Rusiya Ermənistanın artan Avropa inteqrasiyasından narahatdır, çünki bu, Avropa ölkələrinin əvvəllər etdiyi kimi, bu Zaqafqaziya respublikasının hava məkanını Rusiya təyyarələri üçün bağlamaq qərarına təsir edə bilər. Bu barədə iyunun 20-də Rusiya baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF-2025) çərçivəsində Rusiya-Ermənistan biznes dialoqunda çıxışı zamanı bildirib.
Məlumatı “İzvestiya.ru” verib.
“Avropa İttifaqı ölkələri səmalarını Rusiya təyyarələrinin üzünə bağlayıb. Ermənistan da səmasını bağlayacaqmı? Əgər siz Avropa İttifaqına qoşulsanız, bəli, çünki Brüssel sizə səmanızı bağlayacağınızı deyəcək, siz də bağlayacaqsınız və başqa seçiminiz olmayacaq”, - baş nazirin müavini bildirib.
Overçuk vurğulayıb ki, bu cür məhdudiyyətlər əhəmiyyətli sayda uçuşlara təsir göstərəcək. Bundan əlavə, yükdaşıma sistemi pozula bilər. Baş nazir müavininin sözlərinə görə, “bunu gözardı etmək olmaz”.
Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 13-də bildirib ki, ölkə eyni vaxtda Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqının (Aİ) üzvü ola bilməyəcək. O qeyd edib ki, qərarı ölkə vətəndaşları hökumət və parlamentin rəhbərliyi altında qəbul etməlidir. Lakin həmin ana qədər hökumət onu Aİ standartlarına yaxınlaşdırmağa yönəlmiş islahatları davam etdirəcək.
P.ƏMİRCANOV
XQ