“Fazil Mustafa cinayəti”: İran izi və Azərbaycana mesaj məntiqi

post-img

Milli Məclisin deputatı Fazil Mustafaya silahlı hücum, heç şübhəsiz, terror aktıdır. Hadisə ilə bağlı müxtəlif versiyalar gündəmdədir. Azərbaycan ictimaiyyəti burada İran izi axtarır. Bu axtarış təbiidir. Çünki son zamanlar İran İslam Respublikasının müxtəlif dairələrindən ölkəmizə qarşı təhdidlər səslənməkdədir. 

İstər İranın ayrı-ayrı siyasilərinin, istərsə də dini təşkilatlarının təmsil­çilərinin fikirlərində Azərbaycana qarşı hədə-qorxu motivi açıq-aydın görünür. Yada salaq ki, İranın “Hüseynuyun” təşki­latı “Xalq qəzeti”nin rəhbərliyini də təhdid etmiş, media azadlığına basqı niyyətini ortaya qoymuşdu. Məlum olmuşdu ki, qəzetimizdəki İranla bağlı yazılar Tehran rejimini və onun ölkəmizdəki qulbeçələri­ni ciddi narahat etməkdədir... 

Şübhəsiz, Fazil bəyin çıxışları da İra­nı və iranpərəstləri əndişəyə salır. Çünki o, həm deputat kimi, həm də publisistik yanaşmaları ilə fars rejiminin ölkəmizdə qurduğu dini şəbəkənin maraqlarına və dayaqlarına ziyan vurmaqdadır. F.Mus­tafa mollaların ölkəmizdə səpdiyi cəhalət toxumlarının ayrı-ayrı cücərtilərinin hədə­fində olduğundan, Azərbaycan Respubli­kasının Dövlət Təhlükəsizliyi Xidməti ona qarşı sui-qəsdlə bağlı Cinayət Məcəllə­sinin 277-ci, yəni dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəa­liyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həya­tına sui-qəsd etmə maddəsi ilə cinayət işi başladıb. Təbii ki, cinayət işində həmin məcəllənin 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələ­rini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi də əsas götürülüb. 

***

“Fazil Mustafa cinayəti”ndə Azər­baycan ictimaiyyətinin nəzərlərinin İrana yönəlməsinin birbaşa, açıq səbəbləri də var. Bu baxımdan, ilk növbədə yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror aktı üzərində dayanmaq lazımdır. Məlum olduğu kimi, həmin gün “Kalaşnikov” avtomatı ilə silahlanmış İran vətəndaşı Yasin Hüseynzadə səfirliyin bi­nasına daxil olaraq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirmiş, xid­mətin digər əməkdaşlarını yaralamışdı... 

Əlbəttə, o zaman düşünülə bilərdi ki, hansısa üçüncü qüvvə terror aktı gerçək­ləşdirməklə, Azərbaycan-İran münasi­bətlərindəki gərginliyi daha da artırmağı düşünür. Nəzərə alaq ki, səfirliyə hücum Azərbaycan ərazisinə hücumdur. Lakin İran hakimiyyəti hadisəyə göstərdiyi mü­nasibəti ilə sübuta yetirdi ki, başqa şübhələr üçün əsas yoxdur. Rəsmi Tehran 27 yanvar terrorunu nəinki araşdırmadı, üstəlik, terrorçunu kultlaşdırdı, cinayət məsuliyyətinə cəlb etmədi. Adını qoy­du ki, adamın psixoloji problemləri var. Deməli, psixoloji problemləri olan şəxs avtomat silah əldə edə və səfirliyə daxil olmaq üçün ən münasib vaxtı hesablaya bilər! Hər halda, buna inanan, qətiyyən olmadı və olmayacaq da... 

İkinci məqama diqqət yetirək. İran bir müddət əvvəl respublikamıza qarşı güc nümayiş etdirdi. Hələ biz ölkənin Azər­baycanla sərhəddə hərbi təlim keçirməsi­ni bir kənara qoyuruq. İslam respublikası­na məxsus qırıcı təyyarənin Azərbaycan sərhədini pozmasından danışırıq. Ölkə­miz buna sərt münasibətini bildirdi, İra­nın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağrıldı, ona etiraz notası təqdim olundu. Diqqət yetirək, ortada Tehranın hadisə ilə bağlı hər hansı izahı yoxdur. Yəni, İran qırıcı təyyarənin səhvən hava sərhədini pozduğunu belə bildirmədi. Deməli, rejim etdiyini danmır və konfrantasiyalara get­məkdə haqlı olduğunu göstərir. 

