Yuxarı tənəffüs yolu xəstəlikləri olan uşaqların qulağında iltihabi maye olma ehtimalı yüksəkdir

post-img

Uşaqlarda burun tutulması, ağzı açıq yatmaq, televizorun səsini normadan artıq yüksəltmək və ya televizora yaxından baxmaq kimi simptomlar müşahidə edilirsə onlarda ağrısız qulaq iltihabı ola bilər.

AZƏRTAC “Sabah” portalına istinadla bildirir ki, bunu qulaq, burun, boğaz xəstəlikləri üzrə mütəxəssis Remzi Tınazlı deyib.

Onun sözlərinə görə, yuxarı tənəffüs yolu xəstəlikləri olan uşaqların qulağında iltihabi maye olma ehtimalı yüksəkdir. “Qulaqda maye yığılması xüsusilə uşaqların məktəbəqədər dövründə daha çox rast gəlinən xəstəlikdir. Xəstəliyin erkən mərhələsində yüngül eşitmə itkisi müşahidə edilir. Valideynlər bu mərhələdə diqqətli olmalıdır. Vaxtında müdaxilə yarana biləcək bir çox problemin qarşısını ala bilər",- deyib.

Qulaqda maye toplanması erkən dövrdə aşkarlandıqda müalicə müddətinin daha səmərəli olacağını qeyd edən mütəxəssis: "Xəstəliyə erkən müdaxilə olarsa 2-3 həftəlik dərman müalicəsi ilə aradan qaldırıla bilər. Dərman müalicəsinin nəticə vermədiyi iltihablara cərrahi müdaxilə tələb olunur. Gecikmiş müalicə səbəbindən bəzi hallarda daimi eşitmə problemi yarana bilər. Əksər hallarda uşağın eşitmə qabiliyyətinin zəif olması məktəbdə müəllimlər tərəfindən müşahidə edilir. Əgər uşaqda qeyd edilən simptomlar varsa, valideynlər mütəxəssisə müraciət etməlidir”.

Səhiyyə