“The Financial Times”: “Belə dostları olan demokratiyaya düşmən lazım deyil”

post-img

Yüz iyirmiyə yaxın ölkənin nümayəndələrinin qatıldığı üçgünlük Demokratiya sammiti səs-küylü bəyanatlarla dolu oldu. ABŞ Prezidenti Co Baydenin sözlərinə görə, beynəlxalq ictimaiyyət hazırda “tarixin dönüş nöqtəsindədir” və avtokratiyalara qarşı mübarizədə uduzmamaq üçün Vaşinqton qarşıdakı illərdə demokratiyanın inkişafı üçün bir neçə milyard dollar sərmayə qoymağa hazırdır. Ancaq sammitin nəticələri belə deməyə əsas verir ki, demokratiya “ovçuları” məqsədlərinə çata bilmədilər. Belə ki, iştirakçıların yalnız yarıdan bir qədər çoxu yekun bəyannaməni imzaladılar. Bundan başqa, imzalayanlardan on üç ölkənin də bəyannaməni müəyyən qeyd və şərtlə dəstəklədikləri məlum oldu. Qeyd-şərtlə bəyannaməni imzalayan ölkələrdən biri də Ermənistanın olduğu vurğulanır. 

Martın 28-30-da ABŞ Prezidenti Cozef Baydenin evsahibliyi ilə ikinci Demokratiya sammiti keçirildi. Bu dəfə sammitə daha çox Asiya, Afrika və Latın Amerikası ölkələri dəvət olunmuşdu. 30 il Azərbaycan ərazilərində genişmiqyaslı terror siyasəti həyata keçirən və hələ də bu bədnam əməllərindən əl çəkməyən Ermənistana da dəvət göndərilmişdi. Sammitin təşkilatçıları belə bir sammit keçirməklə demokratik ölkələrin birliyini gücləndirməyi planlaşdırırdılar. Ancaq sammitin yekunları tam başqa mən­zərəni ortaya qoydu. Belə ki, Ağ ev sa­hibinin pafoslu çıxışını dinləyən sammit iştirakçıları yekun bəyannamənin imza­lanmasında fərqli mövqe tutduqlarını nü­mayiş etdirdilər. Sammitə dəvət olunan 120 ölkədən yalnız 73-ü yekun bəyan­naməni imzaladı. Üstəlik, onlardan 13-ü bəzi məqamlarla razılaşmadığını qeyd edərək, bəyannaməni müəyyən şərtlərlə dəstəklədiklərini açıqladı. 

Məsələn, Ermənistan ölkələrin “hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə” qarşı güc tətbiq etmək cəhdlərini pislədiyi bəndi imza­lamaqdan imtina etdi. Məsələ aydındır. Onu da deyək ki, bu paraqrafda “Rusiya Federasiyasının Ukraynaya təcavüzü” nümunə kimi göstərilmişdi. Rəsmi İrəvan bu bəndi “ədalətsiz” hesab etdiyini vur­ğuladı. Ermənistanın nəzərincə, yekun bəyannamədə Azərbaycanla münaqişə barədə də məlumatı qeyd etmək lazım imiş. Rəsmi İrəvanı belə davranmağa vadar edən başqa səbəb də vardı. Er­mənistan Rusiyanın qəzəbinə hədəf ol­mamaq üçün “Azərbaycanla münaqişə” kartından yararlandı. Bunu erməni mütəxəssisləri də etiraf edirlər. Məsələn, Suren Surenyants deyir ki, Ermənista­nın bu cür mövqe tutmasının səbəbləri çoxşaxəlidir. Əsas motiv, təbii ki, Rusiya faktoru ilə bağlıdır: “Ermənistan – Rusiya münasibətləri bu gün ağır günlərini yaşa­yır. Görünür ki, Ermənistan hakimiyyəti əlavə gərginlik ocağı yaratmaq və və­ziyyəti daha da gərginləşdirmək istəmir. Aydındır ki, bəyannamənin qeyd-şərtsiz qəbulu Rusiya–Ermənistan münasibətlə­rini kritik bir nöqtəyə çatdıra bilərdi”.

