Ermənilər I Dünya müharibəsinin meydana gətirdiyi şəraitdən istifadə edərək, azərbaycanlılara və ümumiyyətlə türklərə qarşı Arazdan şimalda Azərbaycan əraziləri, eləcə də Şərqi Anadolu ilə yanaşı, Cənubi Azərbaycanda da soyqırımı törətmişlər.
1918-ci ildə aysorları da özlərinə birləşdirən ermənilərin Urmiya, Salmas və Xoy məntəqələrində azərbaycanlılara münasibətdə həyata keçirdiyi misilsiz vəhşiliklər, onların müasir Azərbaycan Respublikası ərazisində, eləcə də Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı törətdiyi soyqırımı planlarının tərkib hissəsi idi. Bundan məqsəd Xəzər dənizinin sahillərindən Cənubi və Şimali Azərbaycanın, eləcə də Şərqi Anadolunun xeyli hissəsini əhatə etməklə, Qara dəniz və Aralıq dənizi sahillərinədək olan ərazidə “Böyük Ermənistan” dövlətini təşkil etmək idi.
Lakin həmin ərazilər türk-müsəlman əhaliyə aid olduğu üçün dağınıq halda köçüb gəlmiş ermənilər azlıq təşkil edirdilər. Ona görə də erməni terror təşkilatları tarixi Azərbaycan torpaqlarında və Şərqi Anadolu ərazisində yerli əhalini etnik təmizləmə yolu ilə məhv edərək, demoqrafik dəyişikliyə nail olmaqla, azlıqda olan ermənilərə “dövlət” təşkil etməyə çalışırdılar. Bu mənfur planın nəticəsində təkcə Cənubi Azərbaycanın qərb bölgəsində Sulduzdan Xoya qədər bütün şəhər və kəndlərdə azərbaycanlılar dəhşətli soyqırımına məruz qaldılar.
Bu hadisələr nəticəsində tələfat və xəsarəti siyahıya almaq üçün İran dövlətinin göstərişi ilə 1918-ci ilin yayında yaradılan komissiyanın yerlərdə hesablama aparıb hazırladığı hesabatın nəticələrinə görə, ermənilərin I Dünya müharibəsi başlanandan 1918-ci ilin ortalarına kimi törətdiyi dəhşətli qırğınlar nəticəsində Cənubi Azərbaycanın qərb bölgəsində 200 minədək azərbaycanlı qətlə yetirilib. Qırğınların forması dəhşətli soyqırımı faktının törədildiyini açıq şəkildə sübut edir.
Azərbaycanlıların kütləvi şəkildə soyqırımının ermənilərin əsas məqsədi Azərbaycan şəhərlərini və kəndlərini etnik təmizləmə yolu ilə yerli əhalidən təmizləmək və kənardan gətirilən erməni ailələrini həmin şəhər və kəndlərdə məskunlaşdırmaq olmuşdur. Ona görə də Urmiya, Salmas və digər bölgələrin şəhər, qəsəbə və kəndlərində azərbaycanlı ailələrin evlərinə hücum edən ermənilər südəmər körpədən tutmuş, 80-90 yaşlı qocayadək hamısını öldürüb, evin əşyalarını qarət etdikdən sonra evlərə od vurub yandırırdılar ki, azərbaycanlıların izi-tozu belə qalmasın. Hadisənin canlı şahidlərinin qeydləri də bunu açıq şəkildə sübut edir.
Urmiyada kütləvi soyqırımının birinci mərhələsində onsuz da silahı olmayan, yalnız soyuq silahlarla özlərini müdafiə etməyə çalışan azərbaycanlılar kütləvi soyqırımının dayandırılması məqsədilə tamamilə təslim oldular. Lakin birləşmiş erməni-aysor silahlı dəstələri bütün şəhəri ələ keçirsələr də, təslim olan əhalinin soyqırımını dayandırmadılar. Silahı olmayan və təslim olmuş bir xalqın kütləvi şəkildə qətliamına da soyqırımından başqa ad vermək mümkün deyildir. Belə ki, soyqırımını dayandırmayan ermənilər mart ayının 17-də yenidən azərbaycanlıların kütləvi soyqırımını gücləndirdilər.
Ermənilər Urmiya və Salmasın müxtəlif şəhər, qəsəbə və kəndlərini soyqırımı yolu ilə müəyyən dərəcədə azərbaycanlılardan təmizlədikdən sonra gizlənib canını qurtarmaq istəyən kimsəni tapırdılarsa, onu həm güllə sərf etmədən, həm də əzabla öldürmək üçün divarları deşib, başını divara keçirib bərkitməklə bədənini öküzə bağlayıb öküzü sürməklə onların başını bədənindən qırıb ayırırdılar. Günümüzdə Urmiyada və Salmasda həmin divarlar qanlı divarlar adı ilə məşhurdur.
Andranik isə erməni-aysor silahlı dəstələrinin etnik təmizləmə yolu ilə işğal etdikləri Urmiya və Salması İrəvan xanlığı ərazisində qurulan erməni dövlətinə birləşdirməkdə əsas maneə hesab edilən Xoy şəhərini hədəf almışdı. Azərbaycanın bir hissəsi sayılan İrəvan əyalətində 28 may 1918-ci ildə Ermənistan dövləti yarandıqdan sonra işğalçı ermənilərin başçılarından olan Andranik bu dövlətin kiçik bir ərazidə yaradılması ilə razılaşmadığını bildirdi. O, Xəzər dənizindən Qara dənizə və Aralıq dənizinə qədər “böyük Ermənistan” yaratmaq istəyən ifratçı ermənilərdən idi. O, Ermənistan dövlətinin bu kiçik ərazidə yaradılmasına qane ola bilmirdi.
Cənubi Azərbaycan ərazisində isə ən azı Cənubi Azərbaycanın qərb hissəsi, eləcə də Ərvənq, Ənzab, Mərənd və Təbriz bölgələri işğal planına daxil etmişdi. Lakin Xoy şəhərinin əhalisinin ciddi müqaviməti, eləcə də azərbaycanlıların kütləvi soyqırımından xəbər tutaraq, Cənubi Azərbaycana daxil olan Osmanlı ordusunun Xoya yaxınlaşması Andranikin Xoy şəhərini ələ keçirib, əhalisini soyqırıma məruz qoymaqla gətirdiyi erməni ailələri orada yerləşdirmə planı iflasa uğradı.
Yuxarıda qeyd edilən hadisələrin törədilmə forması onu göstərir ki, şəhər və kəndlərin etnik təmizləmə yolu ilə azərbaycanlılardan boşadılması, südəmər körpədən qocalara qədər əhalinin kütləvi şəkildə məhv edilməsi, məqsədli şəkildə törədilmiş dəhşətli soyqırımı faktıdır.
Həsən SƏFƏRİ,
AMEA Şərqşünaslıq İnstitutu
Cənubi Azərbaycan şöbəsinin əməkdaşı