***

Fazil Mustafaya qarşı hücum da av­tomat silahla törədilib. Tehranda səfirli­yimizdəki terror aktında da bu silahdan istifadə edilmişdi. Üstəlik, martın 4-də Bakının Xətai rayonunda hipermarketə hücum da avtomatla olmuşdu. Həmin günün axşamı hüquq-mühafizə orqan­larımızın əməkdaşları hadisədə şübhəli bilinən şəxsi Fəvvarələr meydanı yaxın­lığında zərərsizləşdirmək istəyərkən də müqavimət “Kalaşnikov”la göstərilmişdi. 

Əlbəttə, bu silah dünyada kifayət qə­dər yayıldığından, sırf ona nəzərən hər hansı ehtimallar üzərində dayanmaq istəməzdik. Məsələ məhz avtomat sila­hın işə salınmasındadır. Halbuki, daxili məqsədlər üçün tapança da ola bilərdi, soyuq silah da. Sual olunur: nəyə görə pul əldə etmək istəyən şəxslər günün-gü­norta çağı, bilə-bilə ki ətraf kameradır, avtomat silahla hücum çəkirlər? Yəni, ələ keçəcəklərini düşünmürlər? Hər hal­da, məqsədi pul əldə etmək olan şəxs hadisəni daha səssiz gerçəkləşdirmək istəyər. Ancaq, görünür, səs-küy salmaq, vahimə yaratmaq lazım imiş. Belədə ordu silahlanmasına aid silahdan istifadə daha “münasibdir”. Deməli, məqsəd İran­dakı bəzi dairələrin “hücum edib Bakını tutarıq” mesajını ünvanına çatdırmaqdır. 

Fazil bəyə gəldikdə də eyni mesaj gündəmdədir. Əlbəttə, deputat hadisə nəticəsində həyatını itirə bilərdi. Nəzərə alaq ki, F.Mustafa dinin ölkəmizdəki, belə demək mümkünsə, İrançı kəsimi tərə­findən mənfi qarşılanan adamdır. Sosial şəbəkələrdə ona qarşı dəfələrlə nalayiq sözlər işlədildiyi də aşkardır. Yəni, hədəf kimi onun seçilməsində məntiq var. An­caq görünən budur ki, başlıca məram onu fiziki cəhətdən məhv etmək olmayıb, qorxutmaq istəyiblər. 

Bəli, “Fazil Mustafa cinayəti” əvvəlki “ssenarinin”, bir növ, davamıdır. Daha böyük mesaj isə budur – baxın, Azərbay­canın hər yerində, hər kəsə qarşı terror aktı gerçəkləşdirə bilərik, ölkəni qarışdır­mağı bacarırıq, müharibə avtomat silahla aparılırsa, o silahla Bakı küçələrində gə­zirik. Bəlkə, hələ bu da var – Azərbaycan bizim əli avtomatlılarımızla doludur. 

Baxın, hüquq-mühafizə orqanları­mız son günlər İrana casusluq edən şə­bəkələri ifşa edirlər. Yəni, həm də poten­sial əli avtomatlılar üzə çıxarılır. Görünür, sayları az deyil. İllərdir, ölkəmizdə din adı altında yurd-yuva salıblar, özlərinə ba­şıpozuq tərəfdarlar toplayıblar. Azərbay­cana qarşı daxili düşmənlər yetişdiriblər. İranın ali dini rəhbərini, az qala, peyğəm­bər səviyyəsinə ucaldan, başları müstəqil dövlət kimi varlığımızı inkar edən, onu İranın əyaləti kimi görən xəstələr bəslə­yiblər. 

***

Bəli, bu xəstələr Azərbaycanın müstəqilliyini və suverenliyini qəbul et­mirlər. Onun uğurlarına qısqanclıqla yanaşırlar. Belələri 44 günlük müharibə zamanı xalqın mübarizlik ruhuna qənim kəsilmişdilər. Həmin vaxt Qərbin ölkəmiz­dəki, özlərinin pozğun, kafir kimi qiymət­ləndirdikləri, saxta pasifistləri ilə əl-ələ verib müharibəyə qarşı çıxır, Azərbay­canın haqq davasına kölgə salmaq yolu tuturdular. 

İndi də eyni yoldadırlar və yenə İranla birgə digər anti-Azərbaycançı qüvvələr aktivləşiblər. Fazil Mustafaya qarşı qəs­din martın 28-də gerçəkləşməsi adi məsələ sayılmamalıdır. Məlum olduğu kimi, həmin gün İsrail Prezidenti Azər­baycanın bu ölkədəki səfirinin etimad­naməsini qəbul etmişdi. Beləliklə, Tel-Əvivdə səfirliyimizin fəaliyyətə başlaması tam şəkildə rəsmiləşmişdi. 