Bundan başqa, Suren Surenyants he­sab edir ki, Ermənistan hakimiyyəti ABŞ-ın təşəbbüsü ilə keçirilən sammiti bir növ fetişə çevirdi. Əslində, nəticələr gözlənil­diyi kimi, yüksək deyil. Erməni mütəxəs­sisin fikrincə, Ermənistanın Demokratiya sammitində iştirakı respublikanı ABŞ-ın müttəfiqinə çevirmir və bəyannamənin özü sammitin qondarma olduğunu və Er­mənistanın heç bir xüsusi güzəşt alma­dığını nümayiş etdirdi: “Bəyannamənin mətnindən aydın olur ki, sammit heç bir şəkildə Amerikanın müttəfiqlərinin da­irəsini müəyyən etmir, çünki bizim haki­miyyət orqanları buna bizi inandırmağa çalışırlar”. Bununla belə, S.Surenyants hesab edir ki, ABŞ-ın himayəsi altında keçirilən tədbirin iştirakçıları anti-Türkiyə və ya Azərbaycan əleyhinə sənədi qə­bul etməzdilər: “Bu, birmənalıdır. Hesab edirəm ki, bu gün heç bir ölkə Türkiyə və ya Azərbaycana qarşı bizim müttəfiqimiz olmağa hazır deyil”. Erməni mütəxəssisin fikrincə, sammitdə iştirakdan qlobal mə­nada Ermənistan-Amerika münasibətlə­rində əsaslı dəyişikliklər gözləmək lazım deyil. 

Yekun bəyannaməni imzalamaqdan imtina edən ölkələrdən biri də Braziliya­dır. “Globe” qəzetinin məlumatına görə, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Vaşinqtona məktub göndərərək sammitin təşkilatçılarına müraciətində bildirmişdir ki, “demokratiyanı müdafiə bayrağından divarlar tikmək üçün istifa­də etmək olmaz”. Çox güman ki, Brazi­liya lideri bununla ABŞ-ın qeyri-qanuni mühacirlərin qarşısını almaq məqsədilə Meksika sərhədində hasar inşa etməsinə eyham vurur. İstənilən halda Braziliya, Hindistan və Meksika kimi ölkələr yekun bəyannamənin imzalanmasında Vaşinq­tonun istədiyi mövqeyi sərgiləmədilər.

Tədbir iştirakçıları dünyanın digər bölgələrindəki böhranlara kifayət qədər diqqət yetirilməməsinə görə də narazılıq­larını bildirdilər. “The Financial Times”ın qeyd etdiyi kimi, məsələn, Efiopiyanın şimalında iki il davam edən vətəndaş müharibəsi zamanı 600 minə yaxın insan həlak oldu. Lakin bu problem dünyada ciddi narahatlıq doğurmadı. Buna görə də, bir çox ölkələr Qərbin insan haqla­rını və demokratiyanı müdafiə etməyə yönəlmiş fəaliyyətinə şübhə ilə yana­şırlar. “The Financial Times”, həmçinin yazır ki, Prezident Co Baydenin ikinci sammiti həm virtual (iştirakçıların əksə­riyyəti sammitə videobağlantı vasitəsilə qoşulmuşdu), həm də sürreal xarakter daşıdı. Türkiyə və Macarıstanın sammit­də iştirak etməmələrinə reaksiyasında “Financial Times” oxucularına ritorik sual da ünvanlayır: sammitdə Hindistanın Baş naziri iştirak edir, halbuki onun ölkəsində müxalifət lideri Rahul Qandiyə təzyiq var. Yaxud, “azad və ədalətli seçkilərə son qoymağa çalışan” Meksika Prezidenti Manuel Lopes Obradorin iştirakını necə izah etmək olar? 

“The Financial Times” qeyd edir ki, bu və ya digər şəkildə, əgər ABŞ ad­dımlarında ardıcıl olsaydı, o zaman bu ölkələr qonaqlar siyahısında olmazdılar: “Lakin demokratik düşərgənin miqyasını göstərmək vəzifəsi, görünür, sərt seçim meyarlarından üstün idi. Bu cür dostlar­la demokratiyanın düşmənlərə ehtiyacı yoxdur”.

“Foreign Affairs” nəşri də Vaşinqtonun sammiti barədə nikbin mövqeyini paylaş­mır və ABŞ-ın ikili standarta yol verdiyini vurğulayır. Yazır ki, əgər hansı dövlət Va­şinqtonun maraqlarına cavab verirsə və həmin ölkələrdə və rejimlərdə demokra­tik standartlara tam əməl edilməməsinə baxmayaraq, sammitə dəvət olunur. Afri­kadan, Asiyadan və Latın Amerikasından çox sayda dövlətlərin dəvət olunması o deməkdir ki, bu gün dünya həqiqətən də qlobal dəyişiklik vəziyyətindədir. Belə bir sammitin keçirilməsi də dünya siyasətin­də çəkisindən asılı olmayaraq bu və ya digər dövlətləri öz düşərgəsinə bağlamaq istəyindən irəli gəlir. 

 

S.ELAY, “Xalq qəzeti”

Siyasət