Laçın yolu 109 gündür ki, ictimai nəzarətə götürülüb

post-img

Azərbaycan Müdafiə və Xarici İşlər nazirlikləri ermənilərin separatçı meyillərini təhlil edərək bu nəticəyə gəlib ki, Laçın–Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması labüddür. Prezident İlham Əliyev də bu məsələni bir neçə dəfə səsləndirib. Həmçinin ekoaksiyaçıların da vacib tələblərindən biri budur.


Milli Məclisin deputatı Cəbi Quliyev məsələyə münasibət bildirərkən dedi ki, Azərbaycan sərhədlərinə nəzarət etmək iqtidarındadır. Biz heç zaman imkan vermərik ki, təbii sərvətlərimiz hansısa yolla daşınsın. Ermənilər işğal dövründə etdikləri hərəkətləri yenidən təkrarlayırlar və düşünürlər ki, cəzasız qalacaqlar. Lakin bu, mümkün deyil: “Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməmişdir. Həyata keçirilən əməliyyatlar düşmənin ekoloji terrorunun qarşısının alınmasında mühüm rol oynayacaq”,– deyə deputat vurğuladı.
Bir müddət əvvəl “Arsax”ın qondarma dövlət naziri Ruben Vardanyan Azərbaycanın təkidi ilə istefa verməli oldu. Tələblərinin tam yerinə yetirilməməsi səbəbindən aksiyaçılar etirazlarına ara vermədilər. Beynəlxalq təzyiqlərə baxmayaraq ekoloqlar geri çəkilmir, 109 gündür ki, vətəndaş mövqelərini nümayiş etdirirlər. Eyni zamanda, Azərbaycan Qarabağın erməni sakinləri ilə danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib və bu istiqamətdə əməli addımlar da atıb. Bütün bunlar yolda Azərbaycan dövlətinin nəzarətinin olmasının labüdlüyünü göstərir. Nə Ermənistan hakimiyyəti, nə də separatçılar Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmağımıza mane ola bilməyəcəklər.


***


Dünən Şuşada günəşli hava şəraiti müşahidə olunub. Hazırda aksiya iştirakçılarının Laçın–Xankəndi yolunda fəallığı müşahidə olunur. Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub. Ekofəallar tələblərində qəti olduqlarını nümayiş etdirirlər. Laçın–Xankəndi yolunda, aksiyanın keçirildiyi ərazidən humanitar təyinatlı nəqliyyat vasitələri sırasında evakuasiya, tibbi yardım, təminat, təchizat və minik avtomobilləri də maneəsiz hərəkət edib. Bütün bunlar Laçın–Xankəndi yolundan humanitar məqsədli keçid üçün heç bir məhdudiyyətin olmadığını göstərir.


Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Siyasət