Digər tərəfdən, diqqət yetirək ki, Er­mənistan son vaxtlar sülh prosesinə xələl gətirən hərəkətlərə yol verməkdə­dir. Açıq-aydın görünür ki, ölkə Azərbay­cana qarşı təxribatlarını davam etdirmək niyyətindən daşınmır. Ordu buna qarşı olaraq Qarabağda aktivləşib, bölgədəki separatçılığı, tamamilə, boğmaq üçün yeni mövqelər əldə edib. İrəvanın hazır­kı azğınlığı fonunda, genişmiqyaslı hərbi əməliyyatların başlanması riski yaranıb. Bakı bunu etməyə, sadəcə, məcburdur. Deməli, ölkəmizə qarşı çıxmaq istəyən­lərin tapılması da mümkündür. Bu sırada Qərb dövlətləri ilə yanaşı, İran da var. Tehranın agentura şəbəkəsi daha güclü olduğundan, hərəkətə keçmək imkanı da genişdir. 

Belə nəticəyə gəlmək mümkündür ki, hazırkı durumda İran hakimiyyətinin Qər­bin bəzi anti-Azərbaycançı dairələri ilə birləşmə ehtimalı böyükdür. Bunu düşün­mək üçün sadə bir əsas gətirək. Baxın, Avropa İttifaqının Azərbaycan-Ermə­nistan sərhədinin Ermənistan tərəfində, tərkibində əli silahlıların da olduğu, mülki missiyası fəaliyyətə başlayır, İran rəs­miləri bəyanat verirlər ki, belə bir missi­yanın mövcudluğu Tehranın maraqlarına zidd deyil. Halbuki, başqa vaxt olsaydı, heç bir halda məsələyə razılıq verməz­dilər və həm də öz sərhədləri yaxınlığın­dakı xariciləri təhdid kimi görərdilər. İndi görmür və üstəlik bildirirlər ki, Ermənis­tanın ərazi bütövlüyü İran üçün “qırmızı xətt”dir. 

Deməli, həmin “xəttin” müdafiəsi üçün hərəkət vacibdir. Son günlər İran qoşunlarının sərhəddə cəmləşməsi ilə bağlı məlumatlar yayılmaqdadır. Müvafiq olaraq, Bakıdakı şəbəkənin də aktivləş­məsi mümkündür. Deməli, “Fazil Mustafa cinayəti”nə bir də bu rakusdan yanaşmaq zərurəti var. Hücum obyekti kimi Fazil bəyin seçilməsində təbiilik olsa da, belə seçim həm də mesajın tam açıq formada verilməməsi, müəyyən qədər pərdələn­məsidir. Nəzərə alaq ki, deputata onun səsləndirdiyi fikirlərə görə sui-qəsdin törədildiyi, guya, hansısa radikal dindarın əsəbiləşib silaha əl atdığı görüntüsü də “lazımdır”. Ona görə lazımdır ki, diqqət əsas məsələdən yayınsın. Beləliklə, anti-İran çıxışları edən fərdi şəxsləri də qorxutmaq hədəfi yaranır. Şübhəsiz, bir qədər əvvəl vurğuladıqlarımızla Azərbay­can dövlətinin də öz mesaj payını götür­düyünü hesablayırlar. Dövlətə mesajdan söz düşmüşkən, “Fazil Mustafa cinayəti” martın 28-də Azərbaycanın dövlət təh­lükəsizliyi orqanlarının peşə bayramı gü­nündə törədilib. 

***

Bəli, sonda bir daha bildirək ki, Fazil Mustafaya qarşı silahlı hücum planlaş­dırılmış terror aktıdır. Qeyd etdiklərimizi nəzərə alaraq, bu terrorda üç hədəfin olduğunu müəyyənləşdirdik. 1. Deputat Fazil Mustafanı özü. Onu qorxutmaq. 2. İran əleyhinə danışanları, sərt mövqe tutanları qorxutmaq və onları susdurmaq. 3. Azərbaycan dövlətini qorxutmaq və onun beynəlxalq müstəvidəki fəaliyyətini əngəlləmək, Qarabağ və Ermənistanla münasibətlər müstəvisindəki qətiyyətini zəiflətmək. 

Təbii ki, vurğuladıqlarımız, müəyyən mənada, Azərbaycan ictimai rəyinin gəl­diyi qənaətdir, eyni zamanda son vaxtlar baş vermiş proseslərə nəzərən təhlilləri­miz sonrası meydana çıxan düşüncələri­mizdir. Ən doğru nəticə hüquq-mühafizə orqanlarımızın araşdırmaları sonrası aş­kara çıxarılacaqdır. 

 

“Xalq qəzeti”nin analitik qrupu

Siyasət