Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır

post-img

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində koxlear implantasiya əməliyyatı və ilkin reabilitasiya mərhələləri qarşılanır. 2025-ci il ərzində eşitmə qabiliyyətinin bərpası üçün 136 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı icra olunub.

Bu barədə XQ-yə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu ildən sözügedən xidmətlərlə yanaşı, əməliyyatdan sonrakı dövrlərdə nitq prosessorunun (üst cihaz) sıradan çıxması nəticəsində yenilənməsi və ya əvəz olunması halları da sığorta təminatına daxil edilib. Belə ki, icbari tibbi sığorta çərçivəsində nitq prosessoru ilə bağlı 3 yeni tibbi xidmət təminata alınıb.

Bu yeniliklərə əsasən, implantasiya əməliyyatından 1 il sonra üst cihazın 4 dəfə tənzimlənməsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Sözügedən tənzimləmələr cihazın pasiyentin eşitmə ehtiyaclarına uyğunlaşdırılmasına və reabilitasiya prosesinin daha səmərəli aparılmasına imkan yaradır.

Ən azı 5 il müddətində istifadə edilmiş nitq prosessorlarının daha müasir texnoloji imkanlara malik yeni model cihazla əvəz olunması da icbari tibbi sığorta ilə qarşılanır.

Eləcə də zəmanət müddəti bitmiş və texniki cəhətdən yararsız hala düşmüş nitq prosessorlarının eyni modelin yenisi ilə əvəz olunması da icbari tibbi sığorta təminatına daxildir. Qeyd olunan yeniliklər koxlear implantdan istifadə edən şəxslərin uzunmüddətli tibbi dəstək almasına, həyat keyfiyyətinin yüksəlməsinə və sosial həyata daha aktiv qoşulmasına xidmət edir.

Sözügedən bu 3 yeni xidmət koxlear implantasiya əməliyyatı icbari tibbi sığorta hesabına icra olunmayan sığortaolunanlara də şamil olunur.

Diaqnoz və ilkin müayinələr üçün pasiyentlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarına müraciət edə bilərlər. Əməliyyat icbari tibbi sığorta hesabına tibbi göstəriş və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrində həyata keçirilir. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi (daxili cihaz), daxili cihazın yerləşdirilməsindən 1 ay sonra əməliyyat olunmuş hissənin sağalmasının gözlənilməsi şərtilə üst cihazın yerləşdirilməsi, əməliyyatdan sonrakı 12 ay ərzində 3 dəfə üst cihazda səsin tənzimlənməsi icbari tibbi sığorta ilə qarşılanır. Koxlear implantasiya əməliyyatından sonra pasiyentlər icbari tibbi sığorta çərçivəsində reabilitasiya xidmətlərinə (36 seans loqoped və psixoloq xidməti) cəlb olunur və bu proses eşitmə və nitq bacarıqlarının inkişafına mühüm töhfə verir.

Əməliyyatdan sonra Xidmətlər Zərfi çərçivəsində üst cihazın tənzimlənməsi, yenilənməsi və ya əvəzlənməsi ilə bağlı xidmətlərdən istifadə etmək üçün agentliyə rəsmi qaydada müraciət olunmalıdır. Tibbi göstərişə əsasən, xidmətlər icbari tibbi sığorta çərçivəsində bu sahə üzrə ixtisaslaşmış agentliklə müqaviləsi olan tibb müəssisələrində həyata keçirilir.

Səhiyyə