Laçın yolu siyasi oyun meydanı deyil

post-img

Bu günlərdə Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə toplantısı keçirildi. Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurumdan millət vəkili, qardaş ölkəni Avropa Parlamentinin Parlament Assambleyasında təmsil edən Kamil Aydın “Xalq qəzeti”nə müsahibəsində həm TDT-nin son toplantısını, həm də Avropa Şurasının Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnaməni şərh etdi. 

– Kamil bəy, Türk Dövlətləri Təş­kilatının (TDT) Fövqəladə Zirvə top­lantısı Ankarada Prezident Administ­rasiyasında baş tutdu. Bu görüşü necə dəyərləndirirsiniz?

– Bəli, martın 16-da keçirilən tədbir 5 üzv, 3 müşahidəçi türk dövlətinin iştira­kı ilə baş tutdu. Əslində, bu toplantının Şuşada keçirilməsi nəzərdə tutulmuşdu və indiki şəraitdə çox əhəmiyyət kəsb edirdi. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyev humanizm nümayiş etdirərək, fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələdən sonra həmin gö­rüşün Ankarada keçirilməsi təklifini irəli sürdü. 

“Əsrin fəlakəti” kimi dəyərləndirilən bu zəlzələnin ağır nəticələri 3 Hollan­diya qədər bir ərazini əhatə etdi, 20 milyon insanın həyatına təsirini göstər­di, 50 min insanımızın həyatına son qoydu, 100 min insanımızı yaraladı, 11 bölgəmizdə fəlakətli dağıntılara yol açdı. Odur ki, cənab İlham Əliyevin bu baxımdan daha bir humanist addımı Türkiyədə dövlət və cəmiyyət tərəfin­dən yüksək qiymətləndirilir. Onsuz da Azərbaycan ilk gündən qardaş köməyi­ni göstərdi və hələ də bu dəstək davam edir. Eləcə də, bütün Türk dünyasından dəstək var.

Zirvə toplantısında bir çox qərarla­ra imza atıldı. Bu günə qədər keçirilən zirvə toplantılarında verilən qərarlar bir sonrakı zirvədə təkmilləşdirilərək təsdiq olunub, icra prosesinə daxil edilir. Sö­zügedən toplantıda da “Türk dünyası­na baxış 2040” sənədinə və 8-ci Zirvə görüşünün müvafiq bəndinə uyğun ola­raq, bundan sonra yaşanacaq təbii fə­lakətlərlə bağlı həm ikitərəfli əlaqələrlə, həm də TDT nəzdində əməkdaşlığın və birlikdə mübarizənin aparılmasına dair təşkilatın mülki müdafiə mexanizmi­nin qurulması ilə əlaqədar qərar qəbul olundu. Belə bir dəstək həm də təkcə TDT nəzdində deyil, dünyanın harasın­da bir təbii fəlakət olursa, birlikdə verilə­cək ki, bu da çox humanist bir qərardır. 

Ən vacib qərarlardan biri daha ön­cəki görüşlərdə də əhəmiyyəti xüsusilə vurğulanan ticarət, nəqliyyat, strateji, mədəni və iqtisadi əməkdaşlığın gün­dən-günə genişləndirilməsi üçün lazım olan addımların atılması və bu baxım­dan Türk İnvestisiya Fondunun yaradıl­ması oldu. 

UNESCO-nun uzaqgörənliyi ilə BMT nəzdində Dünya türk dili gününün keçirilməsinə TDT-nin tam dəstək ver­məsi qərarı çox təqdirəlayiq bir addım­dır. 

Müşahidəçi dövlətlərin TDT-nin fəaliyyətlərinə aktiv cəlb olunması da qiymətləndirildi ki, bu da çox önəmli məsələlərdən biridir. 

Müqəddəs kitabımız “Qurani Kə­rim” başda olmaq üzrə bütün mənəvi dəyərlərimizə edilən hücumlara qarşı birgə mübarizə, Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktının qı­nanması və günahkarın tezliklə tapılıb məsuliyyətə cəlb edilməsi çağırışı da TDT-nin əməkdaşlığının möhkəmləndi­yini bir daha sübut etdi. Bundan başqa, Türk dünyası onsuz da Azərbaycanla eyni mövqe nümayiş etdirməkdədir. TDT vahid güclə, vahid səslə Azərbay­canın yanında olduğunu sübut etdi.

– Yeri gəlmişkən, martın 15-də Avropa Parlamenti Azərbaycan əley­hinə qərəzli qətnamə qəbul etdi. Bu barədə fikrinizi bilmək maraqlı olardı.

