Qarabağda çəmbər daralır - torpaq yolda "erməni tozu" yoxdur

post-img

Azərbaycan Ordusunun 25 mart həmləsinə sözardı

 

Son bir neçə ayda Cənubi Qafqazda sülh gündəliyi xeyli aktivləşmişdi. Ancaq Ermənistan tərəfindən buna zidd addımların atılmasının şahidi olurduq. Təsəvvür edin, dünyanın müxtəlif siyasətçilərinin, bölgə ilə maraqlı dövlətlərin liderlərinin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin bəyanat və açıqlamalarında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ayrı-ayrı detallarına dair fikir mübadilələri gedir, pozitiv notlar gündəmə gəlir, ilk baxışdan, sülhün çox yaxın olduğu gözlənilir, ancaq, İrəvan rəsmiləri bəyanatlar verərək, od püskürür, açıq-aydın şəkildə Bakının yaratdığı reallıqlarla barışmayacaqlarını vurğulayırdılar. 

Üstəlik, Qarabağdakı qondarma erməni rejiminin aktivləşdiyi hiss olunurdu. Separatçıların səsləndirdikləri fikirlərdən elə anlaşılırdı ki, sanki, 44 günlük müharibə olmayıb, rüsvayçı məğlubiyyət baş verməyib, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il tarixli, kapitulyasiya aktına bənzər, üçtərəfli Bəyanat imzalanmayıb. Hərçənd, erməni siyasi dairələrinin həmin Bəyanatın ayrı-ayrı müddəaları ilə interpretasiyalara yol verdikləri, sənədi manipulyasiya predmetinə çevirdikləri də nəzərdən qaçmırdı.

Ermənistanın baş naziri Nikol Paşinyan, xüsusən, ölkənin xarici işlər naziri Ararat Mirzoyan, təhlükəsizlik şurasının sədri Armen Qriqoryanın, parlamentin spikeri Alen Simonyan müxtəlif beynəlxalq toplantılardakı çıxışlarında, ayrı-ayrı görüşlərində Azərbaycanı aqressiv davranışlarda ittiham edir, dünya ictimaiyyətində belə rəy formalaşdırırdılar ki, sanki, beynəlxalq aləmin Bakının təcavüzkar hərəkətlərinə qarşı biganə qalmaması vacibdir. 

Mövcud xüsusda Avropa İttifaqının müşahidə missiyasının regiona gətirilməsi həyata keçirildi, eyni zamanda, Paşinyan administrasiyası BMT-nin də oxşar missiyasının Qarabağa cəlb edilməsi niyyətini ortaya qoydu. Həmçinin, Laçın-Xankəndi yolunun açıq olmasına baxmayaraq, İrəvan rəsmiləri yolun bağlı saxlanıldığına dair fikirləri dünyaya tirajlamaqla, Qarabağ ermənilərinin, guya, blokadada qaldıqları ritorikasını inkişaf etdirməyə, beynəlxalq ictimaiyyəti cəfəngiyyata inandırmağa qol çırmadılar.

Bəli, bütün bunlar dünya ictimaiyyətində Ermənistanın silaha sarılmasının vacibliyi qənaətini yaratmaq, Azərbaycana qarşı istər hərbi, istərsə də mənəvi cəbhə formalaşdırmaq, özünə tərəfdar toplamaq məqsədinə hesablanmışdı. Əslində, alternativ yollarla - Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaların reallaşdırılması da bundan xəbər verirdi.

***

Təbii ki, Azərbaycan dövlətinə və cəmiyyətinə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd olaraq, Qarabağda qanunsuz erməni hərbi birləşmələrinin mövcudluğu məlum idi. O da məlum idi ki, Ermənistan onları bölgədən çıxarmaq niyyətində deyil. Laçın-Xankəndi yolundan hərbi təyinatlı yüklərin daşınmasının qeyri-mümkünlüyü şəraitində sözügedən torpaq yoldan hərbi məqsədlər naminə istifadə isə göstərdi ki, İrəvan özünün təcavüzkar, təxribatçı mövqeyində israrlıdır, heç bir halda sülh istəmir. 

Onu da nəzərə alaq ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də dövlətimizin rəsmiləri çıxışlarında Ermənistanı tutduğu yoldan dönməyə, bölgədəki reallıqlara qarşı çıxmamağa çağırdılar, xəbərdarlıqlar etdilər. Son bir neçə ayda xəbərdarlıqların sayı artdı. Ancaq Qarabağa erməni hərbi birləşmələri üçün silah-sursat daşınması hallarının miqyası da genişləndi. 

Bununla yanaşı, atəşkəsin pozulması halları yaşandı. Konkret olaraq, martın 20-də Zəngilan ərazisində azərbaycanlı hərbçinin yaralanması deməyə əsas verdi ki, İrəvan yalnız Qarabağda deyil, bütün sərhəd boyu Azərbaycana hərbi həmlələr etməyi planlaşdırır. Bakının bunu genişmiqyaslı təcavüzə hazırlıq kimi qiymətləndirməsi tam təbiidir. Daha bir məqama diqqət yetirək: qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər ki, bunun da qarşısı alınıb.  

