Gülnaz Dadaşova: Hansı ürək xəstələrinə oruc tutmaq olmaz?

post-img

Ürək xəstəlikləri adətən yaşlı təbəqədə müşahidə olunur. Lakin son zamanlar gənc nəslin ürək xəstəliklərindən daha çox əziyyət çəkdikləri, bununla  da həmin xəstəliyin – gəncləşdiyi müşahidə olunur.

Ürək sağlamlığını qorumaq üçün siqaret çəkməkdən imtina etmək, sağlam qidalanmaq, transyağlardan uzaq olmaq, risk faktorlarını nəzarətdə saxlamaq lazımdır. Bunlarla yanaşı daim fiziki hərəkətlər etmək, təmiz hava udmaq da ürək sağlamlığında əhəmiyyətli rol oynayır. Lakin yalnız hərəkət etməklə həmin xəstəliklərin qarşısını almaq olmaz. Bunların hamısına əməl etmək sayəsində ciddi və yaxşı nəticə əldə etmək olar.

Artıq neçə gündür ki, Ramazan ayı başlayıb və inanclı insanlar bu ayda oruc tuturlar. Amma xəstəliklərlə bağlı, səhhətdə yaranan digər problemlərlə bağlı tibb işçiləri hər kəsin oruc tutmasını məqbul hesab etmir. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru Gülnaz Dadaşova bununla bağlı vətəndaşlara, xüsusən də ürək-damar xəstəlikləri olan şəxslərə müraciət edib.

 Müraciətdə həmin xəstələrin oruc tutmaqla əlaqədar olaraq kardioloqla məsləhətləşməsi, oruc tutulmasına icazə verildiyi halda isə dərmanları hansı qaydada qəbul edəcəklərini bilmələrinin vacibliyi qeyd olunub. Həmçinin hansı ürək-damar xəstələrinin oruc tutmasının tövsiyə olunmadığı da əksini tapıb. Həmin xəstələr aşağıdakılardır:

Sinə ağrısı, nəfəs darlığı kimi ürək-damar xəstəlikləri ilə bağlı davam edən şikayətləri olanlar;  İnkişaf etmiş ürək çatışmazlığı olan xəstələr; Xüsusilə, yay dövründə yüksək dozada diaretik qəbul edən xəstələrin oruc tutması qəbul olunmur. Bundan başqa, son 6 ayda infarkt keçirənlər; Ürək xəstəliyi səbəbi ilə sinə ağrısı olanlar; Son 6 ayda balon, stent və ya bypass əməliyyatı keçirənlər; Nəzarət olunmayan və ya həyatı üçün təhlükə yaradan aritmiyaları olan xəstələr; Rezistent hipertoniya, yəni dərman terapiyasına baxmayaraq, yüksək təzyiqi olan xəstələr qan təzyiqi normallaşana qədər oruc tutmamalıdırlar.

Zərifə HÜSEYNOVA,

“Xalq qəzeti”

 

Səhiyyə