.

Artıq heç kəsə sirr deyil ki, bəzi bey­nəlxalq təşkilatlar ABŞ-ın maraqları üzə­rində qurulmuş xətt üzrə irəliləyir, qərar­lar qəbul edir və ya Qərb dövlətlərinin müxtəlif adlar altında yardımlar ayırması hansısa gizli maraqlara söykənir. Belə təşkilatlardan biri də, ABŞ Beynəlxalq İnkişaf Agentliyidir (USAİD). Bu agent­liklə bağlı onun indiyədək Vaşinqtonun maraqlarına xidmət edən gizli işlərdə əli olduğunu sübut edən materiallar möv­cuddur. Belə ki, USAİD-ın yüksək vəzifəli məmuru etiraf etmişdi ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) onların əməliy­yatlarına yardım göstərən üçüncü tərəf­lərin pul vəsaitləri və müqavilələrlə təmin olunmasında USAİD-dən istifadə edir. Bu barədə İspaniyanın “Rebelion” qəzetin­də Yeva Qolinqerin “Mərkəzi Kəşfiyyat İdarəsi USAİD-dən pərdələnmək üçün istifadə edir” adlı məqaləsində bildirilmiş­di. Məqalədə uzun illər USAİD-də çalışan və regional proqramlarla işləyən məmura istinadən bildirilmişdi ki, MKİ bu təşkila­tın adından müqavilələr bağlayır, özü isə mövcud prosesdən kənarda qalır. “New York Times” qəzetinin yazdığına görə, MKİ və Pentaqonun podratçı şirkəti olan “Development Alternatives, Inc” (DAI) təşkilatının əməkdaşı Kubada müxalifət qruplarına təbliğat materialları verərkən yaxalanmışdı. Qərb ekspertlərinin fikrin­cə, USAİD-ın layihələri Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatları üçün sığınacaq rolunu oynayır. 

Amma bütün ifşalara baxmayaraq, adı sadalanan təşkilatlar “missiyaların­dan” əl çəkməyi düşünmürlər. Hələ də MKİ-nin alt qolu kimi fəaliyyət göstərən USAİD fəal şəkildə başqa dövlətlərin iş­lərinə müdaxilə etməyə çalışır. Təşkilatın 2023–2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” qurculuğuna 9,5 milyard dollar vəsait ayırması dedikləri­mizi təsdiqləyir. Bu günlərdə açıqlanmış “Demokratiya doktrinası” çərçivəsində bu vəsaitin müxtəlif ölkələrdə çevriliş plan­larının reallaşdırılmasına yönəldiləcəyi şübhə doğurmur. Yeri gəlmişkən, hazırda USAİD-a ermənipərəst Samanta Pau­er rəhbərlik edir. Bu, həmin qadındır ki, erməni yalanlarına “sədaqətini” sübuta yetirmək üçün sentyabrın 21-də dünyaya göz açmasına baxmayaraq, 24 apreli– qondarma soyqırımı “gününü” özünün doğuluş günü elan etmişdi. Xatırladaq ki, hələ 2015-ci ildə ölkənin BMT-dəki nümayəndəsi S.Pauer ABŞ-ın o vaxt­kı vitse-prezidenti Co Baydenlə birlikdə Vaşinqtonda qondarma “soyqırımı”nın 100-cü ildönümünə həsr olunmuş mə­rasiminə qatılmışdı. Ermənistanın sabiq quldur prezidenti Serj Sarkisyan da ora­da olmuşdu. Buna görə belə qatı ermə­nipərəst mövqe tutan qadını rəsmi İrəvan “dəyərli tərəfdaş” adlandırması təsadüfi deyil.

USAİD Azərbacyanda 1991-ci ildən fəaliyyət göstərir. Rəsmi saytlarında qeyd olunur ki, əsas missiyası zəif inki­şaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərməkdir. SSRİ-nin dağılmasından sonra postsovet məkanında sosial-iqtisa­di vəziyyət ağır olduğundan, bu təşkila­tın fəaliyyət göstərməsi müəyyən suallar doğurmurdu. İndi vəziyyət tam başqa­dır. Hazırda Azərbaycan başqa ölkələrə yardım göstərir. Pandemiya dövründə dünya bunun şahidi oldu. Belə olduğu halda məntiqli sual ortaya çıxır: USA­İD-in ölkəmizdə faəliyyət göstərməsinə ehtiyac varmı? Missiyası zəiflərə kömək etməkdirsə, o zaman təşkilatın rəhbəri­nin amerikalı vergiödəyicilərin pullarını çox sevdiyi zəif və yoxsul Ermənistana istiqamətləndirməsi daha məqsədəuy­ğun olardı.

“Xalq qəzeti”

Siyasət