Sülh sazișindən imtina Ermənistanı məhvə sürükləyir

post-img

Vətən müharibəsindən iki ildən artıq vaxt keçsə də, müharibədə məğlub olan, hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycandan imdad diləyən Ermənistan hələ də sülh sazişi imzalamaqdan imtina etməkdə, sülh prosesini süni şəkildə yubatmaqdadır. Rəsmi İrəvan sülh sazişi ilə bağlı Azərbaycanın tələblərini yerinə yetirmək, postmüharibə reallığını obyektiv qiymətləndirmək əvəzinə, yenidən xam xəyallara qapılır ki, bu da Ermənistan üçün daha böyük faciələr deməkdir. İrəvanın iki ildən çoxdur ki, sülh sazişindən müxtəlif bəhanələrlə boyun qaçırmaq cəhdlərinin ölkəni hansı aqibətə sürüklədiyini anlamaq üçün bəzi faktlara nəzər salmaq kifayətdir.

Vətən müahribəsində hərbi potensialının 0 faizini itirən, eyni zamanda, məhdud maddi resursunun önəmli hissəsindən məhrum olan Ermənistanın son iki ildə xarici borcu sürətlə artıb. Ermənistanın xarici borcunun artmasına təsir göstərən bir sıra amillər var ki, bunlardan biri rəsmi İrəvanın 44 günlük Vətən müharibəsinə sərf etdiyi iqtisadi-maliyyə resurslarını heç cür bərpa edə bilməməsi, müharibənin doğurduğu maliyyə çatışmazlığını kompensasiya etməyi bacarmamasıdır. Nəticədə, Ermənistan büdcəsində maliyyə çatışmazlığının yaratdığı “qara dəlik” sürətlə böyüməkdə, “büdcə aclığı” genişlənməkdədir.

Ermənistanın xarici borcunun yüksəlməsinə təsir göstərən digər bir amil  Noyabr Zəfəri nəticəsində işğaldakı torpaqların İrəvanın nəzarətindən çıxması, terrorçu dövlətin bu torpaqlardakı zəngin təbii resurslardan məhrum olmasıdır. Məlum olduğu kimi, Ermənistan 30 il ərzində işğaldakı Azərbaycan torpaqlarından təbii sərvətləri vəhşicəsinə istismar edərək, onların xarici ölkələrə satır, nəticədə böyük vəsaitlər qazanırdı. İşğalda saxladığı ərazilərdəki meşə materialları, qızıl yataqları, mineral su mənbələri, dəmir-filiz ehtiyatları, inşaat-tikinti resursları və s. sərvətlər Ermənistanın dövlət büdcəsini formalaşdıran əsas gəlir mənbələri idi. Fəqət müzəər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun gerçəkləşdirdiyi Vətən müharibəsi və əldə edilən şanlı Qələbə Ermənistanı bu gəlirdən məhrum etdi. Bununla da Ermənistanın dövlət büdcəsində birdən-birə dərin boşluq yarandı ki, İrəvan həmin boşluğu indiyədək doldura, ortadan qaldıra bilmir.

Ermənistanın dövlət borcunu artıran üçüncü amil İrəvanın bilavasitə sülh sazişindən yayınması, revanşist siyasəti davam etdirməsi ilə bağlıdır. 2020-ci ilin Vətən müharibəsində hərbi baxımdan darmadağın edilən Ermənistan, müharibədən sonra sülh sazişi imzalamaq əvəzinə, militarist siyasətini davam etdirməyə, yeni hərbi ehtiyatlar formalaşdırmağa başlayıb. Dövlət büdcəsinin, demək olar ki, yarısı ordunun ehtiyaclarına ayrılıb. Xarici dövlətlərdən hərbi texnikaların alınması da Ermənistanın son iki ildə diqqət mərkəzində saxladığı amillərdən biri olub. Lakin Ermənistanın dövlət büdcəsi ona müasir hərbi texnika almağa, ordunu ən zəruri silah-sursatla təmin etməyə imkan vermədiyi üçün rəsmi İrəvan bu istiqamətdə də borca girmə siyasətinə əl atıb. Hindistandan və digər ölkələrdən ağır kredit şərtləri altında müəyyən silahlar alan Ermənistan, büdcə pullarının bir hissəsini bu kreditlərin ödənməsinə sərf etməyə məcbur qalıb. Başqa sözlə desək, militarist siyasət Ermənistanın postmüharibə dönəmində dövlət borcunu artıran əsas amillərdən biri olub.

Ermənistanın xarici borcunun artmasına təsir göstərən mühüm faktorlardan biri də onun regional və qlobal iqtisadi layihələrdən kənarda qalmasıdır. Azərbaycanla sülh sazişi imzalamadığı üçün ölkəmizin moderatorluğu altında gerçəkləşən bütün layihələrdən kənarda qalan Ermənistan, dar və məhdud iqtisadi əlaqələr çərçivəsində boğulmaqdadır. Bu isə özünü bütün digər sahələrlə yanaşı, həm də Ermənistan cəmiyyətindəki ağır sosial böhranın daha da dərinləşməsi, iqtisadi həyatın ağırlaşmasında göstərir.