– Mən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (ATƏT PA), Avropa Şu­rası Parlament Assambleyası (AŞPA) və NATO Parlament Assambleyasın­nın (NATO PA) iclaslarında Türkiyə nümayəndə heyətinin üzvü olaraq öz ölkəmizlə bərabər, qardaş Azərbay­canın problemlərini də dilə gətirirəm. Avropa Parlamentinin üzv dövlətləri, təəssüf ki, yenə də cəfəngiyyat dolu bir qətnaməyə imza atdılar. Əminliklə deyə bilərəm ki, Avropa Parlamentinin Azər­baycan əleyhinə qəbul etdiyi qərəzli qətnamə köhnə “bayatıdır” və etibar­sızdır.

705 nəfərlik tərkibdə olan bu qu­rumun üzvlərinin əksəriyyəti ermə­nipərəstlərdən təşkil olunduğuna görə, Avropa Parlamentindən belə bir qət­namənin verilməsi zatən gözlənilən idi. İndiyədək Avropa Parlamentindən İslam və Türk dünyasının xeyrinə bir qətnamə qəbul edildiyinə şahid olma­dım. Görünür, xüsusilə də 2020-ci ilin noyabrında Azərbaycanın öz əzəli və əbədi Qarabağ torpaqlarını işğaldan azad etməsi Avropa Parlamentini çox narahat edib. 

Qətnaməyə baxdıqda da mənasız və yersiz tələblərin irəli sürüldüyünü görə bilərik. Ortaya qoyulan iddialara görə, guya, Qarabağda yaşayan ermə­nilərin təhsil almalarına mane olunur, səhiyyə xidmətləri göstərilmir, onların səyahət etmələrinə məhdudiyyət yara­dılır, təbii qazın verilməsi çətinləşdirilir və sair. O bölgədə onsuzda çox say­da erməni də yaşamır. Digər tərəfdən, Azərbaycan vətəndaşı olan ermənilər bu ölkənin vətəndaşları ilə eyni hüququ daşıyırlar. Əslində, bütün bunlar bə­hanədir, bölgədə qarışıqlıq yaratmaq­dır. Maraqlıdır, Avropa Parlamenti bu yersiz iddiaları gündəmə gətirəndə nə üçün Ermənistanın bölgəni necə mina­lamasından bəhs etmir?

– Həm də o bölgədə illərdir heç bir mədən qazıntıları aparılmadığı halda birdən-birə qanunsuz işlərə başlandı. Sizcə, buna səbəb nədir? 

– Çünki bölgədəki qanunsuz mədən qazıntıları Qərbyönümlü Ermənistan tərəfindən aparılır və bu da işğal pro­sesinin yenidən başlanması cəhdləridir. Ancaq regionda İlham Əliyev kimi bir lider və öz hüquqlarını qoruya biləcək Azərbaycanın olması bütün bu cəhdlərin reallaşmasına mane olur. Ermənistanın bəhanəsi ondan ibarətdir ki, bölgəyə nə­zarət edən Rusiya sülhməramlıları guya, keçidə düzgün şəkildə nəzarət edə bil­mirlər. Biz o yerlərə dəfələrlə getdik. Keçid marşrutu rahat bir şəkildə təmin olunur. Amma hər zaman olduğu kimi, Ermənistanın məqsədi burada “üzüm yemək deyil, bağban olmaq”dır. Əslində isə ermənilər 100 ildir davamlı olaraq eyni uydurmalar, ittihamlarla çıxış edir.

Azərbaycan, haqlı olaraq, təmkinlə, sivil qaydada mübarizəsi ilə xam torpaq­larının elmə, ekologiyaya, sağlamlığa zidd şəkildə istismarına etiraz edir. Digər tərəfdən, Ermənistan qazıntı aparmaq adı ilə üçtərəfli anlaşmalara və normal­laşma prosesinə zidd bir şəkildə yenidən minalanma təşəbbüsləri ortaya qoymaq­la sülhpərvər iradənin tamamilə əksinə davranır. 

Ona görə də Avropa Parlamenti er­məni diasporunun fitvasına uyub Laçın dəhlizində böhran vəziyyəti yaratmaq­dansa, problemin həllini region ölkələ­rinin ixtiyarına verməlidir. Yəni, bu məsələnin həlli Azərbaycan–Ermənis­tan ikitərəfli danışıqları ilə mümkündür. Əgər bu danışıqlar da baş tutmasa, o zaman eyni coğrafiyanı paylaşan Gür­cüstan və Türkiyə bu prosesə cəlb edilə bilər. Ona görə də, Avropa Parlamenti­nin qəbul etdiyi qətnamə tamamilə eti­barsızdır.

 

M.SULTANOVA, 

Ankara

Siyasət