***

Onu da düşünək ki, son zamanlar Ermənistan hakimiyyəti və ayrı-ayrı siyasi dairələri Azərbaycana qarşı hərbi ritorikanı gücləndiriblər və mövcud xüsusda, hətta, təhqiramiz fikirlər də gündəmə gətirməkdədirlər. Belə nəticə hasil olur ki, İrəvan daxili ictimai rəyi sülhə deyil, yeni müharibəyə hazırlamaq yolu tutur, mövcud olan, aradan qalxmayan düşmənçilik münasibətlərini daha da körükləyir, kövrək sülh perspektivini əngəlləyir. Paşinyan administrasiyası belə yanaşması ilə Qarabağ ermənilərinin Azərbaycanın digər bölgələrindəki qeyri millətlərdən olan sakinlər kimi, ölkəmizə inteqrasiyasına sədd çəkir. 

Əlbəttə, mövcud durumda Azərbaycan seyrçi mövqedə qala bilməz. Nə də daimi şəkildə Ermənistanın sülh müqaviləsi bağlamağa hazır olacağını, bizimlə problemlərini həll etmək üçün özündə cəsarət tapacağını gözləməliyik. Eyni zamanda, Qarabağdakı Rusiya sülhməramlılarının da faktiki olaraq, fəaliyyətsizliyinə, silah-sursat, mina və digər hərbi təyinatlı yüklərin daşınmasına qarşı çıxmamalarına, əksinə, buna şərait yaratmalarına dözməli deyilik. Odur ki, Azərbaycan ordusunun Laçın dəhlizindən şimalda yerləşən yolları - Xankəndi-Kosalar- Mirzələr-Turşsu, habelə, Xankəndi-Xəlfəli-Turşsu yolunu nəzarətə götürməsi tam qanunauyğundur.

*** 

Görünür, elə buna görə Azərbaycan Prezidenti İlham Əliyev martın 25-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin həyata keçirildiyini diqqətə çatdırıb. Dövlətimizin başçısının bu fikri həm də Azərbaycan ordusunun əks həmləsinin məntiqiliyinin əsaslandırılmasıdır. 

Ölkəmizin liderinin 2023-cü il martın 20-də Avropa İttifaqı missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində, Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətimizin hərbi qulluqçusunun yaralandığını vurğulaması isə sözügedən missiyanın da İrəvanın təxribatçı niyyətinin qarşısını almadığını diqqətə çatdırmaqdır. Yəni, Ermənistanın əndazəyə sığmayan davranışlarına görə məsuliyyət daşıyan həm də Qərb dairələridir. 

Məlum olduğu kimi, Ş.Mişel martın 25-də Ermənistanın baş naziri Nikol Paşinyanla da telefon danışığı aparıb, onun cəfəngiyyatlarına qulaq asıb. Cənab İlham Əliyevlə telefon danışığında Aİ-nin Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa kömək üçün güclü öhdəliyinin mövcudluğunu təsdiqləyən Ş.Mişel Paşinyanın deyil, dövlətimizin başsının bildirdiklərini düşünməlidir. 

Aİ Şurasının Prezidenti nəzərə almalıdır ki, Ermənistanın beynəlxalq hüquqla təsdiqlənmiş suveren Azərbaycan torpağı olan Qarabağda gərginlik yaratdığı, ümumən, Cənubi Qafqaz regionunda hərbi əməliyyatlar riskini artırdığı, sülhə maneçilik törətdiyi hazırkı durumda Prezident İlham Əliyevin Bakının, İrəvan tərəfindən dalana dirənmiş, Brüssel prosesini dəstəklədiyini dilə gətirməsi sıradan məsələ deyil, bütövlükdə, Qərb vasitəçiliyinə böyük jestdir. Erməni ambisiyalarını və avantürizmini bu jestdən üstün tutmaq isə Şarl Mişelin təmsil etdiyi cinahın seçimidir. 

Bəli, indi həm də seçim anıdır. Ya Ermənistana "dur" deyilməli, ya da ona "dur" deyilməsinə seyrçi mövqedə dayanılmalı, hər hansı riyakarlığa, Azərbaycana münasibətdə qarayaxma kampaniyalarına, xaricdəki ermənipərəst qüvvələrin təbliğatlarına meydan verilməməlidir. Prinsipial yanaşma budur və belə də olmalıdır.

***

Bəli, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla, vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması son dərəcə vacibdir. Azərbaycan ordusu bunu etdi. İrəvan nəticə çıxarmalıdır. Əgər nəticə çıxarmayacaqsa, bu, Cənubi Qafqazda yeni hərbi toqquşmalar yaratmaq niyyəti kimi qiymətləndiriləcək və ölkəmiz tərəfindən zəruri əks addımların atılması qaçılmaz reallığa çevriləcəkdir. Buna cavabdehlik, tamamilə, Ermənistanın siyasi rəhbərliyinin üzərindədir.

"Xalq qəzeti"nin analitik qrupu

Siyasət