Türkiyə: milli maraqlar hər şeydən üstündür

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın regionda və qlobal müstəvidə artan kəskin ziddiyyət və zorakılıqlar fonunda prinsipial, qətiyyətli siyasət yürütməsi Qərbdə açıq-aşkar qıcıq doğurur. Qardaş ölkənin xarizmatik liderinin praqmatik, müdrik siyasi xətti rəqiblərin məkrli planlarını puç edir. 

Görünən budur ki, Türkiyəyə qarşı təhdid və təzyiqlərin artmasına rəğmən, Ankara milli maraqlarını hər şeydən üs­tün tutur, təzyiqlərlə hesablaşmır və on­ları dəf etməyi bacarır. “Dünya beşdən böyükdür!” deyən R.T.Ərdoğanın haqqın, ədalətin tərəfində durması onun özünə və dövlətinə yüksək siyasi dividentlər qa­zandırır. 

Kollektiv Qərb Türkiyənin inkişafı­nı ləngitmək üçün bütün yollara əl atır. Onun niyyəti bəllidir. Məqsəd Prezident R.T.Ərdoğanın liderliyilə onilliklər ərzində sürətli inkişaf yolu keçən Türkiyəni zəif­lətmək, Rusiya və digər ölkələrlə mü­naqişəyə cəlb etməkdir. Əlbəttə, rəsmi Ankara bunun fərqindədir və adekvat ad­dımlar atmaqda davam edir. 

Qərb mediası imperialist qüvvələrin açıq və gizli maraqlarına canfəşanlıq­la xidmət göstərir. Siyasi, iqtisadi, hərbi cəhətdən güclənən, söz və qüdrət sahi­binə çevrilən Türkiyəni, onun xarizmatik lideri R.T.Ərdoğanı hədəfə alan Qərb KİV-i qardaş ölkədə bu il mayın 14-də keçiriləcək prezident seçkiləri ərəfəsində xüsusilə fəallaşıb. 

Prezident R.T.Ərdoğan dünən “Ana xəbər” telekanalına eksklüziv müsahi­bəsində vurğulayıb ki, Qərb Ankaranın müstəqil siyasət yürütməsindən ən­dişələnir və hər vasitə ilə bunun qarşısını almağa cəhd edir. Türkiyə lideri deyib: “Kollektiv Qərb bizi Rusiya ilə qarşıdur­maya sürükləyə bilməz. Biz kimin nə məqsədlərə xidmət etdiyini yaxşı bilirik”. 

Prezidentin sözlərinə görə, Türkiyə­nin geosiyasi münaqişələrə cəlb etmək istəyən qüvvələr öz bədnam niyyətləri­ni həyata keçirmək üçün hər cür şər və böhtana, digər təxribatlara əl atırlar. R.T.Ərdoğan təəssüf hissilə qeyd edib ki, bu, böhtan kampaniyası hələ uzun müddət davam etdiriləcək. 

Türkiyənin dövlət başçısı həmçinin vurğulayıb ki, onun seçkiqabağı platfor­masının əsas devizlərindən biri məhz qonşu ölkələrlə, xüsusilə Rusiya ilə qarşılıqlı inam və etimad əsasında sıx əməkdaşlığın genişləndirilməsidir. Bunun əksini arzulayanların xam xəyalları göz­lərində qalacaq.

Nəzərə alınmalıdır ki, Rusiyanı hərtərəfli tükəndirmək, onu zəif salmaq siyasəti yürüdən Qərbdən fərqli olaraq, Türkiyənin məqsədi vuruşan tərəflər ara­sında konstruktiv dialoqun başlanmasına və tezliklə sülh sazişinin bağlanmasına nail olmaqdır. R.T.Ərdoğan qeyd edib ki, o, şəxsən İstanbulda ötən ilin yazında olduğu kimi, yenidən Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sülh da­nışıqlarının davam etdirilməsini arzulayır və bu istiqamətdə bundan sonra da əlin­dən gələni etməyə hazırdır. 