Sülh sazişindən imtina siyasətinin Ermənistan üçün doğurduğu ağır nəticələrdən biri də bu ölkənin xarici dövlətlərdən asılılığının genişlənməsi, öz məhdud müstəqilliyini də böyük ölçüdə itirməsidir. Maliyyə baxımından ağır böhran yaşayan Ermənistanda köhnələn, sıradan çıxan daxili infrastrukturun yenilənməsi, onun az-çox istifadəyə yararlı hala gətirilməsi üçün gərəkli olan maddi vəsait mövcud deyil. Məhz buna görə İrəvan bu problemin də həlli üçün xarici dövlətlərə müraciət etmək, yenə də ağır şərtlər altında müqavilələrə imza atmağa məcbur olur. Nəticədə, xarici ölkələr, müxtəlif beynəlxalq şirkətlər Ermənistanı sadəcə maddi baxımdan özlərindən asılı vəziyyətə salmırlar, həm də bu ölkəni daxili müstəqilliklərinin bir hissəsindən məhrum edirlər. Təkcə bir faktı qeyd edək ki, Ermənistanın dəmir yolu nəqliyyatı “Rusiya Dəmir Yolları” Dövlət Şirkəti tərəfindən idarə olunur və sözügedən sahədə şəriksiz söz sahibi bu qurumdur.

Ermənistanda hava limanları sahəsində də vəziyyət oxşardır. Qeyd edək ki, terrorçu dövlətdə 7 aeroport fəaliyyət göstərir ki, onlardan da cəmi ikisi beynəlxalq uçuşlar üçün yararlıdır. Ancaq dövlət büdcəsindəki ağır durum  Ermənistanı bu iki hava limanında da zəruri müasirləşmə və infrastruktur yeniliklərini aparmağa imkan vermir. Ermənistan bu məsələdə də xarici dövlətlərin mərhəmətinə möhtac qalır ki, bu da rəsmi İrəvanı əlverişsiz şərtlər altında ziyanlı müqavilələri imzalamaq məcburiyyətində qoyur.

Ermənistanda sənaye və kənd təsərrüfatı sahələrində də xarici asılılığın sürətlə artması müşahdiə edilməkdədir. Bu isə o deməkdir ki, Ermənistanın onsuz da yarımçıq olan müstəqiliyi tamamilə formallaşıb və sadəcə, sözdən ibarətdir.

Ermənistandakı kütləvi aclıq və çarəsizlik, iqtisadi-sosial vəziyyətin sürətlə ağırlaşması, xarici asılılığın bütün sərhədləri aşması, insanların bir qarın çörək üçün xarici dövlətlərə üz tutması və s. kimi reallıqlar rəsmi İrəvanın yürütdüyü siyasətin nə qədər yanlış olduğunu göstərir. Məhz bu siyasətin nəticəsidir ki, Ermənistan formal müstəqilliyindən belə məhrum olmaq, xarici dövlətlər, beynəlxalq terror təşkilatları üçün plasdarm və ucuz gəlir mənbəyinə çevrilməkdədir. Ermənistanın bu təhlükələrdən xilas olmasının sadə və alternativsiz bir yolu var ki, bu da Azərbaycanın sülh sazişinə imza atmaqla normal inkişaf yoluna qədəm qoymaqdır. Azərbaycanla sülh sazişi imzalamaq Ermənistanın regiondakı beynəlxalq iqtisadi layihələrdən faydalanmaq, Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələr qurmaq, aqoniya vəziyyətində olan iqtisadi-sosial durumuna həyat vermək baxımından mühüm əhəmiyyətə malikdir. Sülh sazişi Ermənistanı gerçək müstəqilliyə, normal iqtisadi-sosial rifaha aparan yeganə yoldur və rəsmi Bakı bu yolu iki ildən çoxdur ki, Ermənistan üçün açıq saxlamaqda, onu bu humanizmindən, xilas yolundan bəhrələnməyə dəvət etməkdədir. Əgər İrəvan bundan sonra da öz xalqının rifahını və təhlükəsizliyini Azərbaycana olan nifrətinə, xam xəyallarına və iyrənc ambisiyalarına qurban verəcəksə, bu, Ermənistan üçün faciələrə səbəb olacaq.

Nə qədər, gec deyil, Ermənistan Azərbaycanın təqdim etdiyi nicat yoluna, qurtuluş körpüsünə yön almalı, sülh sazişi imzalamaq, ölkəmizlə səmimi əlaqələr qurmaq, terror və təxribatlardan imtina etməklə xilas olmalıdır. Habelə, anlamalıdır ki, heç vaxt, heç bir dövlət ona düşmən hesab etdiyi Azərbaycan qədər mərhəmətli, humanist münasibət göstərməyəcək. 

Seymur ƏLİYEV

Siyasət