Bu arada Türkiyə mediasında bəzi sensasiyalı xəbərlər yayılıb. Belə ki, Tür­kiyənin NBR nəşri bu günlərdə Prezident R.T.Ərdoğana istinadən bildirib ki, bu il aprelin 27-də Rusiya lideri Vladimir Putin Türkiyəni ziyarət edəcək. Ehtimal olunur ki, V.Putinin gəlişi mümkün olmazsa, iki ölkə liderləri arasında onlayn-konfrans təşkil ediləcək. Virtual bağlantıda, ilk növbədə Mersindəki “Akkuyu” atom stan­siyasına nüvə yanacağının daşınması məsələsi müzakirə ediləcək. 

Rusiya Prezidentinin Türkiyəyə eh­timal olunan səfəri dünya mediasında böyük əks-səda verərək geniş yayılıb. Rəsmi Kremlin mətbuat xidmətinin rəh­bəri Dmitri Peskov bu məsələ ilə bağlı deyib ki, Rusiya liderinin Türkiyəyə səfəri barədə hələlik dəqiq qərar qəbul edilmə­yib, bununla bərabər, bütün hallarda “Ak­kuyu” AES-in aprelin sonunda nəzərdə tutulan açılış mərasimində Rusiya tərəfi layiqincə təmsil olunacaq. 

D.Peskov sonra qeyd edib ki, bu la­yihə Rusiya və Türkiyə arasında uğur­lu ikitərəfli əlaqələrin, eləcə də dost və qonşu Türkiyədə enerji sahəsinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu­nunla da, iki böyük dövlət arasında mü­nasibətlərdə yeni era başlaya bilər. 

Yeri gəlmişkən, bu il martın 25-də Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub. Liderlər, ilk növbə­də Ukraynadakı vəziyyəti müzakirə edib­lər. R.T. Ərdoğan bildirib ki, onun ölkəsi münaqişənin danışqılar yolu ilə bitmə­sinə böyük önəm verir. Telefon bağlantısı zamanı Türkiyə Prezidenti Ukraynadan taxılın dünya bazarlarına daşınması ilə bağlı sazişin uzadılmasına müsbət cavab verdiyinə görə rusiyalı həmkarına dərin minnətdarlıq edib. Rusiya Prezidenti, öz növbəsində qeyd edib ki, yaxın gələcək­də iki ölkə arasında iqtisadi əməkdaşlı­ğın dərinləşməsi üçün yeni addımlar atıla bilər və buna zərurət yaranıb.

Bu məqamda qeyd etməyə dəyər ki, Rusiya mediası bu günlərdə Türkiyədə keçiriləcək prezident seçkilərinə hazırlıq prosesini geniş işıqlandırır. Prezidentliyə namizədlərdən biri Sinan Oğan iki gün əvvəl “RİA Novosti” agentliyinin müx­birinə müsahibəsində bildirib ki, rəsmi Ankara düzgün olaraq Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi məsləsində Qərbi kor-koranə təkrarlamır. 

S.Oğan sonra bildirib ki, “bir vaxtlar Qərb nə deyirdisə, biz onu yerinə yeti­rirdik”. O dönəmlər artıq arxada qaldı. Bizim prioritetimiz Türkiyənin maraqla­rıdır. Biz öz daxili və xarici siyasətimizi özümüz nizamlamalıyıq”. Onun sözlərinə görə, Qərb tərəfindən sanksiyalar tətbiq etməzdən qabaq sülh üçün şans verilmə­lidir. 

S.Oğan həmçinin ümid etdiyini bildirib ki, Ukraynadakı mövcud gərgin vəziyyət­lə bağlı çıxış yolu tapmaq mümkün ola­caq: “Bunun üçün həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Vo­lodimir Zelenski ilə danışıqlar aparmaq zəruridir. Qərbin hazırkı mövqeyi yanlış­dır, bu yanaşma münaqişənin qarşısının alınmasından çox, onun daha da alovlan­masına xidmət edir”. 

Xatırladaq ki, S.Oqanın prezidentliyə namizədliyi “Ata ittifaqı” seçki bloku tərə­findən irəli sürülüb. Rusiya mediası belə bir faktı diqqətə çatdırır ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin məzunu olan S.Oğan “Valday” klubunun üzvüdür və Rusiya ilə əlaqələrin geniş­lənməsinin tərəfdarıdır. 

 

M.HACIXANLI, “Xalq qəzeti”

Siyasət